Məhkəmə qərarları › İş №2(107)-988/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-988/2023

17.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-988/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və Primova Adilyanın nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tаrixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN 114F (kod ********) saylı şəhadətnamə ilə müəyyən olunur ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi X9 verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış və 405-5018/67 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu ilə müəyyən olunur ki, Oğuz rayonu Qumlaq kəndində 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m ümumi, 71,6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmışdır. Oğuz rayon Dövlət notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş 02 oktyabr 2013-cü il tarixli (müqavilədə tarix texniki səhv olaraq 2012 yazılıb) “Yaşayış evinin bağışlanması” müqaviləsi ilə müəyyən olunur ki, Oğuz rayon Qumlaq kəndində yaşayan X10 xx.xx.2013-cü il tarixli, 7E-3/1945 nömrəli etibarnamə ilə hərəkət edən X11 vasitəsilə xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Oğuz rayonu, Qumlaq kəndində mülkiyyətində olan 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m yaşayış sahəsi olan yaşayış evini X4 bağışlamışdır. Bəxşiş olunan əmlak X7 tərəfindən qəbul edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış və 405-5018/67 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu ilə müəyyən olunur ki, Oğuz rayonu Qumlaq kəndində 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m ümumi, 71.6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və Primova Adilya cavabdeh Oğuz rayon Notariat Ofisinə qarşı, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atalarından miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X2 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10391 reyestr nömrəli çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşlar. X1 1994-cü ildə vəfat etdikdan sonra mərhum atalarından miras qalmış evdə qardaşları, hazırki iş üzrə üçüncü şəxs X7 yaşayır. Bu yaxınlarda mərhum atalarından miras qalmış evə getmək istəyərkən qardaşları onları evə buraxmamışdır. Mərhum atalarından miras qalmış evin sanədləri ilə maraqlanan zaman üçüncü şəxs yenə maneə törətmiş və evi öz adına sənədləşdirdiyini va satacağını bildirmişdir. Ailə üzvlərindən heç kim atadan miras qalmış evin satılmasını istəmir. Evdən istifadə etməyə üçüncü şəxs tərəfindən maneə törədilməsinin qarşısını almaq üçün onun adına olan qeydiyyat ləğv olunmalıdır. Üçüncü şəxsin mərhum atadan miras qalmış evə münasibətdə onların mülkiyyət hüquqlarını həyata keçirməyə maneə törətməsinin əsasları məlum deyil. Oğuz rayon Qumlaq kəndində yerləşən həmin evin həyətyanı torpaq sahəsinə də üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasının hansı əsaslarla həyata keçirilməsi də məlum deyil, çünki üçüncü şəxs Azərbaycan Respublikasının vətəndaşı deyil. Üçüncü şəxsin adına tərtib olunmuş çıxarışın ləğv edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarədən verilmiş 25 iyul 2022-ci il tarixli, **********53 saylı və 27 iyul 2022-ci il tarixli, **********67 saylı məktublarda məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi versələr də, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1891/2022 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ailə üzvlərinin xəbəri olmadan mərhum atasından miras qalmış ev 2013-cü ildə anası, iş üzrə üçüncü şəxs Tamara Xəlilova tərəfindən üçüncü şəxs X4 bağışlanmışdır. Lakin evin və torpaq sahəsinin anasının adına hansı hüquq müəyyənedici sənədlər əsasında keçdiyi məlum deyil. Bütün bu məsələlərin aydınlaşdırılması və qiymət verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(054)-76/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Zeynalova) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, bağışlanma predmeti olan fərdi yaşayış evinə 1994-cü ildə vəfat etmiş mərhum Vəlyəddin Xəlilovun mülkiyyət hüququ olmamış, yəni onun adına hüquq müəyyənedici sənədlər qeydə alınmamış, 0,42 ha torpaq sahəsi torpaq islahatı zamanı Tamara Xəlilovanın mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Tamara Xəlilovanın adına tərtib edilmiş texniki pasport da nəzərə alınmaqla həmin əmlak qanuni əsaslarla üçüncü şəxs Tamara Xəlilovanın mülkiyyəti olaraq qeydə alınmış, onun şəxsi iradəsi ilə Osman Xəlilova bağışlanmışdır. Mülki qanunvericiliklə müəyyən edildiyi kimi bağışlanma müqaviləsinin tərəfləri həmin müqaviləni mübahisələndirə bilərlər. Hazırki iş üzrə iddiaçılar sözügedən müqavilənin tərəfləri olmasalar da mülki iş üzrə tərəflərin yaxın qohumluq münasibətində olması və iddia tələbinin qaldırılmasının əsas mahiyyəti (iddiaçılar vərəsəlik hüquqlarının pozulduğunu güman etmişlər) nəzərə alınmaqla onların müqaviləni mübahisələndirməklə bağlı maraqlı şəxs olduqları qəbul edilərək iddia üzrə subyektiv hüquqları olduğundan məhkəmə araşdırmanın həmin istiqamətdə aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Bağışlanma müqaviləsinin ləğv edilməsinə münasibətdə isə məhkəmə bildirir ki, iş üzrə mümkün olan bütün sübutların araşdırılması nəticəsində müəyyən edilənlərə əsasən bağışlanma müqaviləsi mülki qanunvericiliyin tələblərinə tam olaraq əməl etməklə bağlandığından və bağışlayan şəxsin şəxsi iradəsini ifadə etdiyindən müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 324.1, 324.2, 324.4, 329.1, 331.1, 337.1, 347.1, 347.2, 354.2, 389.1, 389.2, 390.1, 390.3, 394, 406.1, 406.3, 666.1, 668, 673.1.2, 673.3, 673.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Bizim məhkəməyə təqdim etmək üçün kifayət qədər dəlil və sübutumuz olsa da onları qətnamə qəbul olunanadək təqdim etmək imkanımız olmadığı üçün təqdim edə bilməmişik. Həm də bizim hazırda apellyasiya şikayətinə əlavə etdiyimiz dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Üçüncü şəxslər tərəfindən təqdim edilmiş dəlillər isə tamamilə əsassızdır. Belə ki, üçüncü şəxslər işin mahiyyətini və əsl həqiqəti məhkəmədən gizlətmiş, məhkəmə isə iddiaçılar tərəfindən heç bir əmlak tələb olunmadığını nəzərə almamış, üçüncü şəxs Osman Xəlilovun onları, bir müddət əvvəl isə analarını evə buraxmadığını nəzərə almamışdır. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın təmin olunmamasını əsaslandırmır. Qətnamə yalnız üçüncü şəxslərin formal mülahizələri ilə əsaslandırılır. Məhkəmə eyni nömrəli, eyni tarixli, eyni ev barədə tərtib olunmuş, iddiaçıların mərhum ataları vəfat etdikdən sonra adının üstündən xətt çəkilərək analarının adı yazılmış texniki pasportların ayrı-ayrı sənədlər olduğu barədə səhv qənaətə gəlmişdir. Məhkəmə yalnız üçüncü şəxslərin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, bizim etiraz və sübutlarımızı təqdim etməyimiz üçün şərait yaratmamışdır. Təqdim etdiyimiz sübutları isə məhkəmə nəzərə alınmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh və üçüncü şəxslər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Primova Adilyanın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin tamamilə əsassız olduğunu, birinci instansiya məhkəməsinin işi tam, obyektiv və hərtərəfli araşdırdığını bildirmişdir. İş üzrə cavabdeh və digər üçüncü şəxs X10 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə ilkin olaraq iddiaçıların irəli sürdüyü tələblə bağlı qeyd edir ki, apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçılar iddia ərizəsində “bağışlama müqaviləsinin ləğvi” tələbini xahiş etsələr də, əslində onların niyyəti əqdin etibarlılığını mübahisələndirmək olmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, hazırki mülki iş üzrə iddiaçılar və üçüncü şəxs Osman Xəlilov bacı- qardaşdırlar, digər üçüncü şəxs Tamara Xəlilova isə onların analarıdır. İddiaçıların və Osman Xəlilovun ataları Vəlyəddin Xəlilov xx.xx.1994-cü ildə vəfat etmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi Tamara Xəlilovaya verilmişdir. Həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 10 sentyabr 2013-cü il tarixdə Tamara Xəlilovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 02 oktyabr 2013-cü il tarixli “bağışlanma müqaviləsinə” əsasən Tamara Xəlilova tərəfindən Osman Xəlilova bağışlanmışdır. İddiaçılar qeyd olunan bağışlama müqaviləsinin qanuniliyini mübahisələndirirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Tamara Xəlilovaya məxsus olmuşdur. Tamara Xəlilova 02 oktyabr 2013-cü il tarixdə ona məxsus olan Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini oğlu Osman Xəlilova bağışlamışdır. Bağışlama müqaviləsi Oğuz rayon Dövlət notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, tərəflər müqaviləni notariusun iştirakı ilə imzalamışlar, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın Tamara Xəlilovaya məxsus olması yoxlanılmışdır. Beləliklə, iddiaçı tərəf tələblərinin hüquqi əsaslarını sübut edə bilməmişlər. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçılar mübahiləndirilən bağışlama müqaviləsinin tərəfləri deyillər, müqavilə tərəfləri üçüncü şəxslər Tamara Xəlilova və Osman Xəlilovdur. Digər tərəfdən iddiaçılar mübahisələndirdikləri bağışlama müqaviləsi barədə mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olmasını sübut edə bilməmişlər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar