Məhkəmə qərarları › İş №2(110)-689/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-689/2022

20.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-689/2022 20.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi X9 ilə 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, 2019-cu ilə kimi bir yerdə yaşadıqlarını, həyat yoldaşının X5 xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Çomaxtur kəndində yerləşən 0.14 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin torpaq sahəsini Sadıqla qardaşı Musa Sadığın sağlığında öz aralarında bölərək iki yaşayış evi tikdiklərini, Sadıqla onlara aid olan hissədə öz fərdi yaşayış evlərində yaşadıqlarını, Sadıq vəfat edəndən həmin evdə yaşadığını, son zamanlar xəstə olduğundan müalicə olunmaq üçün müvəqqəti olaraq qardaşıgildə yaşamağa başladığını, evdə olmadığından istifadə edən Musa aralarında olan çəpəri sökərək onların həyətini də öz torpaq sahəsinə əlavə etdiyini, əri Sadıq vəfat edəndən həmin evdə yaşayaraq mirası qəbul etdiyini, miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 Saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, Lakin Notariat Ofisi yazılı sübutlar olmadığından və mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdi və əlavə olaraq 2004-cü ildən 2019-cu ilə qədər bir ailədə yaşadıqlarını, birgə nikahdan uşaqlarının doğulmadığını, yoldaşı vəfat etdikdən sonra həmin evdə 1 ilə yaxın yaşadığını, ondan sonra isə gedib-gəldiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixdə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, həmin evin atasının mülkiyyətinin olduğunu, iddiaçının uşağı olmadığından o evə onun haqqı çatmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasına isə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilibkeçirilməyəcəyini müəyyənləşdirmək məqsədilə cavabdehə telefonoqram göndərildiyini, cavabdeh isə məhkəməyə gəlməyəcəyini bildirmişdir. İddiaçı isə cavabdehin xəstə olmadığını, məhkəmə prosesini qəsdən yubatmaq istədiyini, məhkəmə iclasına şahidlər çağrıldığından cavabdehin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə hazırlıq iclasında iştirak etməsini, izahat və şahidlərlə bağlı öz vəsatətlərini verməsini, xəstəliyi ilə bağlı hər hansı sübut təqdim etməməsini, əksinə məhkəmə iclasının keçirildiyi gün məhkəməyə deyil, poçt şöbəsinə gedərək teleqram göndərməsini və məhkəmə iclasının təxirə salınması ilə bağlı xahişinin olmamasını nəzərə alaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şahid ifadələri: X1 ifadəsində və verilən suallara cavabında Yaqutla bir məhəllədə yaşadıqlarını, əvvəlcədən bir-birilərinə gediş-gəlişlərinin olduğunu, anasının xəstə olanda Sadıqla həmişə onlara gəldiklərini, Sadıq vəfat edəndən sonra gediş-gəlişlərinin azaldığını, Yaqutun Sadıq rəhmətə gedənə qədər onunla bir ailədə yaşadığını, Sadıq rəhmətə gedəndən sonra Yaqutun təxminən o evdə 5-6 ay yaşadığını, Yaqut Sadığın ölüm ildönümünü də həmin evdə keçirdiyini, Musanın xəstəliyi ilə bağlı heç nə eşitmədiyini bildirdi. X6 ifadəsində və verilən suallara cavabında evlərinin bir-birinə yaxın olduğunu, hasar qonşusu olduqlarını, həmin evdə Sadıqla qardaşı Musanın yaşadığını, həmin evin bir binanın altında olduğunu, amma girişi-çıxışı ayrı olduğunu, Sadıq rəhmətə gedənə qədər onların bir ailədə yaşadıqlarını, Sadığa xəstə olanda ona yoldaşının baxdığını, Sadıq vəfat etdikdən sonra Yaqutun həmin evdə yaşadığını, onların həyətindən gedib-gəldiyini, Yaqut Sadığın 40-ı çıxana qədər yaşadığını, sonra tez-tez gedib-gəldiyini, iddiaçının daha artıq yaşasa belə nə qədər qaldığını dəqiq xatırlamadığını, Musanın xəstəliyi ilə bağlı heç nə eşitmədiyini, bu gün tezdən maşınını işə salanda o da maşınını işə salmaq səsini eşitdiyini bildirdi. X2 ifadəsində və verilən suallara cavabında 15 il olar ki, Yaqutun həmin evə gəlin köçdüyünü, Sadıq rəhmətə gedənə qədər onların bir ailədə yaşadıqlarını, Sadıq vəfat etdikdən sonra Yaqutun həmin evdə 1 həftə yaşadığını,Yaqutun tez-tez evinə gəlibgetdiyini, onu məhəllədə gördüyünü, amma daimi qaldığını bilmədiyini, evin açarları Yaqutda olduğunu bildirmişdir. X3 ifadəsində və verilən suallara cavabında Yaqutun Sadıqla bir evdə yaşadıqlarını, Sadıq vəfat edəndən sonra da Yaqutun orada bir müddət yaşadığını, amma tam olaraq nə vaxta qədər qaldığını bilmədiyini, işlədiyi üçün tezdən gedib axşam gəldiyini bildirmişdir. İddiaçı şahidlərin ifadəsi ilə əlaqədar olaraq verilən suallara cavabında bəzi şahidlərin onun həmin evdə 1 həftə və ya 40 gün yaşadığını bildirsələr də əslində orada bir ilə yaxın yaşadığını, 2019-cu ilin iyun ayı qaz pulu ödədiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Çomaxtur Kənd İƏDN tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli İİ- AZ № 034976 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlu ilə İddiaçı xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli Az-İ № 748415 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Çomaxtur kəndində yerləşən 0.14 ha torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı ilə X9 və Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 vəfat edəndən sonra onun varisi İddiaçı mirasın qəbul olunması ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Çomaxtur Kənd İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 646 nömrəli arayışdan görünür ki, X5 vərəsəsi olaraq İddiaçı qeydə alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, X5 abunə koduna 2019-cu ilin aprel-noyabr ayları ərzində qaz və elektrik sərfiyyatı ilə bağlı iddiaçı tərəfindən kommunal ödənişlər ödənmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X9 öldükdən sonra qanun üzrə yeganə 1 dərəcəli vərəsəsi olan arvadı İddiaçı mirası faktiki olaraq qəbul etmiş və orada bir müddət yaşamış, kommunal ödənişlər etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində müraciət etməmişdir. Şərur Rayon 2 Saylı Notariat Kontoru şəxs tərəfindən mirasın qəbul edilməsi ilə bağlı müəyyənləşdirilmiş müddəti buraxdığından xx.xx.2022-ci il tarixli 12 nömrəli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı növbəlik əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il qərarına əsasən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı qanun üzrə birinci dərəcə vərəsə olduğundan və mirasın açıldığı vaxtdan 3 ay ərzində mirası faktiki qəbul etdiyindən və əvvəlki növbənin vərəsəsi olaraq iddiaçının mövcudluğu cavabdehin vərəsəliyini istisna etdiyindən iddiaçının tələbi əsaslıdır və iddia təmin edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçıa aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə ölmüş X4 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar