Məhkəmə qərarları › İş №2(110)-642/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-642/2024

12.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-642/2024 12.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakdan paylarının müəyyən olunması və naturada bölünməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X6 miras qalmış əmlakdan payların müəyyən olunması və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi mərhum atası X10 xx.xx.2003-cü il tarixdə vəfat etdiyini, Şərur rayon Şəhriyar kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi və üzərində ikimərtəbəli 450 kvm sahəsi olan fərdi yaşayış evi miras qaldığını, atasının ölümündən sonra mübahisəsiz olaraq bir hissədə ailəsi ilə birlikdə mirası qəbul edərək yaşadığını, digər hissədə isə Cavabdeh ailəsi ilə birlikdə və anası X2 mirası qəbul edərək yaşadığını, digər varislərin isə ailə quraraq ayrıldıqlarını, maddi imkanı aşağı olduğuna görə mirasın bir hissəsini öz adına sənədləşdirə bilmədiyini, mirası qəbul etməsini şahidlərin də təsdiq edə biləcəyini bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “X6 miras qalmış əmlakdan payların naturada bölünməsi” hissəsində baxılmamış saxlanılmış, iddia tələbinə “X6 miras qalmış əmlakdan payların müəyyən olunması” tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini və əlavə olaraq Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə miras əmlakdan özünün və cavabdehin mirasın qəbul edilmə faktlarının müəyyən olunduğunu, bacısı Ceyhunənin payından onun xeyrinə imtina etdiyini, öz yaşadığı evin yarasız vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, atası rəhmətə getdikdən sonra o evdə anası ilə birlikdə yaşadığını, iddiaçının həmin evdə yaşamadığını, həyətdə olan başqa evdə yaşadığını, atasının vəfatından sonra onun yeddisi günü Türkiyəyə getdiyini, 10 ildən sonra gəldiyini, həmin torpaq sənədində adı olan anası-İsmətin payından onun xeyrimə imtina etdiyini, bacım Ceyhunənin payından onun xeyrimə imtina etdiyini bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında və verilmiş suallara cavabında öz payından oğlu Elsevərin xeyrinə imtina etdiyini bildirmişdir. İş üzrə müstəqil tərəl irəli sürməyən üçünçü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qayda məlumat verilmiş, iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 012919 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X15 xx.xx.2003cü il tarixdə ölmüşdür. İş materiallarında olan JN-271A kod 10214018 nömrəli və JN-0061 kod 10214018 nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətindən görünür ki, X15 ailə başçısı olmaqla X7, X8, İddiaçı Əsgər oğlu və Cavabdeh Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 0.35 hektar torpaq sahəsi və xx.xx.1997-ci il tarixli 9 nömrəli qərarı ilə 0,44 hektar torpaq sahəsi verilmişdir. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyəti Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 180 nömrəli arayışından görünür ki, X10 vərəsələri X7, X16, Abbasova (Babayeva) Səkinə Əsgər qızı, X12, X4, X11, X8, İddiaçı Əsgər oğlu və Cavabdehdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 586/2021 nömrəli qətnaməsinin (hakim S.Qarayev) surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X6 miras qalmış əmlakın iddiaçı-Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilib, ilkin iddia üzrə cavabdeh X5 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququ olması izah olunub, xx.xx.2003-cü il tarixdə ölmüş X6 miras qalmış əmlakın cavabdeh-İddiaçı Əsgər oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilib. İş materiallarında olan xx.xx.2017-ci il tarixli notarial təsdiqli ərizənin surətindən görünür ki, X1 Əsgər Əli oğlundan miras qalmış əmlakı qəbul etmədiyini, oğlu Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X15 xx.xx.2003-cü il tarixdə vəfat etdikdən sonra X7 və övladları X16, Abbasova (Babayeva) Səkinə Əsgər qızı, X12, X4, X11, X8, İddiaçı Əsgər oğlu və Cavabdeh onun vərəsələri olması müəyyən olunmuşdur. X1 Elsevər Əsgər oğlunun xeyrinə miras payından imtina edib. Şərur Rayon Məhkəməsinin 2(110)-586/2021 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı Əsgər oğlu tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilib. Digər vərəsələr mirası qəbul etməmişlər. X7 mirasdan Cavabdeh xeyrinə imtina etmişdir. Məhkəmə məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə qanun üzrə vərəsəlik zamanı növbəlik əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş, lakin vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hər bir torpaq sahəsi üzrə mərhuma çatan paya münasibətdə İddiaçı 1/3 hissədə payı, Cavabdeh Əskər oğlunun isə 2/3 hissədə payı müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçıa aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2003-cü il tarixdə ölmüş X6 miras qalmış əmlaka İddiaçı 1/3 (üçdə bir) hissədə payı, Cavabdeh Əskər oğlunun isə 2/3 (üçdə iki) hissədə payı müəyyən olunsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar