Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1088/2025 03.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X12 oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur rayon Danyeri kənd sakini, 06 mart 2003-cü il təvəllüdlü Abbasov Məhərrəm Mikayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış oğlu Abbasov Məhərrəm Mikayıl oğlu 06 mart 2003-cü ildə Şərur rayonu Danyeri kəndində anadan olmuşdur. Məhərrəm anadangəlmə “Əqli zəiflik, yaxud kəskin nəzərəçarpan imbesillik səviyyəsində” xəstəsidir. Onlar Məhərrəmin müalicə olunmasına uzun müddət çalışsalar da, onun müalicəsi mümkün olmamışdır. Məhərrəm səhhəti ilə əlaqədar məktəbə gedə bilməmişdir. Haliyyədə Məhərrəm yetkinlik yaşında olsa da o, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkir. O, 1-ci qrup əlildir. Məhərrəmin müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olur. Ona görə də Məhərrəmin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı vardır. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunur. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. Abbasov Məhərrəm Mikayıl oğlunun fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini, oğlunun 2003-cü ildə doğulduğunu, onun anadangəlmə xəstə olduğunu, özünü dərk edə bilmədiyini, müalicələrin heç bir nəticəsinin olmadığını, oğlunun İ qrup əlil olduğunu və 570 manat pensiya aldığını, onun, yoldaşının və oğlunun Danyeri kəndində yaşadıqlarını bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Maraqlı şəxs nümayəndəsi X1 X2 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Məhərrəm Mikayıl oğlu xx.xx.2003-cü il tarixdə Şərur rayonunun Danyeri kəndində doğulmuşdur. Atası Abbasov Mikayıl Balabəy oğlu, anası Ərizəçidır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 327 №-li arayışdan görünür ki, Abbasov X7 rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 326 №-li arayışdan görünür ki, Ərizəçi Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 023058 nömrəli vəsiqənin surətindən görünür ki, Abbasov Məhərrəm Mikayıl oğlu 1-ci qrup əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2008, xx.xx.2011, xx.xx.2013 və xx.xx.2015-ci il tarixli qərarlarından müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü Abbasov Məhərrəm Mikayıl oğlu müxtəlif vaxtlarda tibbi müayinədən keçirilmiş və aparılmış tibbi-sosial ekspertiza nəticəsində ona “serebral iflicin qalığı” diaqnozu təyin edilmiş, həmin diaqnoza əsasən sağlamlıq imkanları məhdud şəxs hesab edilmişdir. İş materiallarında olan 023058 nömrəli əlillik vəsiqəsindən və TSEK-da sonuncu müayinəyə dair xx.xx.2024-cü il çap tarixli çıxarışından görünür ki, xx.xx.2003-cü il tarixdə doğulmuş Abbasov Məhərrəm Mikayıl oğlu "İmbesillik va idiotiya dərəc’sinə uyğun olan oliqofreniya va ya digər mənşəli əqli zəifliyi" diaqnozu ilə 1-ci dərəcə əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 xx.xx.2025-ci il tarixli, 532 saylı ekspert rəyindən görünür ki, xx.xx.2003-cü il tarixdə doğulmuş Abbasov Məhərrəm Mikayıl oğlu “Ağır əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Abbasov Məhərrəm Mikayıl oğlu öz hərəkətlərini dərk etmək və idarə edə bilmək qabiliyyətində deyil. Abbasov Məhərrəm Mikayıl oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə, rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - Abbasov Məhərrəm Mikayıl oğlunun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Abbasov Məhərrəm Mikayıl oğlunun xx.xx.2003-cü il tarixdə Şərur rayonunun Danyeri kəndində doğulması, onun hazırda Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, Ərizəçi onun anası olması, Abbasov Məhərrəm Mikayıl oğlunun birinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Abbasov Məhərrəm Mikayıl oğlunun anası, yəni yaxın qohumu olduğundan o, Abbasov Məhərrəm Mikayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, Abbasov Məhərrəm Mikayıl oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.2003-cü il tarixdə Şərur rayonu Danyeri kəndində doğulan və Şərur rayonu Danyeri kəndində yaşayan Abbasov Məhərrəm Mikayıl oğlu (FİN: 60ZZ8ZC) fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.2003-cü il tarixdə Şərur rayonunun Danyeri kəndində doğulan və Şərur rayonunun Danyeri kəndində yaşayan Abbasov Məhərrəm Mikayıl oğlu (FİN: 60ZZ8ZC) fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1088/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1088/2025
03.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver