Məhkəmə qərarları › İş №2(110)-150/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-150/2025

01.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-150/2025 01.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Xələc kənd sakini xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi Şərur rayon Yengicə kənd sakini Quliyeva (Mirzəyeva) Ruhanə Mahmud qızı ilə 2004-cü ildə el adəti üzrə nikah bağlayaraq ailə qurduqlarını, nikahlarını bir neçə il sonra rəsmiləşdirdiklərini, birgə nikahlarından iki övladlarının doğulduğunu, xx.xx.2005-ci il təvəllüldlü oğlu X2 Şərur rayon Xələc kəndində anadan olduğunu və haliyədə Şərur rayonu Xələc kəndində onlarla birlikdə yaşadığını, anadangəlmə qüsurlu doğulduğunu və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Məkəzində qeydiyyatda durmaqla 1 dərəcəli əlil kimi pensiya aldığını, haliyədə oğlu Hüseynin yetkinlik yaşında olsa da öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini və öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, ona görə də oğlu Hüseyn Quliyevin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi X4 məhkəmə iclasında qanuni qərar çıxarılmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, Az-İİİ 305699 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 015400 mömrəli vəsiqədən görünür ki, X5 1-ci qrup əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli, 3-28- 34-4/2-382/2025 saylı ekspert rəyindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu” psixi xəstəliyindən əziyyət çəkir. X2 öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində deyil. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki xx.xx.2005-ci il tarixdə doğulmuş X3 ağır dərəcəli əqli gerilik diaqnozu aşkar olunmuşdur. X5 hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacı olduğundan atası onun fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası X1 ekspert rəyinə əsasən X2 psixi xəstəliyinin onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Xələc kənd sakini X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Xələc kənd sakini xx.xx.2005-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar