Məhkəmə qərarları › İş №2(110)-646/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-646/2024

01.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-646/2024 01.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi və ərizəçinin iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Muğancıq Müslüm kənd sakinləri xx.xx.1992-ci il təvəllüdlü X4 və xx.xx.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi yetkinlik yaşına çatmış qızları X4 xx.xx.1992-ci il tarixdə və X2 xx.xx.1994-cü tarixdə Şərur rayon Muğancıq Müslüm kəndində anadan olduqlarını, onların anadangəlmə əqli gerilik xəstəsi olduğunu, onların müalicəsi üçün uzun müddət çalışsalar da sağalmalarının mümkün olmadığını, onların səhhəti ilə əlaqədar məktəbə gedə bilmədiyini, haliyədə yetkinlik yaşında olsalar da öz hərəkətlərinə rəhbərlik edə bilmədiklərini, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər yarandığını, 1-ci qrup əlil olduqlarını, onların müalicə ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, onların fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacları olduğunu, şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğundan məhkəməyə ərizə ilə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2014-cü il tarixli 284564 mömrəli və xx.xx.2021-ci il tarixli 024674 nömrəli vəsiqələrdən görünür ki, X7 və X8 1-ci qrup əlildirlər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli, 258 saylı ekspert rəyindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş X8 “orta dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində deyil. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli, 259 saylı ekspert rəyindən görünür ki, xx.xx.1994-cü il tarixdə doğulmuş X7 “dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində deyil. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki xx.xx.1992-ci il tarixdə doğulmuş X6 orta dərəcəli əqli gerilik, xx.xx.1994-cü il tarixdə doğulmuş X3 isə dərin əqli gerilik diaqnozu aşkar olunmuşdur. X7 və X8 hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacı olduğundan anası onların fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası X1 ekspert rəyinə əsasən X7 və X4 psixi xəstəliyinin onları fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Muğancıq Müslüm kənd sakinləri X7 və X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Muğancıq Müslüm kənd sakinləri xx.xx.1992-ci il tarixdə doğulmuş X8 və xx.xx.1994-cü il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar