Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-446/2021 26.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi il məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında 09.04.2010-cu il tarixdə JN-759A və JN-759C nömrəli şəhadətnamələrə əsasən verilmiş Şərur rayon Yengicə kəndində yerləşən torpaq sahələrinin və 12.06.2013-cü il tarixdə 000876 nömrəli 01.08.2006-cı il tarixli çıxarışa əsasən Şərur rayon Yengicə kəndində yerləşən fərdi yaşayış evinin bağışlanma müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyesterində Cavabdeh2 adına qeydə alınmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi həyat yoldaşı Cavabdeh1 ilə 24 aprel 1990-cı il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikah dövründə bir sıra əmlak və torpaq sahələri əldə etdiklərini, həyat yoldaşı 09.04.2010-cu il tarixdə mülkiyyətində olan Şərur rayon Yengicə kəndində yerləşən torpaq sahələrini, 12.06.2013cü il tarixdə Şərur rayon Yengicə kəndində yerləşən fərdi yaşayış evlərini qardaşı Cavabdeh2 bağışladığını, onların həmin torpaq sahələrinin üzərində yerləşən tikinti materilları mağazalarının olduğunu, bağışlanma zamanı notariat orqanı qanunsuzluq edərək onun razılığını almadığını, buna görə də baş verənlərdən xəbərinin olmadığını, həmin mağazanı kürəkəni işlətdiyindən bu zamana qədər heç bir problem yaranmadığını, bu yaxınlarda həmin mağazanı kürəkənindən alıb başqasının istifadəsinə verəndə bundan xəbərinin olduğunu, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında birtərəfli iflic xəstəliyi ilə əlaqədar olaraq fikrini tam çatdıra bilmədiyini, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etdiyini, onların adına olan fərdi yaşayış evini və torpaq sahəsinin qardaşı Cavabdeh2 bağışladığını, təzyiq göstərib hədə-qorxu gəldiyi üçün ona bağışladığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iddiaya etiraz edərək 16.07.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, 2010-cu ildə ona “bağışlanan” həmin torpaq sahələrini o vaxtilə qonşulardan alıb öz həyətinə qatmışdır. Lakin o Bakıda olduğundan qardaşının adına sənədləşdirmişdir. Həmin torpaq sahələri və ona bitişik olan 1977-ci ildən adına olan ərazidə özünə yaşayış evi tikmişdir. Qardaşı Cavabdeh1 əvvəldən ata mülkündə valideynləri ilə birlikdə yaşayıbdır. Hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2013cü il tarixli müqavilə ilə bağlı isə bildirmişdir ki, həm yaşayış sahəsi yol qırağında yerləşirdi. O həmin əmlakı 1998-ci ildə X2 və X1 qardaşı İlhamın adına alıb. Həmin torpaq sahəsini qeyri yaşayış sahəsinə çevirərək orada inşaat materialları mağazası açıb və özünün Bakı şəhərində tikinti biznesi olduğundan işlətmək və ailəsini dolandırmaq üçün qardaşı İlahama verib. Sonradan qardaşı İlham spirtli içkiyə qurşanaraq yüngül həyat tərzi keçirməyə başladığından külli miqdarda borcu yaranıb, ona aldığı 7 hektar torpaq sahəsini də satıb. O da İlhamın borclarını ödədikdən sonra onun adına aldığı torpaq sahəsini və tikinti materialları mağazasını İlhamın satacağından ehtiyat edərək yenidən öz adına keçirib. Həmin vaxt da notariat orqanında Cavabdeh1 və arvadı Lala və böyük qızları Aysəm ərizə verərək torpaq və obyektinin öz adına keçirilməsinə razılıq veriblər. Hazırda mübahisənin yaranmasının səbəbi isə həmin tikinti materialları mağazasında satıcı olan qardaşı İlhamın kürəkəni Elşənin mağazada olan tikinti mallarını satıb pullarını mənimsəyərək ona ziyan vurduğuna görə mağazadan uzaqlaşdırmağı olmuşdur. Cavabdeh ərizəsində əlavə olaraq göstərib ki, İlhamın arvadı hazırda birtərəfli paralic olub, onun iddia qaldırmaq fikri də yoxdur. Bütün bunlar qardaşı İlhamın əməlləridir. İlhamın uşaqları da atasının bu hərəkətindən narazıdırlar. Buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 24.04.1990-cu il tarixli V-ЖГ № 377057 nömrəli nikahın haqqında çıxarışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı 24.04.1990 -cı il tarixdə 27 nömrə ilə bağlanmışdır. İş materiallarında olan 12.06.2013-cu il tarixli, 4-Ə-115 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh1 NAX. MR. DƏDR xidmətinin 000876 saylı 01.08.2006-cı il tarixli çıxarışına və 30.05.2013 tarixli 1427 saylı arayışına əsasən ona məxsusu olan Şərur rayon Yengicə kəndində 1008.58 kv.m torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 32.4 kv.m yaşayış sahəsi olan 16.4 olan bir otaqlı fərdi yaşayış evini qardaşı Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 09.04.2010-cu il tarixli 4-Ə-61 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh1 NAX. MR. DƏDR xidmətinin 706 saylı 07.04.2010-cu il tarixli arayışına əsasən ona məxsusu olan Şərur rayon Yengicə kəndində yerləşən 0.0814 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 09.04.2010-cu il tarixli 4-Ə-60 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh1 NAX. MR. DƏDR xidmətinin 708 saylı 07.04.2010-cu il tarixli arayışına əsasən ona məxsus olan Şərur rayon Yengicə kəndində yerləşən 0.0584 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 30.10.2018-ci il tarixli **********14 reyster nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, 1270.14 m2 torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 12.06.2013-cu il tarixli, 4-Ə-115 reyestr nömrəli, 04.2010-cu il tarixli 4-Ə-61 reyestr nömrəli, 09.04.2010-cu il tarixli 4-Ə-60 reyestr nömrəli bağışlama müqavilələrinə dair notariat işlərinin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1, İddiaçı və Həsənova (Axundova) Aysəm İlham qızı torpaq sahələrinin və fərdi yaşayış evini Cavabdeh2 bağışlaması haqqında notariat orqanına ərizə tədim etmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatlarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı 24.04.1990-cı il tarixdə nikaha daxil olublar. Birgə nikahda olduqları müddətdə Cavabdeh1, İddiaçı həmin vaxt yetkinlik yaşına çatmış uşaqları Həsənova (Axundova) Aysəm İlham qızının notariat orqanında təsdiq olunmuş yazılı razılığı ilə onlara məxsus olan torpaq sahələrini və əvvəl yaşayış sahəsi, sonradan ticarət obyekti olan daşınmaz əmlakı Cavabdeh2 bağışlamışlar. İddiaçı səhhəti ilə bağlı məhkəmədə izahat verə bilməmiş, iddianı müdəfiə etdiyini bildirmiş, Cavabdeh1 məhkəmədə izahat verən zaman notariat işində olan ərizələrin onlar tərəfindən imzalandığını, lakin Cavabdeh2 onun xeyli miqdarda borcunu ödəməsi qarşılığında onlara hədə-qorxu gəldiyini, təzyiq göstərdiyi üçün həmin sahələri ona bağışladığını göstərmişdir. Cavabdeh2 yuxarıda qeyd edilən məzmunda məhkəməyə etiraz ərizəsi göndərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Mülki Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1-ci madəsinə görə isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və daşınmaz əşyalara hüququ olan ərin, arvadın və yetkinlik yaşına çatmış uşağın razılığı alınmışdır və şəxslərin öz imzaları ilə təsdiq edilərək notariat işinə əlavə olunmuşdur. İş üzrə iddiaçı tərəf ilk öncə onların bağışlanma müqavilələri bağlanan zaman razılıq ərizələrinin olmadığına istinad etsə də, sonradan məhkəmə araşdırması zamanı tələb olunub alınmış notariat işinin və həmin işdə olan ərizələrin tədqiqindən sonra, iddiaçının əri iş üzrə Cavabdeh1 (əslində isə iddiaçının mövqeyindən çıxış edən) ərizələrin onlar tərəfindən imzalandığını lakin müqavilənin qardaşına olan borcuna görə qardaşı tərəfindən edilmiş hədə qorxu nəticəsində bağlandığını qeyd etmişdir. Cavabdeh1 tərəfindən qeyd edilən hədə qorxu ilə əqdin bağlanılmasına nail olunmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa bağışlama müqavilələrinin 2010 və 2013-cü illərdə bağlanmasını və hədə qorxu ilə müqavilə bağlanılmasının iddiaçıya və onun ailə üzvlərinə həmin vaxtdan bəlli olmasını nəzərə alsaq ötən müddət ərzində idiaçının və ya onun ailə üzvlərinin məhkəmədə iddia qaldırmaması ağılabatan hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-446/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-446/2021
26.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver