Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-944/2025 01.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli, 2-375/2007 nömrəli qətnaməsindən işdə iştirak etməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli, 2-375/2007 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi” barədə iddia tələbi təmin edilmişdir. Lakin, 29 iyul 2025-ci ildə həmin iş üzrə işdə iştirak etməyən (proses iştirakçısı və yaxud, tərəf olmayan) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007ci il tarixli 2-375/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 21 avqust 2025-ci il tarixli məktubla işlə birlikdə baxılması üçün göndərilmiş həmin apellyasiya şikayəti 27 avqust 2025-ci ildə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1) və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməlidir (maddə 2.2). Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, işdə iştirak etməyən (proses iştirakçısı və yaxud, tərəf olmayan) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2- 375/2007 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsi (iş vərəqi: 13-14) ilə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı İddiaçı ilə Cavabdeh arasında olan əqd etibarlı hesab edilsin. ünvan 1 ünvanda 450 kv.m həyətyanı torpaq sahəsinə və həmin ünvanda 2006-cı ildə inşası bərpa edilmiş ümumi sahəsi 47.51 kv.m, yaşayış sahəsi 34.33 kv.m olan iki yaşayış otağından ibarət fərdi yaşayış evinə və ona bitişik tikinti altı sahəsi 44.29 kv.m olan yarımçıq tikiliyə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamənin surəti müvafiq qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-na apellyasiya şikayəti vermək olar.” İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 2-375 nömrəli məktubu ilə İddiaçı Cavabdeh qarşı “Əqdin etibarlı hesab edilməsinə dair” Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli qətnaməsinin surəti müvafiq qeydiyyat aparılması üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə göndərilmiş və həmin məktubda Qətnamənin 05 iyul 2007-ci il tarixdə qanuni qüvvəsini aldığı qeyd olunmuşdur (iş vərəqi: 16). İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 5-166/1-V-1020/2025 nömrəli məktubu ilə təkrarən həmin qətnamənin surəti icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilmiş və həmin məktubda da Qətnamənin 05 iyul 2007-ci il tarixdə qanuni qüvvəsini aldığı qeyd olunmuşdur (iş vərəqi: 20). İş materiallarından görünür ki, məlum qətnamənin icra üçün göndərildiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi 29 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada deyil, kağız daşıyıcıda tərtib edilmiş apellyasiya şikayəti təqdim edərək, Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (iş vərəqi: 22-28). İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin hakimi X2 iş üzrə tərəflərin iştirakı olmadan “Yevlax Rayon Məhkəməsinin 2-375/2007 nömrəli 4 iyun 2007-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması uçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi” haqqında 31 iyul 2025-ci il tarixli qərardad qəbul etmişdir (iş vərəqi: 30-31). İş materiallarından görünür ki, həmin qərardad qəbul edildikdən sonra iş üzrə İddiaçı 04 avqust 2025-ci ildə “apellyasiya şikayətinin geri qaytarılması” barədə vəsatətlə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verildiyi üçün geri qaytarılmasını xahiş etmiş və həmin vəsatət - məlum qətnamənin Yevlax Rayon Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 2-375 nömrəli məktubu ilə icra olunmasından ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə göndərilməsi və hazırkı apellyasiya şikayətinin 18 il sonra verilməsi ilə əsaslandırılmışdır. Lakin, Yevlax Rayon Məhkəməsi tərəfindən həmin vəsatət baxılmadan və vəsatətə hər hansı bir münasibət bildirilmədən mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Yevlax Rayon Məhkəməsinin “apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması uçün apellyasiya məhkəməsinə göndərilməsi” barədə qəbul edilmiş 31 iyul 2025-ci il tarixli qərardadda “Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilməsi” nəzərdə tutulmuşdur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsi İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “əqdin etibarlı hesab edilməsi” barədə iddia tələbi üzrə qəbul edilmişdir. Lakin, hal-hazırda həmin qətnamədən apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi və yaxud, işə baxılarkən həmin İdarənin sələfi olmuş müvafiq dövlət orqanı həmin mülki işdə proses iştirakçısı, yəni tərəf (cavabdeh, üçüncü şəxs və s.) olmamışdır və hər hansı bir proses iştirakçısı qismində işə cəlb edilməmişdir. Yəni, hazırkı apellyasiya şikayətini vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin sələfi olmuş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsi” həmin Qətnamədə yalnız qətnaməni icra etməli olan dövlət orqanı kimi qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, bunun nəticəsinə dair qərardad qəbul edir və bu qərardaddan şikayət verilə bilər (maddə 364.2). Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə əsasən Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2- 375/2007 nömrəli qətnaməsindən işdə iştirak etməyən (proses iştirakçısı və yaxud, tərəf olmayan) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü haqqında məsələyə birinci instansiya məhkəməsində çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılmalı və mübahisələndirilən qətnamənin apellyatorun hüquq və vəzifələrinə toxunması ilə əlaqədar əsaslandırılmış qərardad qəbul olunmalı idi. Həmçinin, işdə iştirak etməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olduğu müəyyən edildiyi halda, iş materiallarında qətnamənin daha əvvəl təqdim edilməsi barədə 05 iyul 2007-ci il tarixli, 2-375 nömrəli məktubun olması nəzərə alınaraq, məhkəmə tərəfindən hazırkı apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsi də yoxlanılmalıdır. Bundan əlavə, apellyasiya şikayəti təqdim edildikdən sonra hazırkı mülki işin məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmasına və apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin də proses iştirakçısı kimi elektron kabinetdə qeydə alınmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin elektron kabinet vasitəsilə təqdim edilməsi üçün müvafiq tədbirlər görülməmiş və eyni zamanda, Yevlax Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş 31 iyul 2025-ci il tarixli qərardadı da elektron kabinetə daxil edilməklə, elektron imza ilə imza olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “K.Maraevin şikayəti üzrə” qəbul edilmiş 29 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli 2-375/2007 nömrəli qətnaməsindən işdə iştirak etməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də işdə iştirak etməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayararaq, bunun nəticəsinə dair qərardad qəbul edir və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan hallarda apellyatorun bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinə uyğun yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarlı hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli, 2-375/2007 nömrəli qətnaməsindən işdə iştirak etməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-944/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-944/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver