Məhkəmə qərarları › İş №2(110)-199/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-199/2021

04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-199/2021 04.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi ki, iddiaçı iddia ərizəsində cavabdehlərin ünvanlarını göstərsə də onların rəsmi qeydə alındıqları poçt ünvanlarını təsdiq edən müvafiq sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 149.2 -ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, həmçinin, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları həmçinin, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir; 35.1-ci maddəsində qeyd edilmişdir ki, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsində işdə iştrak edən şəxslərin adlarının, onların poçt ünvanlarının əlavə etməsinin məqsədi işin məhkəmə baxışının ərazi aidiyyəti baxımından konkret olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmasının müəyyən edilməsi, ona qarşı irəli sürülmüş iddiaya dair onun öz tələb və etirazlarını, həmçinin məhkəmə sənədələrinin onların yaşadığı yer üzrə çatdırılması və tərəflərin iştirakı ilə məhkəmə baxışı iclaslarının keçirilməsinin təmin edilməsindən ibarətdir. Məhz bu baxımından cavabdehlərin rəsmi qeydə alındığı yerin müəyyən edilməsi haqda arayışların iddia ərizəsinə əlavə edilməsi zəruridir. Məhkəmə onuda qeyd edir ki, iddiaçı iddia ərizəsində vəsatətlə çıxış edərək cavabdehlərin yaşayış yeri barədə arayışları müstəqil əldə edə bilmədiyindən həmin arayışların məhkəmə tərəfindən tələb olunmasını xahiş etsədə, lakin iddia ərizəsinə cavabdehlərin yaşayış yeri barədə arayışları müstəqil əldə edə bilməməsinə dair heç bir sübut əlavə etməmişdir. Məhkəmə tərəfindən verilən vəsatətlə əlaqədar cavabdehlər Cavabdeh2 və Cavabdeh3 şəxsiyyət vəsiqəsi məlumatlarının müəyyən olunmasına dair “Elektron məhkəmə informasiya sistemi”ndə verilən sorğunun nəticəsində onların Şərur rayon Arpaçay kəndində qeydiyyatda olmaları müəyyən olunsada, iddia tələbinə cavab verməli olan əsas Cavabdeh1 şəxsiyyət vəsiqəsi məlumatlarının müəyyən olunmasına dair “Elektron məhkəmə informasiya sistemi”ndə verilən sorğunun nəticəsi olaraq Cavabdeh1 adında 23 nəfərin olması müəyyən olunsa da, onlardan heç birinin Şərur rayon ərazisində doğulması, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Rövşən Göyüşov küçəsində qeydiyyatda olmasına dair heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda surəti iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsində qeyd edilmiş Cavabdeh1 AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatları üzrə “Elektron məhkəmə” informasiya sistemi”ndə verilən sorğu nəticəsində də hər hansı məlumatın olmaması müəyyən edildiyindən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının vəsatətinin təmin edilməsi mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti də iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz göstərilsə də, lakin iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsində qeyd olunub ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar