Məhkəmə qərarları › İş №2(110)-531/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-531/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-531/2022 27.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun kompensasiya verilməsi yolu ilə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 öz mülkiyyətində olan Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən evinin tərkib hissəsində yaşayış və istifadə hüququna 6000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən haliyədə onun mülkiyyətində olan fərdi yaşayış evi olduğunu, həmin evin əvvəllər anası X1 adına olduğunu, anası vəfat edəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında bacısı X3 adına qeydə alındığını, lakin həmin əmlakla bağlı mübahisə olduğundan bacısının evdə yaşaya bilmədiyini, Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə evdə yaşayan qardaşı oğlu Cavabdeh1 və qardaşının arvadı Cavabdeh2 evdə yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsinin qət edildiyini, kompensasiya məbləği ilə razılaşmayan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verdiyini, həmin şikayət üzrə Şərur rayon Məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğinin az olması səbəbilə iddianın rədd edildiyini, apellyasiya məhkəməsində Qızxanımın ona təklif olunan 6000 manatla razılaşmadığını, hazırda həmin əmlakın onun mülkiyyətində olduğunu, həmin məbləği verməyə razı olduğunu, lakin cavabdehlərin həmin məbləği də qəbul etmək istəmədiklərini, bu barədə onlara dəfələrlə müraciət etsə də nəticəsi olmadığını, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq heç bir yerdə işləmədiyini, xəstə olduğu üçün indiyə qədər 15 dəfə əməliyyat olunduğunu, özünün 2-ci qrup əlil olduğunu, 1 ildir ki, ərindən ayrıldığını və Şərur rayon Yengicə kəndində bacısı ilə kirayədə qaldığını, 150 manat kirayə pulunu belə çadırıb ödəyə bilmədiklərini, ev sahibindən xahiş edərək kirayəni 130 manata endirdiklərini, oğlunun hərbiçi olduğunu, qızının isə məktəbə getdiyini, onun xərclərini də çatdırıb ödəyə bilmədiyini, qızının atasının da maddi köməklik etmədiyini, bacısının əvvəlki məhkəmə proseslərində kompensasiya ödəyə bilməsi üçün bankdan kredit götürdüyünü, ona görə də hazırda 186 manat kredit ödədiyini, daha çox kompensasiya ödəməyin qeyrimümkün olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, doğulduğu vaxtdan həmin evdə yaşadığını, iddiaçının təklif etdiyi 6000 manatla özlərinə ev ala bilməyəcəklərini, başqa qalacaq yerləri olmadığını, özlərinə ev tikə bilmək üçün ən azı 9000 manata razılaşacağını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, 6000 manatla heç nə edə bilməyəcəklərini, ən azı torpaq alıb ev tikmək üçün 10000 manat kompensasiyaya razı olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə İddiaçı adına **********53-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 222/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şərur rayonu Yuxarı Daşarx kəndində 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna iddiaçı X4 tərəfindən 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(108)- 11/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, məhkəmə kollegiyası yetərli kompensasiya məbləğini 6000 manat müəyyən etmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-222/2021 nömrəli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan olan Şərur rayon 2 saylı Notariat Ofisinin məktubundan görünür ki, Şərur şəhəri ərazisində yerləşən mənzillərin kirayə haqqının orta bazar qiyməti 150 manat, Yuxarı Daşarx və onun ətrafındakı kəndlərdə fərdi yaşayış evlərinin orta bazar qiyməti 18000 manat təşkil edir. İş materiallarında olan 261170 nömrəli vəsiqədən görünür ki, İddiaçı ll qrup əlildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, İddiaçı 5340 manat kredit götürmüş, aylıq ödənişi 186.11 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 Şərur rayonu Yuxarı Daşarx kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlərin istifadə hüququna iddiaçı X4 tərəfindən 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Belə ki, Kollegiya kompensasiya məbləğini yetərsiz hesab etmiş və bazar qiymətlərinə uyğun olaraq 6000 manat müəyyən etmişdir. Həmin iş üzrə iddiaçı X4 6000 manat kompensasiya məbləği ilə razılaşmamışdır. Daha sonra X2 rayonu Yuxarı Daşarx kəndində yerləşən həmin yaşayış evini bacısı – hazırkı iş üzrə İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı 6000 manat kompensasiya ödənilməklə cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunmamışdır. Belə ki, cavabdehlər 9000-10000 manat kompensasiya ödənilməsini tələb etmiş, iddiaçı isə 6000 manatdan artıq kompensasiya ödəməyə razı olmamışdır. Məhkəmə yaşayış evinin yerləşdiyi yerə yaxın ərazilərdə evlərin orta bazar qiymətinin 18000 manat olmasını, həmçinin kirayə haqqının Şərur şəhərində 150 manat olmasını, iddiaçının özünün isə 2-ci qrup əlil olmasını, hazırda kirayədə yaşamasını, kredit borclarının olmasını, habelə Naxçıvan MR Ali Məhkəməsində işə baxılarkən 6000 manat kompensasiya məbləği ilə bağlı kollegiyanın mövqeyini, nəzərə alaraq təklif edilən 6000 manat kompensasiyanı ağılabatan hesab edir və iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına görə məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüqunun olması ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi olduğundan məhkəmə həmin şəxslərin istifadə hüqununun yaranması ilə bağlı normaları şərh etməyi zəruri hesab etmir və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 fərdi yaşayış evində yaşamağa ehtiyacları olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehlərə kompensasiya ödənilərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Kompensasiya məbləği ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyini kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsinə olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin müəyyən hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Göründüyü kimi kompensasiya institunun mahiyyəti əmlakdan pay almaq deyil, sırf yaşayış sahəsinə olan ehtiyacın müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını verməkdən ibarətdir. Şərur şəhərində orta kirayə haqqının 150 manat olmasını nəzərə alaraq təklif olunan məbləğin cavabdehlərə nəinki kənddə, hətta Şərur şəhərində belə 3 ildən artıq müddətdə kirayə yaşamaq imkanı verdiyi müəyyən edilir. Həmçinin məhkəmə onu da nəzərə alır ki, mülkiyyətçinin özü hazırda Şərur rayon Yengicə kəndində 130 manata kirayədə yaşayır, 2ci qrup əlildir və aylıq ödənişi 186,11 manat olan kredit borcu vardır. Həmçinin məhkəmə Şərur rayonu Yuxarı Daşarx kəndi ərazisində, bu mümkün olmadıqda bütövlükdə Şərur rayon ərazisində yerləşən evlərin son 6 ayda kirayə və satış qiymətlərinin müəyyən olunması məqsədilə Şərur rayonu ərazisində yerləşən notariat ofisinə sorğu vermiş və həmin ərazi və yaxın kəndlərdə evlərin bazar dəyərinin 18000 manat miqdarında olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği obyektin bazar dəyərinə də münasibətdə yetərli olduğundan iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehlərə 6000 manat kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə məhkəmə xərclərini nəzərdən keçirərək iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şərur rayonunun Yuxarı Daşarx kəndində 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna İddiaçı tərəfindən 6000 (altı min) manat kompensasiya ödənilməklə xitam verilsin. Məhkəmə xərci olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar