Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-171/2025 03.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Oğlanqala kənd sakini X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi oğlu X2 1998-ci ildə Şərur rayon Oğlanqala kəndində anadan olduğunu, oğluna əqli gerilik diaqnozunun qoyulduğunu, hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, müalicəsi ilə əlaqədar həkim yoxlmalarından keçirilməsi üçün Naxçıvan şəhərinə getdiyində başqasının köməyinə ehtiyacının olduğunu, təyin edilən sosial təminatla bağlı kartın müddəti keçdikdə yeni kart almaq üçün bankda imza etməyə və ya onun yerinə almağı üçün notariat ofisində etibarnamə verdikdə çətinliklər yarandığını, ona görə də onun fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan onun fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəni müdafiə etdiyini, oğlunun anadangəlmə əqli və fiziki cəhətdən xəstə olduğunu, onun kartının vaxtı keçdiyi üçün pensiyasını ala bilmədiyini, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şərur rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmiş, lakin sonuncu məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Oğlanqala kənd İƏDN tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 062469 mömrəli vəsiqədən görünür ki, X4 1-ci qrup əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli, 3-28- 34-4/2-477/2025 saylı ekspert rəyindən görünür ki, xx.xx.1998-ci il tarixdə doğulmuş X4 “Ağır dərəcəli əqli gerilik psixi xəstəliyindən əziyyət çəkir. X2 öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki xx.xx.1998-ci il tarixdə doğulmuş X3 ağır dərəcəli əqli gerilik diaqnozu aşkar olunmuşdur. X4 hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacı olduğundan atası onun fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası X1 ekspert rəyinə əsasən X2 psixi xəstəliyinin onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Oğlanqala kənd sakini X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Oğlanqala kənd sakini xx.xx.1998-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-171/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-171/2025
03.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver