Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-952/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı (açar sözlər: özbaşına tikilinin sökülməsi və gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiaları üzrə Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Ağdaş Bələdiyyəsinin sədri S.S.Paşayev tərəfindən verilmiş 2006-cı il tarixli aktdan məlum olur ki, Ağdaş rayonu Pirəzə kənd sakinəsi Cavabdeh ərizəsi əsasında yaradılmış komissiya vasitəsilə torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmudur ki, torpaq sahəsi Ağdaş şəhər XDS İK-nın 3 sentyabr 1990-cı il tarixli 12 saylı qərarı ilə şəhərin 42-ci məhəlləsindən X3 ayrılmış həyətyanı torpaq ərazisidir. M.İslamovun həmin torpaqda heç bir tikinti işi apara bilmədiyi, həmçinin razılığı haqda ərizəsi nəzərə alınaraq həmin 20.0 m x 25.0 m ölçüdə (135 saylı yer) torpaq sahəsinin ev tikintisi üçün Cavabdeh adına qeydiyyata alınması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Tapşırılsın vətəndaş Cavabdeh torpağın sxematik planına, akt, rəy tələblərinə və aidiyyatı rayon təşkilatlarının, o cümlədən Ağdaş RİH başçısının Tikinti və Memarlıq şöbəsinin qanuni tələblərinə əməl etməklə tikinti işinə başlansın.
2. İş materiallarında olan Ağdaş rayonu Ağdaş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 202 saylı məktubdan məlum olur ki, Ağdaş bələdiyyəsinin Ağdaş şəhəri üzrə vətəndaşlarının əmlak və torpaq vergilərinin 33 nömərli şəxsi hesab kitabının 5166-cı səhifəsində ünvan 1 ünvanda xx.xx.2006-cı il tarixdən Cavabdeh adına 0.05 ha (500 kv.m) həyətyanı torpaq sahəsi, 2015-ci ildən isə bələdiyyənin təşkil etdiyi komissiya tərəfindən həmin həyətə baxış keçirilib həyətdə Cavabdeh həyətində 115 (bir yüz on beş) kv.m yaşadığı fərdi yaşayış evi bələdiyyədə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən bələdiyyədə 2006-cı ildən qeydiyyatda alınmış 500 kv. m həyətyanı torpaq sahəsi, 2015-ci il tarixdən həmin torpaq sahəsində tikilmiş 115 (bir yüz on beş) kv.m əmlak pulunu Ağdaş bələdiyyəsinin hesabına vergi pullarını Cavabdeh tərəfindən ödənilmişdir.
3. Sözü gedən torpaq sahəsi 2016-cı ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
4. Cavabdeh mülkiyyətində olan həmin 0,05 ha həyətyanı torpaq sahəsini 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış, torpaq sahəsinə sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(014)-2201/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, Ağdaş rayon Notariat Kontoruna və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməklə ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, AR ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 29 iyun 2017ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı Cavabdeh 13.500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir.
6. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.
7. İş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan məlum olur ki, ünvan 5-də yerləşən 0.05 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir.
8. İcra sənədi üzrə icra tədbirləri və hərəkətləri həyata keçirilərək ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi qiymətləndirmə Xidməti tərəfindən qiymətləndirilmiş və həmin daşınmaz əmlakın ilkin satış qiyməti 18.000 manat müəyyən edilmişdir.
9. 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında yekun Protokola əsasən qeyd olunan torpaq sahəsi 11500 manata iddiaçıya satılmışdır.
10. İddiaçı həmin torpaq sahəsinə Dövlət torpaq kadastrı kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli seriya A 388278 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir.
11. Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-yə Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və üçüncü şəxs qismində işə cəlb edilmiş X5 qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
12. Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsi apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və qanuni qüvvəsini almışdır.
II. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini hazırkı qətnamənin 5-12-ci bəndlərində olan işin halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsi üzərində özbaşına tikili mövcuddur və hesab edir ki, cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikili müvafiq qaydada məhkəmə qətnaməsi əsasında sökülməlidir.
15. Cavabdeh iddiaçıya qarşı “gediş-gəliş üçün zəruri yolun ayırılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh qarşılıqlı iddia tələbini hazırkı qətnamənin 1-12–ci bəndlərində olan işin halları ilə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, maddi vəziyyəti ağır olduğundan ailədaxili bəzi problemləri həll etmək üçün özünün, digər ailə üzvlərinin və qohumların adına müxtəlif banklardan götürdüyü kreditləri vaxtlı-vaxtında qaytara bilmir. İddiaçı ilə bir-birilərini yaxından tanıdıqlarından, ailəliklə bir-birilərini evinə gedib gəldiklərindən onun səmimiyyətinə inanaraq iddiaçıdan 2015-ci il ərzində müxtəlif vaxtlarda cəmi 13500 manat borc pul götürmüşdür. İddiaçı hər dəfə ona pul verəndə deyirdi ki, “hələlik ona pul lazım deyil, problemlərini həll et, borcunu sonra qaytararsan, ancaq mənim sənə pul verməyimi arvadım bilməsin. O bilsə sənə pul verməyə imkan verməyəcək”. 2016-cı ildə yenə ona pul lazım olduğundan iddiaçıya müraciət edəndə iddiaçı deyib ki, borc verməyini arvadı bilib. Bir müddət onlara kömək edə bilməyəcəkdir. O, iddiaçının ona borc verməkdə başqa məqsədinin olduğunu anlamış və borcunun ödənilməsinə zəmanət kimi özünə məxsus olan 0.05 hektar torpaq sahəsini girov qoymaq istədiyini bildirmişdir. O, Ağdaş rayon Notariat Kontoruna getmiş, iddiaçıya olan borcunu pərdələmək məqsədi ilə iddiaçı ilə formal olaraq aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı ilə şərtləri belə olmuşdur ki, ona borcunu qaytarandan sonra alqısatqı yolu ilə torpağı geri qaytaracaq. Lakin alqı-satqı müqaviləsindən dərhal sonra iddiaçı ona qəti şəkildə bildirib ki, torpaq sahəsindən çıxmalıdır. O, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçının ona 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi cavabdehlə onun arasında özünün mülkiyyətində olan mülkiyyətində olan ünvan 3-də yerləşən 0.05 hektar torpaq sahəsinin cavabdehin xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönədilmiş və icra edilərək sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Qətnamənin icrası mərhələsində "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli əmlakın qiymətini müəyyən etmək üçün hesabat tərtib olunmuş, həmin hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 18000 manat müəyyən edilmiş və həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin aşkar olunduğu, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi qeyd edilmişdir və həmin fərdi yaşayış evinin bir neçə tərəfdən fotoşəkli çəkilərək hesabata əlavə olunmuşdur. Bildirir ki, həmin 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi və həyətin dörd bir tərəfinin hasara alınması, həyətə giriş-çıxış üçün darvaza tərəfindən həyata keçirilmişdir və torpaq sahəsi mülkiyyətində olmuşdur. Göründüyü kimi həmin yaşayış evi ona məxsus olduğuna görə həmin evə onun mülkiyyət hüququ gözlənilən mülkiyyət hüquqdur və bütün bunları qarşılıqlı iddia üzrə cavabdeh əvvəlcədən yaxşı bilirdi. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına qeydə alınan zaman həmin tikili artıq mövcud olduğundan yaşayış evinin altındakı torpaq sahəsi də ona məxsusdur. İddiaçı yalnız 0.05 hektar həyətyanı torpaq sahəsini almışdır, yaşayış evi yuxarıda göstərdiyi kimi özünün xüsusi mülkiyyətində olmuş torpaq sahəsində tikildiyindən qanunsuz tikili hesab olunmur. Onun və biri yaşlı və xəstə olmaqla ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamağa evləri yoxdur. İddiaçı onun və ailə üzvlərinin düşdüyü çıxılmaz vəziyyətindən sui istifadə edərək ona qarşı ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evi həyət darvazasından təqribən 2 metr məsafədə tikilmişdir. Həmin yaşayış evi əvvəllər xüsusi mülkiyyətində olan 0.05 hektar həyətyanı torpaq sahəsində inşa edildiyindən və təsərrüfatın yalnız həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətinə keçdiyindən yaşayış evi və altındakı torpaq sahəsi ona məxsusdur və o ailə üzvləri ilə birlikdə həmin yaşayış evində yaşamaqla ondan istifadə etmək hüquqları var. Həmin yaşayış evi həyət darvazasından 3-4 metr məsafədə tikildiyindən onun və digər ailə üzvlərinin həmin yaşayış evinə sərbəst gedib gəlməkləri üçün qanunla müəyyən olunmuş ölçüdə, yəni uzunluğu 2 metr, eni isə 4.5 metr olan yol yeri ayrılıb verilməlidir. İlk iddia əsassız olduğundan rədd edilməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir.
17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilki iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olmuş həmin torpaq sahəsində o 2004-cü ildən birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. İş üzrə İddiaçı həmin torpaq sahəsini hərrac yolu ilə əldə edəndə həmin torpaq sahəsinin başqasına məxsus yəni, ona məxsus əmlakla fərdi yaşayış evi ilə yüklü olduğunu bilirdi. Bu iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə ekspert rəyində də qeyd edilmişdir. Lakin bunlara baxmayaraq İddiaçı üzərində ona məxsus yaşayış evi olan həmin torpaq sahəsini öz adına qeydə aldırmışdır. Göründüyü kimi qeyd edilən qanunvericiliyə görə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehə məxsus olub həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə servitut hüququ saxlanılmalıdır. Göründüyü kimi cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin iddiaçı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas göstərməklə qarşılıqlı iddianı qəbul etmir.
20. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi özbaşına tikili sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası Mərkəzi, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikilidir. Ona görə də ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia tələbi, ilkiddia tələbi təmin edildiyindən rədd edilməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.4, 157.4, 170.2, 172.2, 180.1, 180.4, 238, 239.2, 240, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayətini dəlilləri qarşılıqlı iddianın dəlilləri ilə eynilik tətəşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iş birinci instansiya məhkəməsinin hakimi tərəfindən qanunsuz olaraq icraata qəbul edilməklə yanaşı işə baxarkən işin yuxarıda qeyd etdiyi hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnaməsində istinad etdiyi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz, əsassız və eləcədə ədalətsiz qətnamə qəbul etməklə aşağıda göstərdiyim maddi və hüquq normalarının tələblərini pozmuşdur. O, "xxxx" MMC və qeyrilərinə qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə aidiyyati üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişəm. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman hazırkı iş üzrə iddiaçı ona qarşı “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də o, ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1595/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iş üzrə icraat dayandırılmışdır. Onun iddia tələblərinə bütün məhkəmə instansiyalarında baxılaraq təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçı X1 Rayon Məhkəməsinin icraatında tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında mülki iş olduğu halda, 2021-ci ilin may ayında özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırkı iş üzrə həmin iddia ərizəsi işə baxmış hakim tərəfindən icraata qəbul edilərək baxılmışdır. Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Eyni zamanda ilk iddianı təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnaməsində qarşılıqlı iddia üzrə cavabdehlə aralarında qeyd edilmiş fərdi yaşayış evinin torpaq sahəsi mülkiyyətimdə olduğu zaman tikildiyini, bunu qarşılıqlı iddia üzrə cavabdehin bildiyini və dolayısı ilə etiraf etdiyini, onunla qonşu olmağımızı, mənə məxsus yaşayış evinə başqa yerdən gediş-gəliş üçün yolun olmamasını, ona görə də həmin torpaq sahəsindən yolun verilməsinin zəuri olmasını və bunun mümkün olduğunu nəzərə almamış, tikilinin özbaşına tikili hesab edilməsini ətraflı əsaslandırmamış, bununla da səhv nəticəyə gəlmiş, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyimiz qətnaməsini qəbul etmişdir. İşə əlavə olunmuş sənədləri tədqiq etsə də, mənə məxsus yaşayış evinin özbaşına tikili hesab edilməsinin hansı əsaslarla sübut edilməsini əsaslandırmamışdır. Yalnız mənə məxsus yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olduğundan özbaşına tikili olması kimi qiymətləndirmişdir. Habelə Ağdaş Rayon Məhkəməsi ona məxsus fərdi yaşayış evini özbaşına tikili hesab edərək özbaşına tikili kimi sökülməsi qənaətinə gəlməsi, yaşayış evinin yerləşdiyi torpaq sahəsi mənim xüsusi mülkiyyətimdə olan vaxt tikilməsi, ona görə də özbaşına tikili olmaması, yaşayış evinin mənə məxsus olması, qarşılıqlı iddia üzrə cavabdehin bunu bilməsi və öz davranışları ilə dolayısı ilə bunu etiraf etməsi, yaşayış evinə gediş-gəliş üçün başqa ərazidən yolun olmamasının, həmin evə gediş-gəliş üçün yolun ayrılmasının zəruri olmasının və bunun mümkün olmasının kifayət qədər sübutlarla təsdiq olunması kimi işin faktiki hallarına uyğun gəlmir. Yuxarıda göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsini ləğv edərək ilk və qarşılıqlı iddiaların baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-3/2022-ci il tarixli qəraradadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X9 və X2 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddiasına xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Ona görə də vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bu barədə yazmış olduğu ərizəni məhkəmə kollegiyasına təqdim etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
27. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
28. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: (...) 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;... Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
32. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-3/2022 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdehlər Cavabdeh, X9 və X2 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi üzrə işin icratına xitam verilmişdir.
37. İlk iddianı təmin edən, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikilidir. Ona görə də ilk iddia əsaslı olduğundan təmin edilməlidir.
38. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.
39. İş materialları ilə müəyyən edilir ki, 1/14 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış, sonradan məəəhkəmə qaydasında etibarsız sayılmış 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolunnda mübahisəli torpaq sahəsində yerləşən evin və ya digər tikilinin alqı-satqı predmeti olması işin materiallarından görünmür.
40. Həmçinin, iddiaçı məhkəmə iclaslarında vermiş olduğu izahatında yaşayış evinin (tikilinin) cavabdeh tərəfindən inşa edilməsi və sonuncunu ailəsi ilə birlikdə həmin evdə yaşamasını təsdiq etmiş, bu barədə Ağdaş rayonu Ağdaş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 202 saylı məktub (arayış) vermişdir.
41. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış evinin (tikilinin) iddiaçı tərəfindən torpaq sahəsinin əldə etdiyindən əvvəl həmin torpaq sahəsində mövcud olması və cavabdehin həmin evdə yaşaması etiraf edilmişdir.
42. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən,məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.
43. Cavabdeh mübahisə predmeti olan tikilini (yaşayış evini) əvvəllər özünün mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində inşa etmişdir. Cavabdeh əvvəllər həmin həyətyanı torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməmişdir.
44. Evin lazımi icazələr almadan tikilməsi onun cavabdehin sahibliyində olmasını istisna etmir və buna maneçilik törədən hallar yoxdur. Bu həm də tikilinin özbaşına tikili olması anlamına gəlmir.
45. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı sökülməsini tələb etdiyi tikiliyə cavabdehin sahiblik hüququnun olmadığını sübuta yetirə bilməmişdir.
46. Bu baxımdan iddiaçının qeyd etdiyi kimi cavabdehə məxsus tikilinin (yaşayış evinin) sökülməsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehin inşa edərək uzun müddət yaşadığı evə münasibətdə cavabdehin əmlak və əşya hüquqları mövcuddur.
47. Digər tərəfdən iddiaçı həmin torpaq sahəsini əldə edərkən onun üzərində tikili olduğunu bilmiş, bir növ torpaq sahəsini yüklü qəbul etmişdir.
48. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
49. Əhmədova Azərbaycana qarşı işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirdi ki, məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. ... Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan çıxarılma qərarı icra edilərsə, Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.
50. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 10/6070 saylı ekspert rəyindən məlum olur ki, torpaq sahəsinin konfiqurasiyası, tiklinin torpaq sahəsində yerləşmə vəziyyətini və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə yolun texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus həyətyanı torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun texniki cəhətdən ayrılmasının mümkün olacağı təqdirdə torpaq sahəsindən istifadədə hansı maneələrin yaradıb-yaratmaması subyektiv faktorlardan asılı olmaqla hüquqi xarakteri olduğu üçün bu sual üzrə tədqiqat aparılmadı.
51. Göründüyü kimi, ekspert rəyi ilə cavabdehin sahibliyində olan yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılması mümkün olması müəyyən edilmişdir.
52. İş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
53. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
56. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
57. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” ilk iddia tələbi rədd edilsin. Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilsin. ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus 0.05 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə (28 fevral 2022-ci il tarixli, 10/6070 saylı ekspert rəyinə uyğun) yol açılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov