Məhkəmə qərarları › İş №2(110)-1226/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1226/2024

05.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1226/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞN/24-T-00987 nömrəli barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun maraqlı şəxsdən alınaraq ərizəçinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizəsində tələbinin əsası kimi Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-879/2024 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə ərizəçinin arasında xx.xx.2016-cı il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində nikah aktı qeydi kitabında 429 № akt qeydi ilə bağlanmış nikahın pozulduğunu, xx.xx.2024-cü il tarixdə MŞN/24T-00987 nömrəsi ilə qeydiyyatdan keçərək Mediasiya Təşkilatında tərəflərin nümayəndələrinin iştirakı ilə barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtlərinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yaşayış yerlərinin ərizəçinin yanında saxlanılmasının müəyyən edildiyini və uşaqların saxlanılması üçün bir uşağa görə 200 manat olmaqla iki uşağa görə hər ay 400 manat miqdarında sabit pul məbləğində alimentin 2024-cü ilin avqust ayı da daxil olmaqla adına olan bank kart hesabına ödəyəcəyini öhdəsinə götürdüyünü, barışıq sazişinn xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq maraqlı şəxsin bu günə kimi bir ay aliment ödədiyini, qalan ayların alimentini ödəmədiyini, alimenti ödəmək məqsədi ilə Maraqlı şəxslə əlaqə saxlamağa çalışsalarda mümkün olmadığını, əlaqə saxladıqda isə pulu olmadığını və müəyyən olunmuş alimenti ödəyə bilməyəcəyini, ona görə də barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə qeyd olunan halları təsdiq etdiyini, bacısının Türkiyə Respubikasında yaşadığını, maraqlı şəxsin barışıq sazişinə əsasən cəmi 1 ay aliment ödədiyini bildirərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ona görə də məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan və Azərbaycan Respublikası Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV №- li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞN/24-T-00987 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında iki uşağın saxlanılması üçün ayda hər bir uşaq üçün 200 manat olmaqla 400 manat məbləğində alimentin Maraqlı şəxs ödəməsinə dair razılığa gəlmişlər. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)- 879/2024 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasındakı xx.xx.2016-cı il tarixli 429 nömrəli nikahın pozulması qət etdilmişdir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ № 433664 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasındakı nikah xx.xx.2024-cü il tarixdə 149 № ilə pozulmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin nümayəndəsinin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdurlar.Tərəflər uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Mediyasıya sessiyasında tərəflər hər bir uşağa 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin cavabdehin ödəməsinə dair razılığa gəlmişlər. Onlar arasında Şərur Rayon Məhkəməsinin 2(110)-879/2024 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Lakin Maraqlı şəxs bağlanmış barışıq sazişinin şərtlərini pozaraq alimenti ödəməkdən yayınmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını nəzərdən keçirib bağlanmış barışıq sazişinin qanuna zidd olmadığını və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 355-26-cı maddəsində sadalanan halların olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli MŞN/24-T-00987 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilən aliment məbləği barışıq sazişinin bağlandığı vaxtdan tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, maraqlı şəxsdən 100 manat məbləğində dövlət rüsumu alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli MŞN/24-T-00987 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq anası Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Ərizəçi ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Maraqlı şəxs 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar