Məhkəmə qərarları › İş №2(110)-679/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-679/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-679/2023 24.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Ərizəçi Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi döyüş əməliyyatlarında iştirak faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi 1989-1991-ci illərdə Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi ilə bağlı hüquqi faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin əsası kimi ixtisasca həkim olduğunu, 1979-cu ildən Şərur rayon Xəstəxanasında həkim kimi fəaliyyətə başladığını, 1988-ci ildən Ermənistanın ölkəmizə qarşı savaşında vətənin müdafiəsinə qalxdığını, 1989-1991-ci illərdə həm Naxçıvan Muxtar Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə sıravi əsgər kimi iştirak etdiyini, Sədərək, Şada və digər döyüş bölgələrində xidmət apardığını, həm də həkim kimi döyüşlərdə yaralanmış müdafiəçilərə tibbi yardım göstərdiyini, bir çox yerlərdə müdafiə qərargahlarının yaradılması və könüllü müdafiə dəstələrinin formalaşmasında müstəsna xidmətlər göstərdiyini, sovert-rus hərbi qüvvələri Naxçıvanı tərk etdikdən sonra öz işinə qayıtdığını, ona “Müharibə veteranı” adının verilməsi üçün sənədlərini hazırlayıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə versə də, həmin orqanın əməkdaşlarının səhlənkarlığı səbəbindən ona məxsus sənədlər, xüsusən hərbi biletin itdiyini, bu səbəbdən “Müharibə veteranı” adını almaq imkanının məhdudladığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir. Buna görə də, iddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi tərəfindən verilmiş “döyüş əməliyyatlarında iştirak faktının müəyyən edilməsi tələbinə dair” ərizəni icraata qəbul etməkdən imtina edilsin. Ərizədə göstərilən hallarla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək hüququ izah edilsin. Ərizə və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar