Məhkəmə qərarları › İş №2(110)-116/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-116/2025

24.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-116/2025 24.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Kərimbəyli kənd sakini xx.xx.2005-ci il təvəllüdlü övladı Hüseynova Gülüzar Fərmayıl qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində onunla X2 arasında 2005-ci ildə bağlanmış birgə nikahdan xx.xx.2005-ci il tarixdə Hüseynova X3 rayon Kərimbəyli kəndində anadan olduğunu və haliyədə Şərur rayonu Kərimbəyli kəndində onlarla birlikdə yaşadığını, onun anadan gəlmə qüsurlu doğulduğunu və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Məkəzində 1 dərəcəli əlil kimi pensiya aldığını, haliyədə qızı Gülüzar yetkinlik yaşında olsa da o, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini və öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, ona görə də qızı Gülüzar Hüseynovanın fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü Hüseynova Gülüzar Fərmayıl qızının fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 14 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynova Gülüzar Fərmayıl qızı “Ağır əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Hüseynova Gülüzar Fərmayıl qızı öz hərəkətlərinin mənasını anlamaq və idarə edə bilmək qabiliyyətində deyil. Hüseynova Gülzar Fərmayıl qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Hüseynova Gülüzar Fərmayıl qızını məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Komissiyanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli qərardan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Hüseynova Gülüzar Fərmayıl qızı müddətsiz 1 qrup əlildir; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 105756 nömrəli xx.xx.2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, Hüseynova Gülüzar Fərmayıl qızı əlildir; - Şərur Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 2(110)-1255/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 14 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynova Gülüzar Fərmayıl qızı “Ağır əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Hüseynova Gülzar Fərmayıl qızı öz hərəkətlərinin mənasını anlamaq və idarə edə bilmək qabiliyyətində deyil. Hüseynova Gülüzar Fərmayıl qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-116/2025 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Hüseynova Gülüzar Fərmayıl qızında “Ağır əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü Hüseynova Gülüzar Fərmayıl qızının üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 14 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hüseynova Gülzar Fərmayıl qızında “Ağır əqli gerilik” psixi xəstəliyi var. Hüseynova Gülüzar Fərmayıl qızı öz hərəkətlərini dərk etmir. Hüseynova Gülüzar Fərmayıl qızının öz hərəkətlərini anlamaq və idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 14 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2005-ci il təvəllüdlü Hüseynova Gülüzar Fərmayıl qızının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, xx.xx.2005-ci il tarixdə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olan Hüseynova Gülüzar Fərmayıl qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olan Hüseynova Gülüzar Fərmayıl qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar