Məhkəmə qərarları › İş №2(110)-242/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-242/2025

23.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-242/2025 23.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X10 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək övladı-Şərur rayon Çəmənli kənd sakini xx.xx.1979-cu il təvəllüdlü Heydərova Səadət Vaqif qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış qızı Heydərova Səadət Vaqif qızı 05 mart 1979-cu ildə Şərur rayonu Mahmudkənd kəndində anadan olmuşdur. Səadət xx.xx.2013-cü ildən “Şizofreniya, sadə forma, oliqofreniyayabənzər qüsurla” xəstəliyindən əziyyət çəkir. İddiaçının sözlərinə görə, uzun müddət müalicə olunmasına çalışılsa da, onun sağalması mümkün olmamışdır. Səadət səhhəti ilə əlaqədar məktəbə gedə bilməmiş, hazırda isə yetkinlik yaşına çatmasına baxmayaraq, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hüquqlarının həyata keçirilməsində ciddi çətinliklər çəkir. O, 1-ci qrup əlil hesab olunur. Müalicəsi ilə bağlı həkim yoxlamalarından keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün daim başqasının köməyinə ehtiyac duyur. Bu səbəbdən Heydərova Səadət Vaqif qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və üzərində qəyyum təyin olunmasına ehtiyac vardır. Qanunvericiliyə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyətli olub-olmaması və ya məhdud fəaliyyət qabiliyyətli sayılması yalnız məhkəmə tərəfindən müəyyən olunur. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək Heydərova Səadət Vaqif qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tələb edir və bu tələbi təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirirək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə ərizəçinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Heydərova Səadət Vaqif qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü, anası ilə birlikdə yaşadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Vİİ-ЖГ 403643 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Heydərova Səadət Vaqif qızı xx.xx.1979-cu il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Mahmud kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 21/08 №li arayışdan görünür ki, Heydərova X9 rayonunun Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2-195 saylı arayışından görünür ki, 1979-cu il tarixdə doğulmuş Heydərova Səadət Vaqif qızı xx.xx.2013-cü ildən “Şizofreniya, sadə forma, oliqofreniyayabənzər qüsurla”diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli, 147 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyindən görünür ki, Heydərova Səadət Vaqif qızı “Şizofreniya, sadə forma, oliqofreniyayabənzər qüsurla” psixi xəstəliyindən əziyyət çəkir. Heydərova Səadət Vaqif qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Heydərova Səadət Vaqif qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlatını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - Heydərova Səadət Vaqif qızının iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Heydərova Səadət Vaqif qızının xx.xx.1979-cu il tarixdə Şərur rayonunun Mahmudkənd kəndində doğulması, onun hazırda Şərur rayonunun Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, Ərizəçi onun anası olması, Heydərova Səadət Vaqif qızının birinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Heydərova Səadət Vaqif qızının anası, yəni yaxın qohumu olduğundan o, Heydərova Səadət Vaqif qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, Heydərova Səadət Vaqif qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Heydərova X4, sadə forma, oliqofreniyayabənzər qüsur və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.1979-cu il tarixdə Şərur rayonu Mahmudkənd kəndində doğulan və Şərur rayonu Mahmudkənd kəndində yaşayan Heydərova Səadət Vaqif qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.1979-cu il tarixdə Şərur rayonunun Mahmudkənd kəndində doğulmaqla, həmin ünvanda yaşayan Heydərova Səadət Vaqif qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar