Məhkəmə qərarları › İş №2(107)-960/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-960/2025

02.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-960/2025 02.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 22 avqust 2022-ci ildə Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilinə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki, “ünvan 3 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 ( bir min) manat kompensasiya verilməklə xitam verilsin.” Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh və yaxud, onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsində baxılaraq, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən 21 noyabr 2022-ci il tarixli qətnamənin qəbul olunduğu 2(051)- 1893/2022 nömrəli mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı 22 avqust 2022-ci ildə Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məhkəməyə cəmi 90 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən 3 ədəd bank mədaxil qəbzlərini - yəni, Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Ərazi İdarəsinin Mingəçevir Şöbəsinin hesabına 50 manat dövlət rüsumunun ödənilməsi barədə 12 fevral 2021-ci il tarixli ********* nömrəli bank mədaxil qəbzini, Mingəçevir Şəhər Məhkəməsinin hesabına 10 (on) manat dövlət rüsumunun ödənilməsi barədə 16 iyul 2021-ci il tarixli, ********* nömrəli bank mədaxil qəbzini və Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Ərazi İdarəsinin Mingəçevir Şöbəsinin hesabına 30 manat dövlət rüsumunun ödənilməsi barədə 12 fevral 2021-ci il tarixli ********* nömrəli bank mədaxil qəbzini təqdim etmişdir (iş vərəqi: 5-7). Göründüyü kimi, həmin iddia ərizəsi verilərkən cəmi 90 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə 3 ədəd bank sənədi təqdim edilsə də, onlardan ikisi, yəni 50 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumlarının sənədləri - hazırkı iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilən məhkəmə rüsumlarını deyil, 12 fevral 2021-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Ərazi İdarəsinin Mingəçevir Şöbəsinin hesabına dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlərdir. Həmin sənədlərdən yalnız biri 10 (on) manat məbləğində dövlət rüsumunun 16 iyul 2021-ci ildə, yəni hazırkı iddia ərizəsinin verilməsindən bir il bir aydan əvvəl Mingəçevir Şəhər Məhkəməsinin hesabına ödənilməsini təsdiq edən sənəddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddələrinin tələblərinə görə, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, İddiaçı 22 avqust 2022-ci ildə Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər qismində birinci instansiya məhkəməsinə təqdim etdiyi bank ödəniş sənədləri – həmin iddia ərizəsinin verilməsi üçün müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də, aşağıda istinad olunan qanunvericilik normalarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda, məhkəmə işə mahiyyəti üzrə baxmışsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) - qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 372, 382, 384-390, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar