Məhkəmə qərarları › İş №2(110)-241/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-241/2022

08.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-241/2022 08.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı1 və onun vəkili Vəkil, iddiaçı və digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2, digər iddiaçılar İddiaçı5, İddiaçı6 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “Şərur rayon Notariat Ofisinin xx.xx.2007-ci il tarixli 4-Ə-58 №-li reyestrlə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 12 iyul 2007-ci il tarixdə Şərur rayon 2-ci Notariat Ofisində İddiaçı1 iə Cavabdeh1 arasında bağlanmış və 4/Ə-58 nömrə ilə reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və müqavilədən doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 iddia ərizəsində Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il tarixli və 9 nömrəli qərarı ilə onların ailə üzvlərinə JN0038, KOD 10216028 ilə torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.97 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verildiyini, onların 2005-ci il tarixə kimi həmin torpaq sahəsində taxıl və pazı əkib istifadə etdiklərini, lakin 2006-cı il tarixdə ailəlikcə Bakı şəhərinə köçdükləri müddətdə pul lazım olduğu üçün həmkəndliləri X2 torpaq sahəsinin Dövlət Aktını girov qoyub qarşılığında ondan 1000 (bir min) manat borc pul götürdüklərini, Bakıdan qayıdıb gələndən sonra dəfələrlə Mehmandan torpaqlarının Dövlət Aktını tələb edib pulu qaytarmaq istədiklərini, həmin vaxt Mehman sənədin itdiyini onlara bildirərək dublikatını alıb verəcəyini bildirdiyini, 2020-ci ilin yayında Mehmanın onların hər birinin adından notariusa ərizə yazdırmaqla, Qaraburc kənd İcra nümayəndəliyində qudası X24 da həmin ərizələri nümayəndəliyin peçatı ilə təsdiq etməklə Şərur rayon 2-ci (Dövlət Notariat Kontorunda) Notariat Ofisində 12 fevral 2007-ci il tarixli 4-Ə-58 №li reyestrlə qeydə alınmış müqavilə əsasında guya İddiaçı1 iştirakı və imzası ilə 1000 (bir min) manata Qaraburc kənd sakini Cavabdeh1 satdığını öyrəndiklərini, onların Cavabdeh1 ümumiyyətlə torpaq satmadıqlarını və ondan hər hansı bir məbləğdə pul almadıqlarını, istər Qaraburc kənd İcra nümayəndəliyində onların adından eyni bir xəttlə yazılmış və onların imzalarına oxşadılmış, istərsədə Şərur rayon 2-ci (Dövlət Notariat Kontorunda) Notariat Ofisində İddiaçı1 satıcı kimi göstərib, adından müqavilədə çəkilmiş imzalardan ümumiyyətlə heç birilərinin xəbəri olmadığını, həmin imzaların hamısının onların adından oxşadılaraq çəkilmiş saxta imzalar olduqlarını, həmin imza nümaunələrinin xəttşünaslıq ekspertizasına göndərilərək həqiqətin ortaya çıxmasını və torpaq sahələrinin geri qaytarılmasını istədiklərini, artıq onların pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbinin tam təmin edilib, əsaslı məhkəmə qətnaməsi çıxarılacağını hesab etdiklərini, tələblərinin əsası kimi istinad etdikləri fakt və halları təsdiq edən sübutları – şəxsiyyət vəsiqələrinin surətini, qeydiyyat yeri barədə arayışları, nikah və doğum haqqında şəhadətnamələrini, Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsinin məktubunu və əlavə edilmiş sənədlərin surətini 15 vərəq, dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizələrinəəlavə etdiklərini, onların Azərbaycan Respublikasının Konstitutsiyası, mülki və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş müliyyət hüquqlarının pozulduğunu hesab etdiklərini qeyd edərək 12 iyul 2007-ci il tarixdə Şərur rayon 2-ci Notariat Ofisində İddiaçı1 iə Cavabdeh1 arasında bağlanmış və 4/Ə-58 nömrə ilə reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və müqavilədən doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı1 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında arvadının və oğlunun 2014-cü ildə, özünün isə 2016-cı ildə kəndə qayıtdığını, həmin vaxtı torpaq sahəsini Dilarənin əkib becərdiyini gördüyünü, Dilarəyə torpaq satmadığı üçün ona görə də ona heç bir söz demədiyini, torpaq sahəsinin sənədini Mehman verdiyini, torpağın sənədini Mehmandan dəfələrlə istədiyini, o da “bu gün sabah verəcəm” deyərək ona yalandan vəd verdiyini, 2020-ci ilin yayında isə Mehmanın torpaq sahəsini Dilarəyə satdığını öyrəndiyini, torpağın satılmasından xəbərinin olmadığını, Dilarədən ümumiyyətlə pul almadığını, oğlu Ceyhunun və qızı Ceyhunənin torpaq satıldığı ərəfədə ümumiyyətlə kənddə olmadığını, qızı Ceyranın isə 2005-ci ildə evlənərək Şərur rayon Maxta kəndində yaşadığını, ona görə də razılıq ərizələrini onların imzalaya bilməyəcəyini, hamısının imzalarını Mehmanın saxtalaşdırdığını, bunu araşdırmaq üçün Şərur rayon prokurorluğuna müraciət etdiyini, Mehmannın onu ölümlə hədələdiyi üçün məcbur qalıb ərizəsini geri götürdüyünü, eyni zamanda Şərur rayon prokurorluğunda təyin edilmiş ekspertizanın nəticəsi olaraq ekspertin rəyi ilə hazırki mübahisəli torpaq sahəsinin Cavabdeh1 satılmasına razılıq verməsinə dair notariat kontoruna müraciət ərizəsindəki imzanın onun tərəfindən icra olunmasının müəyyən olunduğunu, hazırki mübahisəli torpaq sahəsindən özünə düşən payı Cavabdeh1 verməyə razı olsa da, cavabdehin yenə də digər iddiaçıların paylarını geri qaytarmağa borclu olduğunu bildirərək məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı1 vəkili Vəkil İddiaçı1 ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı2 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 2014-cü ildə Bakı şəhərindən köçərək kəndə qayıtdıqlarını, həmin vaxtı torpaq sahəsini Dilarənin əkib becərdiyini gördüyünü, Dilarəyə torpaq satmadıqları üçün ona görə də ona heç bir söz demədiyini, Müzəffərdən “torpaq sahəsini Dilarənin niyə əkib becərdiyini” soruşduğunu, Müzəffərdə cavabında ”torpağın sənədini Mehmandan alandan sonra torpaq sahəsini Dilarədən geri alacağını” bildirdiyini, 2020-ci ilin yayında isə Mehmanın torpaq sahəsini Dilarəyə satdığını öyrəndiklərini, torpağın satılmasından xəbərlərinin olmadığını, Dilarədən ümumiyyətlə pul almadıqlarını, oğlu Ceyhunun və qızı Ceyhunənin torpaq satıldığı ərəfədə ümumiyyətlə kənddə olmadığını, qızı Ceyranın isə 2005-ci ildə evlənərək Şərur rayon Maxta kəndində yaşadığını, ona görə də razılıq ərizələrini onların imzalaya bilməyəcəyini, hamısının imzalarını Mehmanın saxtalaşdırıldığını bildirərək məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2 izahatında qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı6 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 2005-ci ildən Bakı şəhərində yaşadıqlarını, 2007-ci ilin aprel ayından Dövlət Neft şirkətində işlədiyini, 2014-cü ildə Bakı şəhərindən köçərək kəndə qayıtdıqlarını, torpaq sahəsini Dilarənin əkib becərdiyini gördüyünü, atasının xəbrinin olduğunu düşündüyü üçün ümumiyyətlə maraqlanmadığını, az vaxt sonra işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, 2019-cu ildə yenidən kəndə qayıtdığını, 2020-ci ilin yayında isə torpaq sahəsinin Dilarəyə satdığını öyrəndiklərini, torpağın satılmasından xəbərlərinin olmadığını, Dilarədən ümumiyyətlə pul almadıqlarını, qardaşı Ceyhunun və bacısı Ceyhunənin torpaq satıldığı ərəfədə ümumiyyətlə kənddə olmadıqlarını, bacısı Ceyranın isə 2005-ci ildə evlənərək Şərur rayon Maxta kəndində yaşadığını ona görə də razılıq ərizələrini onların imzalaya bilməyəcəyini, hamısının imzalarını Mehmanın saxtalaşdırıldığını bildirərək məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı5 izahatında digər iddiaçılarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 2005-ci ildə evlənərək Şərur rayon Maxta kəndində yaşadığını, torpağın satılmasından xəbərlərinin olmadığını, razılıq ərizəsini imzalamadığını bildirərək məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 izahatında hazırkı mübahisəli torpaq sahəsinin onların evinin qarşısında yerləşdiyini, bir gün X13 onlara gələrək, həmin torpaq sahəsini satmaq istədiyini bildirərək, onlara münasib olduğu üçün onlara almaqlarını təklif etdiyini, onunda valideyniləri ilə məsləhətləşəcəyini bildirdiyini, daha sonra onun yenə gəldiyini və həmin torpaq sahəsini 8000 manata satmaq istədiyini bildirdiyini, Müzəffərlə torpaq sahəsinin qiyməti barədə 7000 manata razılığa gəldiklərini, Müzəffər uşaqlarının və yoldaşının razılıq ərizələrini aldıqdan sonra ona xəbər edəcəyini dediyini, bir neçə gün sonra Müzəffərin onu evinə çağırdığını, razılaşdıqları kimi 7000 (yeddi min) manat puluda götürərək onların evinə getdiyini, Müzəffər cibindən bir neçə kağız çıxararaq “uşaqlarının hamısının razılığını aldığını” dediyini, hamısını bir-bir ona göstərdiyini, notariusla danışıb vaxt müəyyən etdikdən sonra notariusa gedəcəkləri barədə razılaşdıqlarını, Müzəffərin pulu sayaraq qəbul etdiyini, notariusa getdiklərini, Müzəffərin və uşaqlarının orada olduqlarını, müqavilə bağlayaraq torpaq sahəsini ondan aldığını, həmin torpaq sahəsini 2007-ci ildən təxminən 2010-cu ilə qədər icarəyə verdiyini, daha sonra isə bugünə qədər özünün istifadə etdiyini, iddiaçıların 2014-cü ildə kəndə gəldiklərini, həmin vaxtdan torpaq sahəsindən istifadə etdiyimi bilirdiklərini, lakin bu barədə mənə heç nə demədiklərini, sonradan Müzəffər və onun ailəsi ona torpaq sahəsini qanunsuz aldığını dediklərini və ondan torpaq sahəsini geri qaytarmağımı tələb etdiklərini, 2021-ci ilin sentyabr ayında onu Şərur rayon Prokurorluğuna dəvət etdiklərini və orada izahat verərək, torpağın pulunu ödəyib satın aldığını və heç bir qanunsuz hərəkət etmədiyini bildirdiyini, indi torpağın qiyməti qalxdığı üçün ondan həmin torpaq sahəsini geri qaytararaq, başqasına satıb daha çox qazanc əldə etmək istədiyini, çünki Müzəffərin Şərur rayon Mərkəzi xəstəxanasında ondan əlavə 4000 (dörd min) manat pul istədiyini, həmin pulu vermədiyi üçün onu məhkəməyə verdiyini, həmçinin məhkəmə iclasında torpağın satılmasına dair ailə üzvlərinin ərizədəki imzaların onun ailə üzvləri tərəfindən imzalanmadıqları, yalnız öz ərizəsində olan imzanın Müzəffərin özünün imzaladığının müəyyən olunduğunu, həmin ərizələrdəki imzaların saxtalaşdırılmasından xəbərinin olmadığını, belə bir hal olarsada Müzəffərin dələduzluq etmək məqsədi ilə bunu etdiyindən əmin olduğunu, çünki onun evində olarkən ailə üzvlərinin yanında həmin razılıq ərizələrini Müzəffərin cibindən çıxararaq ona göstərdiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şərur rayon 2 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Şərur rayon 2 saylı notariat ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 27 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasına cavabdehin vəsatəti ilə dəvət edilən şahid X15 ifadəsində Müzəffərlə heç bir qaydada sövdələşmədiklərini, ona nə pul verdiyini, nə də ki, ondan torpaq sahəsi almadığını, eyni kəndli olduğumuz üçün eşitmişəm ki, torpaq sahəsini bibim qızı Dilarəyə 7000 manata satıb, həmin pulada Bakı şəhərində qazel alaraq sərnişindaşıma ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X25 ifadəsində Cavabdeh1 qonşusu olduğunu, təxminən 3-4 il əvvəlki illərdə bir neçə dəfə Dilarənin torpaq sahəsindən biçilmiş otu Cahangirin lapetinə yiğaraq Dilarənin həyətinə daşıdığını bildirmişdir. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X18 ifadəsində 2015-ci ildə Cavabdeh1 torpaq sahəsindən otu at arabası ilə Dilarənin həyətinə apardığını bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X14 ifadəsində uzun müddətdir ki, Qaraburc kəndində yaşadığını, Dilarənin əkib becərdiyi torpaq sahəsinin əvvəllər Müzəfərin olduğunu, daha sonra həmin torpaq sahəsini Dilarənin aldığını, bu barədə kənddə hamının məlumatı olduğunu bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X8 ifadəsində traktor işlətdiyini, 10 ildən artıqdır ki, Dilarənin torpaq sahəsindəki otu biçdiyini, dırmıqladığını, bir neçə dəfə də Ələsgərlə lapetə yığaraq Dilarənin həyətinə daşıdığını, sonuncu dəfə 2022-ci ilin yaz aylarında həmin torpaq sahəsini şumladığını, şumlayan zaman Orucun ona həmin torpaq sahəsinin onlara məxsus olduğunu dediyini, Dilarə dediyi üçün torpaq sahəsinin şumladığını, ona nə sözü varsa Dilarəyə deməsini bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X19 ifadəsində Cavabdeh1 onun qaynanası olduğunu, 2015-ci ildə ailə qurduqdan sonra 2018-ci ilə qədər Dilarə həmin torpaq sahəsindən ildə bir dəfə ona ot verdiyini, otu biçərək özünün həyətinə daşıdığını bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X20 ifadəsində 2021-ci ildə Dilarənin torpaq sahəsində biçilən otu pres vurduğunu, 2022-ci ilin yaz aylarında isə həmin torpaq sahəsinə yonca toxumu əkdiyini bildirdi. Məhkəmə iş üzrə təflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 12 iyul 2007-ci il tarixli 4-Ə-58 №li müqavilədən görünür ki, İddiaçı1 Şərur rayon Qaraburc kəndində yerləşən 11450.2 kv.m torpaq sahəsini vətəndaş Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, MH № ******* seriyalı, **********48 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şərur rayon Qaraburc kəndində yerləşən 11450.02 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 02 iyul 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, İddiaçı6, İddiaçı3, X11, X1 onlara məxsus olan 11450.02 kv.m pay torpaq sahəsini İddiaçı1 tərəfindən Qaraburc kənd sakini Cavabdeh1 satmasına etirazları yoxdur. İş materiallarında olan JN0038, KOD 10216028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Qaraburc kəndində 1.97 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şərur rayon Prokurorluğunun 14 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəində göstərilənlərə əsasən İddiaçı1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. X24 və X10 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işin başlanmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 346 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş İddiaçı1 adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007ci il tarixli ərizədə “imza” sözü qarşısındakı imza İddiaçı1 tərəfindən icra olnmuşdur. Ekspertizaya təqdim olunmuş 12 iyul 2007-ci il tarixli 4-Ə-58 reyestr nömrəli müqavilənin aşağısında “İmzalar” hissəsində 1-ci sırada “Cəfərov M” əlyazmaları və “Cəfərov M” əlyazmaları önündəki imza, 2-ci sırada “Qəhrəmanova D” əlyazmaları və “Qəhrəmanova D” əlyazmaları önündəki imza İddiaçı1 adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar, X11 adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar və “imza” sözü qarşısındakı imza, Sadiqova (Cəfərova) Ceyran Müzəffər qızı adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar və “imza” sözü qarşısındakı imza, Hümbətova (Cəfərova) Ceyhunə Müzəffər qızı adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar və “imza” sözü qarşısındakı imza, İddiaçı3 adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar və “imza” sözü qarşısındakı imza, İddiaçı6 adından Şərur rayon notariat kontoru adına olan 02 iyul 2007-ci il tarixli ərizədəki əlyazmalar və “imza” sözü qarşısındakı imza X32 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Şərur rayon Qaraburc kənd sakini İddiaçı1 Şərur rayon prokurorluğuna ünvanladığı ərizəsində ünvan 2irdə dövlət orqanlarını narahat etməyəcəyinə, ağsaqqal və yaşlı olduğu üçün, həm də əsəbləşdiyi üçün etdiyi əməldən peşman olduğu, bununla bağlı onun bağışlanmasını, ərizəsinin öz sözləri ilə prokurorluğun müstəntiqi X26 tərəfindən yazıldığı, gələcəkdə də bunula bağlı şikayət tələbinin olmayacağı, ərizəsini öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Şərur rayon Qaraburc kənd sakini İddiaçı2 Şərur rayon prokurorluğuna ünvanladığı ərizəsində Şərur rayon prokurorluğunda 05c-21 saylı materialda yazılanlarla bağlı İddiaçı1 (yoldaşı) birdə dövlət orqanlarına əsassız şikayət etməyəcəyini, ağsaqqal və yaşlı olduğu üçün, həm də əsəbləşdiyi üçün yalan məlumatla bağlı onun bağışlanmasını, gələcəkdə də bunula bağlı şikayət tələbinin olmayacağı, ərizəsinin öz sözləri ilə prokurorluğun müstəntiqi X26 tərəfindən yazıldığı, ona uadan oxunduğu, ərizəsini öz imzası ilə təsdiq etdiyini bildirmişdir. Beləliklə də məhkəmə tədqiqatı zamanı iş materialında olan Şərur rayon ikinci dövlət notariat kontorunun 12 iyul 2007-ci il tarixli, 4-Ə-58 №li alqı satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, İddiaçı1 Şərur rayon Qaraburc kəndində yerləşən 11450.2 kvadratmetr torpaq sahəsini vətəndaş Cavabdeh1 satmış, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, MH № ******* seriyalı, **********48 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şərur rayon Qaraburc kəndində yerləşən 11450.02 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Haliyədə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Şərur Rayon Məhkəməsində iddia qaldıraraq 12 iyul 2007-ci il tarixdə Şərur rayon 2-ci Notariat Ofisində İddiaçı1 iə Cavabdeh1 arasında bağlanmış və 4/Ə-58 nömrə ilə reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və müqavilədən doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia tələbi əsassızdır. Belə ki, Şərur rayon prokurorluğunda təyin edilmiş ekspertizanın nəticəsi olaraq ekspertin rəyi ilə hazırki mübahisəli torpaq sahəsinin Cavabdeh1 satılmasına razılıq verməsinə dair notariat kontoruna müraciət ərizəsindəki imzanın İddiaçı1 tərəfindən icra olunmasının müəyyən olunması müəyyən olunmuş, həmçinin məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 hazırki mübahisəli torpaq sahəsindən özünə düşən payı Cavabdeh1 verməyə razı olsa da, cavabdehin yenə də digər iddiaçıların paylarını geri qaytarmağa borclu olduğunu bildirməsi ilə həmin torpaq sahəsinin satılmasından xəbərinin olmasını dolayısı ilə etiraf etmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında Müzəffərlə torpaq sahəsini almaları barədə razılığa gəldiklərini, Müzəffər uşaqlarının və yoldaşının razılıq ərizələrini aldıqdan sonra ona xəbər edəcəyini dediyini, bir neçə gün sonra Müzəffərin onu evinə çağırdığını, razılaşdıqları kimi 7000 (yeddi min) manat puluda götürərək onların evinə getdiyini, Müzəffər cibindən bir neçə kağız çıxararaq “uşaqlarının hamısının razılığını aldığını” dediyini, hamısını bir-bir ona göstərdiyini, notariusla danışıb vaxt müəyyən etdikdən sonra notariusa gedəcəkləri barədə razılaşdıqlarını, Müzəffərin pulu sayaraq qəbul etdiyini, notariusa getdiklərini, Müzəffərin və uşaqlarının orada olduqlarını, müqavilə bağlayaraq torpaq sahəsini ondan aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin həmin torpaq sahəsini 2010-cu ildən başlayaraq uzun müddət əkib becərməsi iddiaçıların gözü qarşısında olmuş, onlar bunu görsə də susub qalması həmin torpaq sahəsinin cavabdehə satılmasını öz hərəkətləri ilə də bilavasitə təsdiq etdiklərini təsdiqləmişlər. Digər tərəfdən iddiaçıların dediyinə görə həmin torpaq sahəsinin cavabdehə satılmasından 2020-ci ilin yayında xəbər tutsalar da bunu bildikləri halda məhkəmə qaydasında mübahisələndirməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə digər tərəfdən yanaşsaq belə, həmçinin iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüquqlarını itirmiş olurlar. Ona görə də, iddiaçıların onlara məxsus olmuş əmlaka dair alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq hüquqlarını itirmələri onların hazırkı iş üzrə iddialarının mahiyyətcə araşdırılmadan rədd edilməsi üçün də yetərlidir. Məhkmə qeyd edir ki, hazırki vəziyyətdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməklə tərəflər arasında bağlanmış əqdin şübhə altına alınması mülki dövriyyənin sabitliyinin pozulmasına, mülki dövriyyənin davamlılığına, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına xələl gətirməklə yanaşı əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməsinə, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxararmış olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 567-ci maddəsinə əsasənalqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsinə dair İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış “Alqı-Satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə tələb həm də vicdanlılıq prinsipi nöqteyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi Şərur rayon ikinci dövlət notariat kontorunda bağlanmış 12 iyul 2007-ci il tarixli, 4-Ə-58 №li “Alqı-Satqı müqaviləsi”nə əsasən Cavabdeh1 satmış və hazırda həmin əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0.02.2007-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmin qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il“““tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan məhkəmə hesab edir ki, hazırki iş üzrə cavbdeh Cavabdeh1 vicdanlı alıcıdır. Bunun əksini təsdiq edən mötəbər sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, habelə bu tələbdən doğan hüquqi nəticələrin ləğvi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “Şərur rayon Notariat Ofisinin xx.xx.2007-ci il tarixli 4-Ə-58 №-li reyestrlə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbi barədə” iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar