Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1185/2023 15.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Ərizəçi Naxçıvan MR ƏƏSMF-nin tabeliyində Şərur Rayon İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olmasına dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X2 əmək kitabçası olmadığından Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/294 saylı arxiv arayışının Abasət Əliyevə məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin əsası kimi mərhum həyat yoldaşı X2 xx.xx.1977-ci il tarixli 239 nömrəli əmrlə keçmiş Avtonəqliyyat Müəssisəsinə işə təyin edildiyini, xx.xx.2002-ci il tarixli 1 nömrəli əmrlə işdən azad edildiyini, xx.xx.2010-cu il tarixdə vəfat etdiyini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2023-cü il tarixdən tələb olunan yaş həddinə çatdığını, bununla əlaqədar sənədlərini Naxçıvan MR ƏƏSMF-nin tabeliyındə DSMF-nin Şərur Rayon İdarəsinə təqdim etdiyini, həyat yoldaşının əmək kitabçası olmadığından arxiv arayışını təqdim etdiyini, əmək kitabçasını təqdim edə bilmədiyindən ailə başçısını itirilməsinə görə əmək pensiyasını təyin edilməsindən imtina edildiyini, bu səbəbdən də arayışın məhkəmə qaydasında təsdiqinə zərurət yarandığını, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/294 saylı arxiv arayışında şəxsin adı X1 qeyd olunmuşdur. Yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi ərizəçinin tələbi birinci şərti ödəmir. Buna görə də ərizənin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir. Buna görə də, iddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Naxçıvan MR ƏƏSMF-nin tabeliyındə DSMF-nin Şərur Rayon İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi tərəfindən verilmiş “hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəni icraata qəbul etməkdən imtina edilsin. Ərizədə göstərilən hallarla bağlı aidiyyəti üzrə Naxçıvan MR ƏƏSMF-nin tabeliyındə DSMF-nin Şərur Rayon İdarəsinə müraciət etmək hüququ izah edilsin. Ərizə və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1185/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1185/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver