Məhkəmə qərarları › İş №2(107)-944/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-944/2024

03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-944/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun silinməsi tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 13 may 2024-cü il tаrixli, 2(063)-397/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 27 noyabr 2023-cü ildə Cavabdeh Ağsu X6 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman abonentin mənzilinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacını açaraq rezin boru ilə qoşaraq qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

2. İş materiallarında olan Cavabdeh Ağsu X6 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 1 ədəd PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 1 ədəd PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğ 28512 kub/metr/saat göstərilmişdir.

3. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayı üçün abonentə-iddiaçıya akt üzrə 3421,44 manat hesablanmışdır.

4. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 27 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində yaşadığı evdə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 3421,44 manat ziyan vurmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 3421,44 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində abonent kodu **********05600 olan ünvana cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 3421,44 manat məbləğində borc hesablanmışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktla razılaşmır, qaz sayğacına heç bir müdaxilə edilməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə akt rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir, lakin akt onun iştirakı olmadan tərtib olunmuşdur. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildir. Qaz sayğacına heç bir müdaxilə edilməmiş, qeyri-qanuni qoşulma olmamış, həmçinin onunla Cavabdeh arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mülkiyyətinin əhatəsi xaricində olduğundan, həmin qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları əsassız olaraq cərimə etmişlər.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsində göstərdiklərindən fərqli olaraq izahat verərək bildirmişdir ki,27 noyabr 2023-cü il tarixdə evdə nəvəsi ilə tək olmuş, qəfildən evə qaz nəqli borcu olduğu üçün kəsilmişdir. O, heç kimi olmadığından, yaşlı qadın olaraq evdə soyuq şəraitdə qalmaması üçün kənar xətdən istifadə etmişdir. Əməlinin qanunsuz olduğunu dərk edir, bundan başqa, barəsində qəbul edilən qərarla razı olsa da, başqa çarəsi olmadığı üçün bu hərəkəti etmişdir. Ona görə də iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsinə etiraz göndərib etirazını onunla əsaslandırmışdır ki, 27 noyabr 2023-cü il tarixində Cavabdeh Ağsu X7 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Qazyan kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə baxış keçirərək, mənzildə təbii qazdan qeyri-qanuni istifadə edildiyini (mənzilə quraşdırılmış faktiki qaz sayğacını açaraq yerinə rezin şlank keçirərək təbii qazdan qeyri-qanuni istifadə edir) aşkar etmiş, bununla bağlı 27 noyabr 2023-cü tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X7 İdarəsinə göndərilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 30 noyabr 2023-cü il tarixdə Ağsu X7 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Ucar xidmət sahəsinin abonent bazasındakı **********05600 nömrəli abonent koduna 28512 m3-3421.44 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 3421,44 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Ucar xidmət sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) 13 may 2024-cü il tаrixli, 2(063)-397/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X2 Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 345 (üç yüz qırx beş) manat 60 (altmış) qəpik məbləğində müəyyən edilməsi, 3075 (üç min yetmiş beş) manat 84 (səksən dörd) qəpik məbləğində pul onun abonent hesabından silinməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2 və 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.2, 5.4 və 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 3421.44 (üç min dörd yüz iyirmi bir manat qırx dörd qəpik) məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 13 may 2024-cü il tаrixli, 2(063)-397/2024 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

20. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. - 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27 noyabr 2023cü il tarixdə iddiaçıya məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə baxış zamanı sayğacdan kənar xətt çəkilərək təbii qazdan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən iddiaçının İsmayıllı XS-nin abonent bazasındakı **********05600 nömrəli abonent koduna 28512 m3 – 3421,44 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı tərtib olunmuş aktı imzalamamışdır. Cavabdeh İB-nin Ağsu X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq itirilmiş qazın bərpası üçün 28512 m3 dəymiş ziyan hesablanmışdır.

43. Göründüyü kimi, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 28512 m3 miqdarında, yəni 3421,44 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir.

44. Belə ki, iddiaçının 2023-cü ilin noyabr ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, Cavabdeh İB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 3421,44 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

45. Birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehin 27 noyabr 2023-cü il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın dəyərinə görə iddiaçıya cəmi 345,60 manat məbləğində pul hesablanmalıdır.

46. Bundan əlavə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

47. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

48. Lakin iddiaçı məhkəmə icraatı zamanı qaz xəttinə qanunsuz qoşulmasını etiraf etdiyindən onun təqsirinin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilməsinə ehtiyac qalmamış, müvafiq akta əsasən hesablanmış sərfiyatın məbləği yuxarıda göstərilən qaydada müəyyən edilmişdir.

49. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq haqı olaraq hesab etmişdir ki, iddiaçının təqsirli hərəkətinə görə cavabdehin iddiaçıdan zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh tərəfindən hesabat müddəti 360 gün göstərilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, məhkəmə cavabdehin bu hesabatını qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin 27 noyabr 2023cü il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın dəyərinə görə iddiaçıya cəmi 345,60 manat məbləğində pul hesablanmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

52. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

54. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 may 2024-cü il tаrixli, 2(063)- 397/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 13 may 2024-cü il tаrixli, 2(063)-397/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar