Məhkəmə qərarları › İş №2(110)-448/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-448/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-448/2023 25.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-356/2020 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağa 200 manat olmaqla, cəmi 400 manat, əlavə xərclərin çəkilməsinə görə bir uşağa görə 50 manat olmaqla, iki uşağa 100 manat, cəmi hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Sədərək rayon Qaraağac kənd İƏD üzrə Nümayəndəlikdə ailə qurduqlarını, birgə nikahdan iki övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 doğulduğunu, Sədərək Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(088)-56/2017 saylı qətnaməsi ilə cavabdeh ilə aralarındakı nikahın pozulması, uşaqların ata ilə qalmasının müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-356/2020 saylı qətnaməsi ilə uşaqların atadan alınıb onun himayəsinə verdiyini və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, uşaqların artıq böyüdüyünü, Suranın 14, Songülün isə 13 yaşı olduğunu, gündəlik zəruri tələbatlarının artdığını, hər birinin 5 fəndən hazırlığa getdiyini, uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq Sədərək Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə nikahın pozulması və uşaqlar atasının yanında qalması müəyyən olunduğunu, nikah pozulduqdan Türkiyəyə valideynlərinin yanına gedərək bir müddət orada yaşadığını, Türkiyədən qayıtdıqdan sonra məhkəmədə uşaqların onun yanımda qalmasını və aliment tələbinə dair iddia qaldırdığını, təyin olunan məbləğin uşaqların ehtiyaclarını ödəmədiyini, uşaqlarını saxlamaq üçün əlindən gələn her şeyi etdiyini, yenə uşaqların ehtiyaclarını qarşılaya bilmədiyini, cavabdehin Bakı şəhərində yaşayıb orada işlədiyini, özünün isə valideynlərinin yanında yaşadığını, onların ehtiyaclarını atasının qarşıladığını, cavabdehin 200 manat alimenti ödədiyini, təyin olunmuş alimentin uşaqların ehtiyaclarını ödəmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, hal-hazırda Bakı şəhərində kirayədə yaşadığını, aylıq 150 manat kirayə ödədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan 2 uşağının olduğunu, anasının xəstə olduğunu, onun da bütün ehtiyaclarını özünün qarşıladığını, Bakı şəhərində ofisiant işlədiyini, aylıq 345 manat əmək haqqı aldığını, heç bir xəstəliyi və əlilliyinin olmadığını, 240 manatdan artıq ödəməyə imkanının olmadığını bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi və Sədərək rayon Qaraağac kənd İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 634030 nömrəli və AZ-İV № 634031 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 174740 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Sədərək rayon Sədərək kənd İƏDN və Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİİ № 965720 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İV № 164937 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 atasıdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 356/2020 saylı qətnaməsindən görünür ki, 11 iyun 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, 02 mart 2009-cu il təvəllüdlü X3 və 05 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh ofisiant işləyir və 345 manat əmək haqqı alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaqları doğulmuşdur. Sədərək Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-356/2020 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması və cavabdehin uşaqların təhsili ilə bağlı əlavə xərclərdə iştirakı üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh Bakı şəhərində ofisinat işləyir və aylıq 345 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini, uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin əmək haqqını, ikinci dəfə nikaha daxil olduğunu, həmin nikahdan 2 uşağın olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının alimentdən əlavə uşaqların təhsilinə görə əlavə xərclər tələb etməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Plenum qərarına əsasən Ailə Məcəlləsinin 80-ci maddəsində valideynlər tərəfindən yalnız yetkinlik yaşına çatmış övladlara görə alimentin ödənilməsi məsələsi tənzimləndiyi halda, Məcəllənin 81-ci maddəsi valideynlərin uşaqlarla yanaşı, yetkinlik yaşına çatmış övladlara görə də əlavə xərclərin ödənilməsində iştirakını tənzimləyir və valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün əsas ola biləcək halların dairəsinin də məhdud olmadığı göstərilir... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Göründüyü kimi, qanunverici məhz uşaqların müalicəsi və onunla əlaqədar olan xərclərin ödənilməsini nəzərdə tutmuşdur. Bu baxımdan həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 18,67 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-356/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Sədərək rayon Qaraağac kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Axaməd kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 18,67 manat (on səkkiz manat altmış yeddi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar