Məhkəmə qərarları › İş №2(107)-997/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-997/2020

04.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-997/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə qarşı ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi döyüşlərdə iştirakı hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Qismən səfərbərlik haqqında» Fərmanına uyğun olaraq xx.xx.N-cü ildə Qəbələ rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək sağlamlığını itirmişdir. Belə ki, hərbi çağırışdan sonra xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək olan dövrdə N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.N-cü il tarixdən hərbi xidmətini N saylı hərbi hissədə davam etdirmiş, xx.xx.1994-cü il tarixdə həmin hərbi hissənin tərkibində gedən döyüşlərdə iştirak edən zaman başından yaralanaraq ağır travma (kontuziya) almışdır. Bundan sonra müəyyən müddətə Respublikanın Mərkəzi Hərbi Hospitalında da müalicə olunmuşdur. Müalicə olunduqdan sonra evə buraxılmışdır. Lakin bu günə qədər ona heç bir səbəb olmadan hərbi bilet verilməmişdir. Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə respublikanın müxtəlif orqanlarına müraciətlər etsə də, müraciətləri faydasız olmuş və üzləşdiyi problem həllini tapmamışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdeh təşkilatın imtinası olmadığı əsası ilə iddia ərizəsi ona geri qaytarılmışdır. Bundan sonra məhkəmə qərardadında göstərilənləri nəzərə alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə rəsmi müraciət etmişdir. Onun müraciəti əsasında xx.xx.2019-cu il tarixdə 118 saylı arayış təqdim olunmuşdur. Arayışda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və hərbi qeydiyyata alınmağına dair şöbədə məlumatın aşkar olunmadığı göstərilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi döyüşlərdə iştirakı barədə faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Ərizəçi xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi döyüşlərdə iştirakı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsində məlumat aşkar olunmamışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nərgiz Abbaszadə birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və Ərizəçi xx xxxxxx N-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi hərbi əməliyyatlara onlarla birlikdə getməyib. O, özü 1992-ci ildə N nömrəli hərbi hissədə olmuşdur. Beyləqan rayonunda N nömrəli hərbi hissədə olarkən Ərizəçi onların hərbi hissəsinə kömək olaraq göndərilmişdir. Onun özünündə hərbi bileti yoxdur. Yaralanan zaman hərbi bileti cibində olmuşdur, lakin sonradan itmişdir. İİ qrup Qarabağ əlilidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. O, Ərizəçila birgə Şəmkirə, Biləcəriyə, N-cü ilin noyabrında Ağcabədiyə getmiş, birgə vuruşmuşlar. 1994-cü ilin yanvarın 7-də yaralandığına görə hospitala göndərilmişdir. Onun özünündə hərbi bileti yoxdur. Bu barədə arxiv idarəsinə müraciət etmiş, lakin döyüş əməliyyatlarında iştirakı ilə bağlı heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qəbələ Rayon Hərbi Komissarı tərəfindən xx xxxxxx N-cü il tarixdə verilmiş 4/2880 saylı arayışdan görünür ki, 1972-ci il təvəllüdlü, hərbi mükəlləfiyyətli Ərizəçi Respublika Prezidentinin “Qismən səfərbərlik” fərmanına uyğun olaraq xx.xx.N-cü il tarixdə Qəbələ rayonu Hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 118 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.N-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində sürücü mexanik vəzifəsində xidmətə başlamışdır. Lakin, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və hərbi qeydiyyata alınması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 429 saylı arayışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin sentyabr, oktyabr N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “ərizəçinin məqsədi müvafiq arxiv sənədlərində natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınması və beləliklə də iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarətdir. Bu isə qüvvədə olana qanunvericiliyə zidd olduğundan iddia tələbi təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşdən görünür ki, Ərizəçi xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə müraciət etmiş, lakin N və N nömrəli hərbi hissələrdə qeyd olunan tarix aralığında Ərizəçi xidməti barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Plenum qərarının 14-cü maddəsində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun istinad edilən qərarı ilə müəyyən edilən hüquqi mövqeyə uyğun qərar qəbul etməklə mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ərizəçiin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ərizəçi tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-66/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar