Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-368/2021 23.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və onun dəyərinin tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh onun istifadəsinə verdikləri “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsinin (mopedin) geri qaytarılması və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq onlara verilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 13.08.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və ya onun təyərinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, hazırda iddianı müdafiə etdiklərini, lakin məhkəmə iclaslarının artıq 3 dəfə təxirə salındığını, yol uzaq olduğundan və koronavirus pandemiyası səbəbindən məhkəmədə iştirak edə bilmədiklərini, Cavabdehla onlar arasında müqavilə olduğunu, həmin müqavilənin şəxsən onun tərəfindən imzalandığını, onların tələbinin əsasını həmin müqavilənin təşkil etdiyini, müqavilənin mübahisələndirilmədiyi müddətdə qüvvədə olduğunu, onların iddialarının əsası olan kifayət qədər sübutları məhkəməyə təqdim etdiklərini, Cavabdeh heç bir etirazının ola bilməyəcəyini, çünki müqaviləni oxuyub imzaladığını, şərtlər ona məlum olduğundan qəbul etdiyini, etirazı olsa belə etirazının əsasını sübut etmək yükünün onun üzərinə düşdüyünü, əvvəlcədən məhkəməyə teleqram və elektron məktub ünvanladıqlarını, lakin məhkəmə iclaslarının təxirə salındığını, hazırda yenə də məhkəmədə iştirak edə bilməyəcəklərini, iştirakları olmadan işə baxılmasını istədiklərini, işə iştirakları olmadan baxıb, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində 13.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən "xxxx" MMC-dən 1699 manat dəyərində “Skuter Moon ZX50QT-7” markalı yeni, işlək vəziyyətdə olan moped aldıqlarını, 13.02.2021-ci il tarixdə Cavabdeh ilə bağladıqları müqavilə əsasında həmin mopedi onun istifadəsinə verdiklərini, müqavilə şərtlərinə əsasən cavabdehin ilkin olaraq 30 manat depozit qoyduğunu, gündəlik 9 manat olmaqla 3 gündən bir ödəniş etməyi, nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamağı, yararsız hala düşsə və ya oğurlansa dəyərinin tam ödənilməsi barədə məsuliyyət daşımağı öhdəsinə götürdüyünü, cavabdehin mopeddən istifadəyə görə 1 ay yarım ümumilikdə 200 manat ödəniş etdiyini, daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını, belə ki, cavabdehin sonradan mobil telefonlara cavab vermədiyini və gündəlik ödənişləri ödəmədiyini, onların bundan sonra Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsinə şikayətlə müraciət etdiklərini, araşdırma aparıldığını, cavabdehin izahatının alındığını, cavabdehin izahatında onlardan istifadə üçün moped aldığını, mopedin onda olduğunu etiraf etdiyini, mopedi və ya onun dəyərini yaxın zamanda ödəyəcəyini bildirdiyini, həmçinin onların hazırda cavabdehdən yanlız onun istifadəsinə verdikləri mopedi yaxud onun dəyərini tələb etdiklərini, halbuki cavabdehin müqavilə şərtlərinə əsasən mopeddən istifadə etdiyi üçün müəyyən olunmuş ödənişləri ödəməyi öhdəsinə götürdüyünü, cavabdehlə əlaqə saxlamağın mümkün olmadığını, onun öhdəliklərini icra etmədiyini və mopedi qaytarmadığını bildirərək Cavabdeh onun istifadəsinə verdikləri “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsinin (mopedin) geri qaytarılması və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq onlara verilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 13.02.2021-ci il tarixli alqı-satqı aktın görünür ki, İddiaçı1 Moon ZX50QT- 7 markalı, boz rəngli nəqliyyat vasitəsini “Klass 8 MKR” ünvanlı SKY EKSPRESS satış mərkəzindən almışdır. İş materiallarında olan 13.02.2021-ci il tarixli qəbzdən görünür ki, nəqliyyat vasitəsinin qiyməti 1699 (bir min altı yüz doxsan doqquz) manatdır. İş materiallarında olan 13.02.2021-ci il tarixli 173 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən "xxxx" MMC-yə Skuter Moon ZX50QT-7 markalı nəqliyyat vasitəsi üçün 1699 (bir min altı yüz doxsan doqquz) manat ödəniş edilmişdir. İş materiallarında olan 13.02.2021-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh LİTCB1B1LC524763 kodlu mopedi şəxsi istifadə üçün İddiaçı1 və İddiaçı2 müəyyən müddətə almışdır. Müqavilədə tərəflər qarşılıqlı razılaşmaqla müqavilədə istifadəçinin mopedin isifadəsi üçün sahibkara öncədən müəyyən edilmiş məbləği və ilkin olaraq 30 manat depoziti ödəməsi, ödənişin hər 3 gündən bir qəbul ediləcəyi, nəqliyyat istifadəşidə olduğu müddətdə yaranan nasazlıqlar istifadəçi tərəfindən düzəldiləcəyi, nəqliyyat oğurlandıqda və ya istifadəyə yararsız vəziyyətdə olduqda məsuliyyəti istifadəçinin daşıyacağı, nəqliyyat vasitəsi yararsız və oğurlanmış olduqda istifadəçi nəqliyyat vasitəsinin tam ödənişini edəcəyi, ödəyə bilməyəcəyi təqdirdə nəqliyyat vasitəsinin tam qiyməti müqabilində günlük və ya aylıq ödənişini etməli olması, hər 1000 km-dən bir yağ, 5000 km-dən bir təkər, 4000 km-dən bir remen, 10000 km-dən bir tros, 5000 km-dən bir əyləc bəndlərinin istifadəçi tərəfindən əvvəlcədən təyin edilmiş ustalar tərəfindən dəyişdiriləcəyi şərtləndirilmişdir. İş materiallarında olan 01.04.2021-ci il tarixli AR DİN Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsinin məktubundan görünür ki, İddiaçı1 mübahisəli məsələ ilə bağlı polis bölməsinə müraciət etmiş, lakin iş mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, 1699 (bir min altı yüz doxsan doqquz) manat dəyərində “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsi İddiaçı1 tərəfindən alınmış, daha sonra İddiaçı1 və İddiaçı2 tərəfindən həmin nəqliyyat vasitəsi müqavilə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh müqavilə şərtlərinə əsasən “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsindən istifadə etməklə müqavilə müəyyən olunmuş ödənişləri ödəməyi öhdəsinə götürsə də, o, üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən iddiaçılar əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manatın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən iddia təmin edilərək Cavabdeh “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsi və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçıların tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı mülki iş üzrə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı1 Moon ZX50QT-7 markalı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, LİTCB1B1LC524763 kodlu moped Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Məhkəmə yuxarıda qeyd edilənlərin yekunu olaraq bu qənaətə gəlir ki, Cavabdeh istifadəsində olan “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsi (moped) və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360- cı maddələrini rəhbər tutaraq Məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh istifadəsində olan “Skuter Moon ZX50QT-7” markalı nəqliyyat vasitəsi (moped) və ya onun dəyəri olan 1699 (bir min altı yüz doxsan doqquz) manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-368/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-368/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver