Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-678/2024 10.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Çomaxtur kənd sakini xx.xx.1983cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi onunla X7 arasında olan birgə nikahdan xx.xx.1983-cü il tarixdə X3 Çomaxtur kəndində doğulduğunu, onlarla birikdə yaşadığını, anadangələ qüsurlu doğulduğunu, Şərur Rayon Əhalinin X5 İİ dərəcəli əlil kimi pensiya aldığını, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində çətinlik çəkdiyini, hüquqlarının həyata keçirilməsində başqasının köməyinə ehtiyac duyduğunu, ona görə də oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyac duyduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, oğlunun lal-kar və İİ qrup əlil olduğunu, nəvəsinin xəstə olduğunu, xarici dövlətə apamaq üçün oğlunun razılığının tələb olduğunu, lakin onun fikirlərini ifadə edə bilmədiyindən notariusun ondan razılıq ərizəsini ala bilmədiyini, onun üzərində qəyyum təyin olunmalı olduğunu bildirdiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, oğlunun təhsil almadığı üçün loqoped vasitəsilə fikri öyrənilə bilmədiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR İliç rayon Yengicə kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, 319756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1983-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Naxçıvan MR ƏƏSM Şərur rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 105766 nömrəli vəsiqədən görünür ki, X6 müddətsiz İİ dərəcəli əlil kimi qeydiyyatda durur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2024-cü il tarixli, 291 saylı ekspert rəyindən görünür ki, xx.xx.1983-cü il tarixdə doğulmuş X6 “Anadangəlmə lal karlıq nəticəsində psixoloji inkişafdan geri qalma” psixi xəstəliyi vardır. X1 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1983-cü il tarixdə doğulmuş X4 “Anadangəlmə lal karlıq nəticəsində psixoloji inkişafdan geri qalma” səviyyəsində diaqnozu aşkar olunmuşdur. X6 öz fikrini ifadə edə bilmədiyindən atası onun fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası X2 ekspert rəyinə əsasən X6 fəaliyyət qabiliyyətli şəxs olduğu müəyyən olunmuşdur. X3 fiziki qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan sayılması yolverilməzdir. Buna görə də ərizə rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Məhkəmə ərizəçiyə onu da izah edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 22-ci bəndinin 3-cü abzasında göstərilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən eşitmə, görmə və eşitmənitq qabiliyyəti tam məhdud olan şəxsin iradəsinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçinin ərizəsi əsassız olduğundan rədd edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-678/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-678/2024
10.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver