Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-172/2025 02.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Yengicə kənd sakini xx.xx.2003-cü il təvəllüdlü övladı - Əliyev Tarik Elxan oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, mən həmkəndlim Əliyev Elxan Tağı oğlu ilə 1997-ci ildə el adətinə uyğun ailə qurmuş, bu nikahımızı isə 2002-ci ildə Şərur rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişdik. Bizim birgə nikahdan Türkiyə Resspublikasında yaşayıb-işlədiyimiz vaxt xx.xx.2003-cü il tarixdə Əliyev Tarik Elxan oğlu adında oğlumuz anadan olmuşdur ki, o da haliyədə Şərur rayonu Yengicə kəndində bizimlə birlikdə yaşayır. O, anadan gəlmə qüsurlu doğulmuş və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Məkəzində İ dərəcəli əlil kimi pensiya alır. Haliyədə oğlum Tarik yetkinlik yaşında olsa da o, öz hərəkətlərinə rəhbərlik edə bilmir, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkir ki,onun öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olur. Buna görə də oğlum Tarik Əliyevin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı vardır. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan yetkinlik yaşına çatmış övladım - xx.xx.2003-cü il təvəllüdlü Əliyev Tarik Elxan oğlunun fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 67 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Tarik Elxan oğlu “Dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Əliyev Tarik Elxan oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətləri idarə edə bilmək qabiliyyətində deyil. Əliyev Tarik Elxan oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Əliyev Tarik Elxan oğlunu məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X4 izahatında Şərur rayon Yengicə kənd sakini Əliyev Tarik Elxan oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Əliyev Tarik Elxan oğlu ümumi xəstəlikdən müddətsiz 1 dərəcəli əlildir; - Şərur Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(110)-172/2025 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 67 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Tarik Elxan oğlu “Dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Əliyev Tarik Elxan oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətləri idarə edə bilmək qabiliyyətində deyil. Əliyev Tarik Elxan oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-172/2025 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Əliyev Tarik Elxan oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü Əliyev Tarik Elxan oğlunun üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olubolmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci -cü il tarixli 67 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Tarik Elxan oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyev Tarik Elxan oğluöz hərəkətlərini dərk etmir. Əliyev Tarik Elxan oğlunun öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 67 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2003-cü il təvəllüdlü Əliyev Tarik Elxan oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, xx.xx.2003-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulmuş, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Əliyev Tarik Elxan oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulmuş, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Əliyev Tarik Elxan oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-172/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-172/2025
02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver