Məhkəmə qərarları › İş №2(110)-524/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-524/2023

14.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-524/2023 14.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyətsizliyinin müəyyən olunmasına dair” ərizəsinə xüsusi icraat qaydasında Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Kosacan kənd sakini Əsədova Sədaqət Cəbrayıl qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, anası Əsədova Sədaqət Cəbrayıl qızının 14 oktyabr 1957-ci ildə Şərur rayon Kosacan kəndində anadan olduğunu, anasına spastik sağ tərəfli hemiplegiya, motor afaziya diaqnozu qoyulduğunu, anasının öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, onun müalicəsi üçün həkim yoxlamalarında keçirilməsi üçün Naxçıvan şəhərinə getdiyində başqalarının köməyinə ehtiyacının olduğunu, bundan əlavə ona təyin edilən sosial təminatla bağlı kartının müddəti keçdiyində yeni kart almaq üçün bankda imza etməyə və ya onun yerinə özünün almağı üçün notariat ofisində etibarnamə verdikdə çətinliklər yarandığını, ona görə də onun fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacının oğlduğunu, şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X5 izahatında iş üzrə qətnamə qəbul edilərkən ekspertiza rəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 01/844 nömrəli 08 may 2023-cü il tarixli arayışından görünür ki, Şərur rayon Kosacan kənd sakini Əsədova X3 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən müddətsiz İ dərəcəli əlil kimi hər ay 200 (iki yüz) manat Prezident təqaüdü alır. - Şərur rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(110)-524/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 25 iyun 2023-cü il tarixli 160 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əsədova Sədaqət Cəbrayıl qızında “Keçirilmiş insultun qalığı. Sağ tərəfli spastik hemiplegiya. Motor afaziya. Zəif koqnitiv enmə” xəstəliyi var. Bu xəstəlik nevroloji xəstəlikdir və ağıl zəifliyi (Demensiya) müşahidə olunmadı. Əsədova Sədaqət Cəbrayıl qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Əsədova Sədaqət Cəbrayıl qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verir. - Şərur rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(110)-524/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 25 iyun 2023-cü il tarixli 160 saylı Ambulator Məhkəmə- Psixiatrik ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Əsədova Sədaqət Cəbrayıl qızında “Keçirilmiş insultun qalığı. Sağ tərəfli spastik hemiplegiya. Motor afaziya. Zəif koqnitiv enmə” xəstəliyi var. Bu xəstəlik nevroloji xəstəlikdir və ağıl zəifliyi (Demensiya) müşahidə olunmadı. Əsədova Sədaqət Cəbrayıl qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Onun ailə üzvlərinin qayğısına, qulluğuna ehtiyacı olsa da, onda ağıl zəifliyi və ruhi xəstəlik əlamətləri müşahidə edilmir. Bu isə onu deməyə əsas verir ki, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir...; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi 14 oktyabr 1957-ci il tarixdə Şərur rayon Kosacan kəndində doğulmuş və Şərur rayon Kosacan kəndində yaşayan Əsədova Sədaqət Cəbrayıl qızının “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi 14 oktyabr 1957-ci il tarixdə Şərur rayon Kosacan kəndində doğulmuş və Şərur rayon Kosacan kəndində yaşayan Əsədova Sədaqət Cəbrayıl qızının “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar