Məhkəmə qərarları › İş №2(110)-586/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-586/2022

16.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-586/2022 16.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, ərizəçi X3 və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Siyaqut kənd sakini 01 sentyabr 1995-ci il təvəllüdlü qızı Məmmədova Gülər Ağacan qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmış qızı Məmmədova Gülər Ağacan qızının 01 sentyabr 1995ci il tarixdə Şərur rayon Siyaqut kəndində anadan olduğunu, onun anadangəlm qüsurlu doğulduğunu və xx.xx.2001-ci il tarixdən “anadangəlmə əqli zəiflik, İmbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 qeydiyyatda durduğunu və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ qrup əlil kimi pensiya aldığını, haliyyədə Gülərin yetkinlik yaşında olsa da onun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, Gülərin gündəlik həyatda öz hərəkətlərinin mənasının başa düşmədiyini və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacının olduğunu, ona görə də Gülərin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd edərək, Şərur rayon Siyaqut kənd sakini 01 sentyabr 1995-ci il təvəllüdlü qızı Məmmədova Gülər Ağacan qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında övladının təminatı ilə bağlı müraciət etdiyi idarələrə məcbur qalıb onu özü ilə aparmalı olduğunu, uşağın səhhətində problemlər olduğu üçün əziyyət çəkdiyini, ona görədə övladının qəyyumu təyin olunmağını istədiyini qeyd edərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2“ xx.xx.2022-ci il tarixli 68 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məmmədova Gülər Ağacan qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Məmmədova Gülər Ağacan qızının məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X7 izahatında Şərur rayon Siyaqut kənd sakini 01 sentyabr 1995-ci il təvəllüdlü Məmmədova Gülər Ağacan qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X6 və Ərizəçi, 01 sentyabr 1995-ci il təvəllüdlü qızı Məmmədova Gülər Ağacan qızının valideynləridir. İş materiallarında olan olan Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 054681 nömrəli vəsaiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədova Gülər Ağacan qızı müddətsiz İ qrup əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2022-ci il tarixli 499 nömrəli arayışıdan görünür ki, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Məmmədova Gülər Ağacan qızı xx.xx.2001-ci il tarixdən “anadangəlmə əqli zəiflik, İmbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 qeydiyyatda dayanır. İş materiallarında olan Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2022-ci il tarixli 02/1552 nömrəli arayışıdan görünür ki, Şərur rayon Siyaqut kənd sakini Məmmədova X8 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müddətsiz İ dərəcəli əlil kimi qeydiyyatda durur və hər ay 220 (iki yüz iyirmi) manat müavinət, 130 (bir yüz otuz) manat Prezident Təqaüdü alır. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(110)-586/2022 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2022-ci il tarixli 68 saylı rəyində qeyd olunmuşdur ki, barəsində ekspertiza aparılan Məmmədova Gülər Ağacan qızında “anadangəlmə əqli zəiflik, İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Həmin şəxsin sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(110)-586/2022 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, ərizəçi X3 övladı 01 sentyabr 1995-ci il təvəllüdlü Məmmədova Gülər Ağacan qızının anadangəlmə əqli zəifliyi olduğu üçün gündəlik həyatda öz hərəkətlərinin mənasının başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Eyni zamanda ərizəçi övladının təminatı ilə bağlı müraciət etdiyi idarələrə məcbur qalıb onu özü ilə aparmalı olur, uşağın səhhətində problemlər olduğu üçün əziyyət çəkir, məhz buna görə də məhkəməyə müraciət edərək 01 sentyabr 1995-ci il təvəllüdlü Məmmədova Gülər Ağacan qızının üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Eyni zamanda o da müəyyən olunmuşdur ki, Məmmədova Gülər Ağacan qızı anası, yəni ərizəçi X3 himayəsində yaşayır, onun bütün qayğısı ərizəçi tərəfindən çəkilir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2022-ci il tarixli, 68 saylı rəyində Məmmədova Gülər Ağacan qızında “anadangəlmə əqli zəiflik, İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 68 saylı ekspertiza rəyinə əsasən 01 sentyabr 1995-ci il təvəllüdlü Məmmədova Gülər Ağacan qızının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 01 sentyabr 1995-ci ildə Şərur rayon Siyaqut kəndində doğulmuş və Şərur rayon Siyaqut kəndində yaşayan Məmmədova Gülər Ağacan qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. 01 sentyabr 1995-ci ildə Şərur rayon Siyaqut kəndində doğulmuş və Şərur rayon Siyaqut kəndində yaşayan Məmmədova Gülər Ağacan qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar