Məhkəmə qərarları › İş №2(110)-210/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-210/2022

11.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-210/2022 11.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək X4 qalan miras qalan əmlakların onlar, yəni İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində X9 ilə 1992-ci ildə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan iki uşağının doğulduğunu, özünün Tofiqin ikinci ailəsi olduğunu, onun birinci arvadından bir oğlunun- Cavabdeh olduğunu, ora gəlin gələndən həmin uşağı Tofiqin anasının saxladığını, Turalın nənəsinin yanında böyüdüyünü, evləndiyini, orada yaşamağa davam etdiyini, Tofiqlə evlənəndən sonra kəndin uşaq bağçasını alıb Tofiqin adına qeyd etdirdiklərini, bundan əlavə həmin binanın yanında torpaq sahəsi və “Mersedes Benz” markalı avtomobil də aldıqlarını, Tofiqin 26.01.2019-cu il tarixdə vəfat etdiyini, Tofiq vəfat edəndən sonra ondan “Mersedes Benz” markalı avtomobil, haliyədə yaşadıqları bina və torpaq sahəsinin miras qaldığını, X9 vəfat edəndən həmin evdə özü və oğlu İddiaçı2 yaşadığını, avtomobilin də onların istifadəsində olduğunu, mirası faktiki olaraq qəbul edərək idarə etdiklərini, X4 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı dövlət Notariat kontoruna müraciət etdiklərini, lakin Notariat Kontorunun mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən inmtina etdiyini, mirasın qəbul edilməsi faktını məhkəmədənkənar başqa cür sübut edə bilmədiklərini, bununla bağlı qonşularının da şahidlik edə biləcəklərini, ona görə məcbur qalıb məhkəməyə müraciət etdiklərini qeyd edərək, X4 qalan miras qalan əmlakların onlar, yəni İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı1 iddia ərizəsində qeyd edilənlən xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında Tofiqin ikinci arvadı olduğunu, 1992-ci ildə Tofiqlə ailə qurarkən Turalın Tofiqin anasının himayəsində yaşadığını, bu günənədək onlarla yaşamadığını, Tofiq rəhmətə gedəndən sonra Turalın miras əmlaklarla heç bir əlaqəsinin olmadığını, istifadə etmədiyini, mirası nə faktiki nə də hüquqi baxımdan qəbul etmədiyini, Tofiq 2019-cu ilin yanvarın 26-da rəhmətə gedəndən sonra “Mersedes Benz” markalı avtomobilin, torpaq sahəsinin, qeyri-yaşayış binasının hər üçünün özü və oğlu Mənsurun istifadəsində olduğunu, hüquqi baxımdan olmasada miras əmlakları faktiki qəbul etdiklərini, qeyri-yaşayış binasından 1992-ci ildən ev kimi istifadə edib yaşadıqlarını, 16 ildən artıqdır ki, öz adına özəlləşdirdiyini, haliyədə orada yaşadıqlarını, təsərrüfat apardıqlarını, yaşamaq üçün başqa evlərinin olmadığını, torpaq sahəsində bostan əkib - becərdiklərini, eyni zamanda avtomobilə də sahiblik etdiklərini, təsərrüfatlarının aparılması məqdsədi ilə oğlunun avtomobili idarə etdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı2 iddia ərizəsində qeyd edilənlən xüsusatlarla, eyni zamanda İddiaçı1 məhkəmə baxışı iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçların təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində ifadə verən X2 rayonu Yengicə kəndində Səmayə və Mənsurla qonşu olduqlarını, 1993-cü ildə onların qonşuluğunda ev tikərək orada yaşadığını, 3 il olar ki Tofiqin rəhmətə getdiyini, həmin evdə Səmayə ilə Mənsurun yaşadığını, evi onların idarə etdiyini, təsərrüfat apardıqlarını, Tofiqin kənddə evinə yaxın ərazidə başqa torpaq sahəsinin də olduğunu, Səmayə və Mənsurun orada bostan əkib becərdiyini, Tofiqin bir də ağ rəngli “Mersedes Benz” markalı avtomobilinin olduğunu, onu Mənsurun idarə etdiyini, Turalı 1993-cü ildən o evdə görmədiyini, onların yaşadıqları evin əvvəl uşaq bağçanın binası olduğunu, imkanları olmadığından onları ailəliklə orada yerləşdirildiklərini, sonra da özəlləşdirib ev kimi istifadə etdiklərini, Turalın öz evinin olduğunu, yəni nənəsinin evində yaşadığını bildirmişdir. Məhkəmədə iddiaçıların təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində ifadə verən X1 rayonu Yengicə kəndində 1999-cu ildə islahat zamanı ona torpaq sahəsi veriləndən sonra həmin torpaq sahəsində ev tikərək orada yaşadığını, həmin torpaq sahəsinin Tofiqgilin qonşuluğunda olduğunu, Tofiqin təqribən 2-3 il olar ki rəhmətə getdiyini, Tofiq rəhmətə getdikdən sonra həmin evdə Səmayənin, Mənsurun və ailəsinin yaşadığını, Tofiqin bundan başqa evinin olmadığını, evdən aralı torpaq sahəsinin olduğunu, Səmayə və Mənsur həmin torpaq sahəsində bostan əkib-becərdiklərini, Tofiqin əlavə “Mersedes Benz” markalı avtomobilinin olduğunu, onu da haliyədə Mənsurun idarə etdiyini, Turalı ümumiyyətlə o evdə görmədiyini, onunun nənəsinin evində yaşadığını bildiyini qeyd etmişdir. Məhkəmə iddiaçıların izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan olan Şərur şəhər İcra Hakimiyyəti Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, X15 oğlu vəfat etdikdən sonra aşağıdaki tərkibdə vərəsələri olmuşdur:

1. Arvadı- İddiaçı1;

2. Oğlu- Cavabdeh oğlu;

3. Oğlu- İddiaçı2 oğlu;

4. Qızı- X11; İş materiallarında olan Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 04.02.2019-cu il tarixli, AZ-İ 598521 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 26.01.2019-cu il tarixdə Şərur rayon Yengicə kəndində kardiogenşokdan ölmüşdür. İş materiallarında olan Naxçıvan MR Şərur Rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.09.1992-ci il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X7 arasında rəsmi nikah bağlanmış, 17.09.1992-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Fərəcova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 15.03.2021-ci il tarixli qərarından görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq X4 miras qalmış bütün əmlaka dair dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 04.02.2022-ci il tarixli ərizəsində 26.01.2019-cu ildə vəfat etmiş həyat yoldaşı X4 miras qalmış əmlakları qəbul etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş AC N 894264 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ** BD *** dövlət nömrə nişanlı “Mersedes Benz D 124 minik” markalı nəqliyyat vasitəsi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********92 nömrəli, 20.10.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yengicə kəndində 400.71 kv.m ha torpaq sahəsi X5 adına mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Texniki İnventarlaşdırma şöbəsinin 000517 nömrəli 12 dekabr 2006-cı il tarixli müəssisə və obyektin texniki pasportundan görünür ki Şərur rayonu Yengicə kəndində yerləşən qeyri-yaşayış sahəsi (anbar və köməkçi binalar) X5 adına mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına iddiaçılar tərəfindən əlavə edilmiş komunal xərclərin ödənilməsi qəbzlərindən görünür ki, X9 öldükdən iddiaçılar tərəfindən aylıq elektrik enerjisi pulları və aylar üzrə telefon danışıq haqları ödənilmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, hazırki mübahisə predmeti olan Şərur rayonu Yengicə kəndində yerləşən miras əmlakların hamısı X5 oğlunun mülkiyyətində olmuş, X9 26.01.2019-cu il tarixdə Şərur rayon Yengicə kəndində kardiogenşokdan öldükdən sonra İddiaçı1 və İddiaçı2 mərhum X4 miras qalmış ** BD *** dövlət nömrə nişanlı “Mersedes Benz D 124 minik” model nəqliyyat vasitəsinə, Şərur rayonu Yengicə kəndində olan qeyriyaşayış binasına və Şərur rayonu Yengicə kəndində yerləşən 400.71 kv.m torpaq sahəsinə sahiblik etməklə hər üç miras əmlakları faktiki qəbul etmələri və onu idarə etmələrinə dair bütün hərəkətləri nümayiş etdirmələri komunal xərcləri ödəməklə, şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar miras əmlakları qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Cavabdeh isə məhkəmə baxışı iclaslarında iştirak etməməklə miras əmlakları hüquqi və ya faktiki baxımdan qəbul etməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, 26.01.2019-cu il tarixdə ölmüş mərhum X4 miras qalmış Şərur rayonu Yengicə kəndində yerləşən əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, işin hallarından görünür ki, iddiçılar miras əmlakları faktiki olaraq qəbul etmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, 26.01.2019-cu il tarixdə ölmüş mərhum X4 miras qalmış Şərur rayonu Yengicə kəndində yerləşən əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. 26.01.2019-cu il tarixdə ölmüş mərhum X4 miras qalmış əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar