Məhkəmə qərarları › İş №2(110)-1037/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1037/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1037/2024 17.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilmə faktının və tam payın müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü ildə vəfat etmiş əri X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X5 ilə 1973-cü ilin iyul ayında rəsmi nikaha girib ailə qurduqlarını, onların birgə nikahdan xx.xx.1974-cü il tarixdə Cavabdeh3, xx.xx.1975-ci il tarixdə Nəbiyeva (Qasımova) Minayə Musa qızı, xx.xx.1980-ci il tarixdə Təhməzova (Qasımova) Kəmalə Musa qızı, xx.xx.1989-cu il tarixdə Müzəffərli (Qasımova) Nurlanə Musa qızı adında dörd övladlarının doğulduğunu, evli olduqları dövrdə mehriban yaşamaqla birgə təsərrüfat apardıqlarını, Şərur rayonu Arpaçay kəndində 1400 kv.m torpaq sahəsi əldə etməklə həmin torpaq sahəsi üzərində ümumi sahəsi 73.75 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evini, 52.44 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini tikməklə birgə istifadə etdiklərini, zaman keçdikcə övladlarının böyüməklə yetkinlik yaşına çatdıqlarını, ailə quraraq təsərrüfatdan ayrıldıqlarını, əri M.Qasımovun xx.xx.2014-cü il tarixdə vəfat etdiyini, həmin tarixdə oğlu Əlinin Türkiyə Respublikasında, qızı Minayənin Şərur rayon Çərçiboğan kəndində, qızı Kəmalənin Şərur rayon Xanlıqlar kəndində yaşadıqlarını, digər qızı Nurlanənin onunla yaşadığını, atası vəfat etdikdən sonra ailə quraraq Sumqayıt şəhərinə köçdüyünü, əri vəfat etdikdən sonra ondan daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 2305 vərəqində qeydiyyata alındığını, MH seriyalı ******* nömrəli çıxarışa əsasən yuxarıda qeyd etdiyi əmlakdakı payın miras qaldığını, el adətinə uyğun mərhum ərinin mərasim tədbirlərinin onun tərəfindən aparılmaqla məzarının götürüldüyünü, digər xərclərin də onun tərəfindən ödənildiyini, uşaqların ailəli olaraq başqa ünvanlarda yaşadıqlarından miras əmlakının faktiki olaraq onun tərəfindən qəbul edildiyini, evə və torpaq sahəsinə baxım və qulluğun, zəruri kommunal, vergi və digər ödənişlərin onun tərəfindən aparıldığını, ötən müddət ərzində mərhum ərindən qalmış miras əmlakını faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2024cü ilin sentyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 Saylı Notariat Ofisinə müraciət etdiyi zaman Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, iddiaçının Bakı şəhərində yaşadığını, övladlarının arasında miras əmlakla bağlı mübahisə olduğunu, mərhum Qasımov Musa vəfat edəndən sonra həmin evdə iddiaçı və onun qızı Nurlana yaşadığını, 1 ildən sonra Nurlananın evlənərək Bakı şəhərinə getdiyini, iddiaçının həmin evdə tək yaşadığını, lakin indi evdə iddiaçının oğlu Əlinin ailə üzvlərinin yaşadığını, Əlinin hal-hazırda işi ilə əlaqədar Rusiyada olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və verilmiş suallara cavabında iddianı qəbul etdiyini, atası vəfat edəndən sonra həmin evdə anası və bacısı Nurlanənin yaşadığını, Nurlanənin evlənərək Bakı şəhərinə getdiyini, sonra anasının həmin evdə tək yaşadığını, qardaşı Əlinin Həmin vaxtı Türkiyədə yaşadığını, indi isə həmin evdə qardaşının arvadı və gəlininin yaşadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında iddianı qəbul etmədiyini, atası vəfat edəndən sonra həmin evdə anası və bacısı Nurlanənin yaşadığını, atasının ili çıxdıqdan dərhal sonra Nurlanənin toyu olduğunu, atasının xəstə olan vaxtı qardaşı Əlinin onu müalicə etdirdiyini, anasının məhkəmədə iddia qaldırmasının səbəbinin balaca bacısının olduğunu, bacısının gəlinlərinə evi öz adına keçirdəcəyini bildirdiyini, qardaşının 2006-cı ildə ailəsi ilə birlikdə Türkiyəyə getdiyini, qardaşının atası vəfat edəndə Türkiyədən gəldiyini və yasda iştirak etdiyini, atasına 40-na kimi burada qaldığını, sonra isə qardaşının ailəsi gəlib həmin evdə yaşamağa davam etdiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbədən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 teleqram gönədərərək Bakı şəhərində yaşadığından və işlədiyindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Digər cavabdehlər isə heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Siddiqə xala ilə Arpaçay kəndində qonşu olduqlarını, evli olduğu vaxt 2001-ci ildən 2020-ci ilə qədər orada yaşadığını, Musa əmi vəfat edəndən sonra həmin evdə Siddiqə xala və onun qızı Nurlanənin yaşadığını, Nurlanənin evləndikdən sonra Siddiqə xalanın orada tək yaşadığını, digər vərəsələrin həmin evdə yaşamadığını, həmin vaxtı Kəmalənin Bakı şəhərində, Əlinin isə Türkiyədə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında Siddiqənin baldızı olduğunu, onların bütün işlərini onun gördüyünü, Musa, arvadı və Nurlanənin həmin evdə yaşadıqlarını, Musa vəfatından sonra Siddiqə və Nurlananın yaşadığını, qızı Kəmalənin ailə qurub Bakı şəhərinə getdiyini, Əlinin isə Türkiyədə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində və verilən suallara cavabında Əli ilə 1992-ci ildə ailə həyatı qurduqlarını, indiki yaşadığı evə gəlin köçdüyünü, həmin evdə qayınanası, qayınatası və baldızları ilə birlikdə yaşadıqlarını, sonra iki baldızının evləndiklərini, ondan sonra işləmək üçün 2003-cü ildə Türkiyəyə getdiklərini, qayınatası vəfat edəndən sonra Əlinin onun yasına gəldiyini, onun il mərasiminə gəldiklərini, sonra yenidən işləmək üçün Türkiyəyə qayıtdıqlarını, pandemiya vaxtı gəldiklərini, və o vaxtdan həmin evdə yaşadıqlarını, həmin evdə qeydiyyatda olduqlarını, kəndə başqa evlərinin olmadığını, Türkiyəyə gedən zaman əşyalarını aparmadıqlarını, həmin evdə qaldıqlarını, sonra işləyərək yeni əşyalar alıb göndərdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində 45 ildir ki, həmin kənddə yaşadığını, Musa rəhmətə gedəndən sonra Siddiqə və qızı Nurlanə həmin evdə yaşadığını, Əlinin isə ailəsi ilə birlikdə Türkiyəyə getdiyini, Əlinin işləyib oradan pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində qardaşının sağlığında bütün ailənin həmin evdə yaşadığını, qardaşı vəfat edəndən sonra Siddiqə və Nurlanə həmin evdə yaşadığını, Əlinin isə ailəsi ilə birlikdə Türkiyədə yaşadığını, qardaşının ili çıxdıqdan sonra Nurlanənin toyu olduğunu, evin bütün yükünün Əlinin üzərində olduğunu, Əli yasda iştirak etdikdən sonra yenidən işləmək üçün Türkiyəyə getdiyini, Əlinin ailəsinin isə 4 ildir ki, həmin evdə yaşadığını, onların gedən zaman ev əşyalarını aparmadıqlarını, müvəqqəti işləməyə getdiklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Çəmənli kənd İƏDN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-İ № 495784 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan NMR İN yanında Əmlak Məslələri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin xx.xx.2008-ci il tarixli çıxarışından görünür ki, Şərur rayon Arpaçay kəndində yerləşən 1400 kv.m torpaq sahəsi üzərində ümumi sahəsi 73.75 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evini, 52.44 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə X4 məxsudur. İş materiallarında olan Şərur Çəmənli kənd İƏDN tərəfindən xx.xx.2024-cü il tarixli 5- 28-20/2-133/24 nömrəli arayışından görünür ki, X5 vəfat edəndən sonra onun vərəsləri İddiaçı, Cavabdeh3, Qasımova (Nəbiyeva) Minayə Musa qızı, Qasımova (Təhməzova) Kəmalə Musa qızı və Qasımova (Müzəffərli) Nurlanə Musa qızı qalmışdır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasındakı nikah xx.xx.1973-cü ildə bağlanmşdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X1 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 66 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 xx.xx.2014-ci il tarixdə ölmüşdür. Onun vərəsləri arvadı İddiaçı və övladları Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qalmışdır. Vərəsələrdən İddiaçı və Cavabdeh2 həmin evdə yaşamaqla, Cavabdeh3 atasının vəfatından sonra təsərrüfatın aparılmasında iştirak etməklə mirası faktiki qəbul etmişdir. Cavabdeh3 yeganə oğul övladı kimi doğulandan həmin evdə yaşaması, ailə qurandan sonra da uzun müddət orada yaşaması, təsərrüfatdan ayrılmaması, Türkiyəyə müvəqqəti işləmək üçün getməsi, atasının yasında iştirak etməsi və onun başqa yaşayış yerinin olmaması şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4 isə mirası faktiki qəbul etmədiklərini və ondan heç bir pay istəmədiklərini bildirmişdir. Mirası faktiki qəbul edən Cavabdeh2 isə məhkəməyə teleqram göndərən zaman mirasın anası tərəfindən qəbul edilməsinə və tam payının müəyyən olunmasına heç bir etirazının olmadığını bildirməklə mirasdan anasının xeyrinə imtina etməklə bağlı iradə ifadəsini göstərmişdir. İddiaçı xx.xx.2024-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şərur rayon 2 saylı Notariat Ofisinə ərizə vermiş, notariat ofisi müddət ötdüyündən qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin yarandığı zamana qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi qanunverici, miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda iddianın hansı vərəsə tərəfindən qaldırılmasından asılı olmayaraq prosessual qənaət prinsipinə uyğun olaraq mirası qəbul etmiş bütün vərəsələrin paylarını müəyyən etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilməli və həmin əmlaklara İddiaçı 2/3 hissədə və Cavabdeh3 1/3 hissədə payı müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilsin və həmin əmlaklara İddiaçı 2/3 hissədə və Cavabdeh3 1/3 hissədə payı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar