Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-257/2025 24.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X15 oğlunun sədrliyi, X16 katibliyi, ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək qızı Şərur rayonunun Yengicə kənd sakini X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi qızı X4 1997-ci ildə Şərur rayon Yengicə kəndində anadan olduğunu, qızına anadangəlmə əqli gerilik diaqnozunun qoyulduğunu, qızının müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, ona təyin olunan sosial təminatla bağlı kartının müddətinin keçdiyini, yeni kart almaq üçün bankda imza etməyə və ya onun yerinə almağı üçün notariat ofisində etibarnamə verdikdə çətinlik yarandığını, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini, qızının anadangəlmə əqli və fiziki cəhətdən xəstə olduğunu, onun pensiyasını ala bilmədiklərini, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Səma Mirsalam qızının həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Şərur rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, Az-İ 291066 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə Şərur rayonunun Yengicə kəndində doğulmuşdur, onun atası X5, anası isə X6r. İş materiallarında olan Ərizəçi məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən, o cümlədən Naxçıvan MR Şərur rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, Az-İ 291066 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X4 atası Şərur rayonunun Yengicə kənd sakini Ərizəçi adı xx.xx.2003-cü il tarixli, Az-İ 291066 nömrəli doğum haqqında şəhadətnamədə “Mirsalam” kimi qeyd olunsa da, ona məxsus şəxsiyyət vəsiqəsində “Salam” kimi qeyd olunmuşdur. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Yengicə kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31 №-li arayışdan görünür ki, X2 rayonunun Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 1997-ci il təvəllüdlü X7 “anadangəlmə əqli gerilik, imbesillik səviyyəsində” 1-ci dərəcəli, müddətsiz əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2-819/2025 saylı ekspert rəyindən görünür ki, xx.xx.1997-ci il tarixdə doğulmuş X7 “Ağır əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X4 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - X4 iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X4 xx.xx.1997-ci il tarixdə Şərur rayonunun Yengicə kəndində doğulması, onun hazırda Şərur rayonunun Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, Ərizəçi onun atası olması, X4 birinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 atası, yəni yaxın qohumu olduğundan o, X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin olunmalı; - xx.xx.1997-ci il tarixdə Şərur rayonunun Yengicə kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Yengicə kənd sakini xx.xx.1997-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-257/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-257/2025
24.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver