Məhkəmə qərarları › İş №2(110)-73/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-73/2025

19.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-73/2025 19.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız sayılması və avtomobilin geri qaytarılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X13 tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin etibarsız sayılması, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2024-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız sayılaraq avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində mərhum atası X13 anası X9 arasında olan nikaha 2020-ci ildə xitam verilmiş və bundan sonra atası dini kəbinlə X17 ilə nikaha girərək birlikdə yaşadıqlarını, birgə yaşadıqları müddət ərzində onlar öz dolanışıqlarını təmin etmək, əsasən də Türkiyə Respublikasına avtomobillə işləmək məqsədilə 2024-cü ilin may ayının əvvəlində 1993-cü il buraxılışlı, "Mersedes Benz 250 D" markalı, Ban nömrəsi WDB1241251B957680, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil aldıqlarını, bundan sonra atası Mustafa Türkiyə Respublikasında yaşayan qardaşının əməliyyatı ilə əlaqədar Türkiyə Respublikasına getdiyini və orada qalacağı müddət dəqiq bəlli olmadığından avtomobili idarə etmək üçün bibisi oğlu Cavabdeh1 etibarnamə verdiyini, 30 may 2024-cü il tarixdə atası Türkiyə Respublikasında gözlənilmədən vəfat etdiyini, həmin tarixdə onlar mərhum atasının nəşinin gətirilməsi, bununla bağlı keçiriləcək mərasimin təşkili ilə məşğul olduqları vaxt isə Cavabdeh1 digər Cavabdeh2 ilə qanun pozuntusuna yol verərək atamsınn vəfat etdiyini bildikləri halda alqı-satqı müqaviləsi bağlamış və atasının mülkiyyətində olan "Mersedes" markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı yolu ilə digər Cavabdeh2 adına qeydiyyata aldırdıqlarını, qeyd edilən tarixdə o hərbi xidmətdə olsa da məlum səbəbdən məzuniyyət gəldiyini, bu zaman atasınaa məxsus avtomobilin harada olduğunu öyrənmək istəsə də cavabdeh şəxslər avtomobilin gah təmirdə, gah da işlərin görülməsi üçün istifadə edildiyini bildirərək, əsas məsələni ondan gizlətdiklərini, əslində isə həmin avtomobil Cavabdeh2 tərəfindən sonradan özgəninkiləşdirildiyini, baş verənlərdən isə o sonradan xəbər tutduğunu və atasının mülkiyyətində olan avtomobilin cavabdeh şəxslər tərəfindən qanunsuz olaraq özgəninkiləşdirildiyini öyrəndiyini, bildiyinə görə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxs öldüyü andan onun tərəfindən verilmiş etibarnamə öz qüvvəsini itirmiş olduğunu, belə olan təqdirdə isə atası vəfat etikdən sonra onun təfindən verilmiş etibarnamə əsasında aparılan əməliyyatlar əsassız sayılmalı və atasının mülkiyyətində olan avtomobilin alqı-satqısı ilə bağlı müqavilələr ləğv edilməli olduğunu, qeyd edilən mübahəsənin məhkəmədən kənar həlli yolu olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini və mərhum atası M.Abdullayev tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə xitam verildiyindən, həmin etibarnamə əsasında cavabdehlər arasında aparılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalı, atasına məxsus "Mersedes Benz 250 D" markalı, Ban nomrəsi WDB1241251B957680, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil geri qaytarılmalı olduğunu bildirmişdir. 16 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, icraatınızda olan 2(110)-1117/2024 saylı iş üzrə iddiaçının nümayəndəsi və vəkili olduğum X10 tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, həmçinin maraqlı şəxs Cavabdeh3 qarşı mərhum atası X13 tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 31 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılaraq avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında irəli sürülmüş iddia tələbinin dəqiqləşdiriıməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.8-ci maddəsinə əsasən, etibarnamə verilmiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Bu zaman isə hazırki iş üzrə etibarnamənin məhkəmə qarşısında etibarsız sayılmasının tələb edilməsinə ehtiyac qalmır. Lakin bu zaman xitam verilmiş etibarnamə əsasında aparılmış alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılması vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində deyilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işın məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iddia ərizəsinin xahiş edirəm hissəsinin - cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2024-cü il tarixli və Cavabdeh2 ilə Cavabdeh3 arasında 11 iyun 2024-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız sayılaraq avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edəsinizkimi oxunaraq iddia tələbinə dəqiqləşdirilmiş həcmdə baxılması və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən digər Cavabdeh1 izahatında Mustafanın bacısı Əfsanədən 6200 manat pul alaraq avtomobili rəsmiləşdirmədən ona satdığını, Əfsanə Türkiyə Respublikasında olduğundan və cəzası olduğu üçün Naxçıvana gələ bilmədiyindən maşını onun adına keçirdə bilmədiyini, etibarnaməni ona verdiyini, həmçinin avtomobili ayda 2 dəfə Türkiyə Respublikasına keçirib ordan qazandığı pulu Əfsanəyə verməsini ona dediyini, Mustafanın 2024-cü ilin may ayının 30-da Türkiyə Respublikasında gözlənilmədən vəfat etdiyini, Əfsanənin Mustafanın rəhmətə getməsindən xəbəri olduğunu, Əfsanənin Mustafanın nəşi gətiriləndən əvvəl Naxçıvana gəldiyini,Türkiyədən Naxçıvana keçən kimi avtomobilin pulunu Mustafaya verdiyi üçün avtomobili onun adına keçirməsini istədiyini, gedib maşını onun adına keçirdiyini, avtomobilin alqı-satqı müqaviləsində qeyd olunan 5000 manat pulu Əfsanədən almadığını, sadəcə qiymət olaraq müqavilədə qeyd edildiyini, avtomobil Əfsanənin adına keçəndən sonra avtomobili satışa çıxardığını, məqsədinin həmin avtomobili satıb pulu ilə qardaşının məzar daşını hazırlatmaq, eyni zamanda yas mərasiminə çəkilən xərci ödəmək olduğunu, 2024-cü ilin iyun ayının 11-də avtomobili Cavabdeh3 6200 manata satdığını, dediyi kimi həmin pulun 4500 manatını Mustafanın məzar daşının hazırlanmasına və məzarının götürülməsinə xərclədiyini, qalan pulun üzərinə özü əlavə pul qoyaraq qardaşının yas mərasiminə çəkilən xərci ödədiyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən üçüncü şəxs Cavabdeh3 izahatında onun Düdəngə kəndində Əfsanənin maşın satdığını eşitdiyini, gedib maşına baxdığını, bəyəndiyini, qiyməti ilə 6200 manata razılaşdığını, səhəri gün gedib nağd pul verdiyini, maşını öz adına alqı-satqı etdirdiklərini, haliyədə onun 6200 manatını və avtomobilin alqı-satqısı üçün çəkilmiş 400 manat pulu qaytardıqları təqdirdə avtomobili geri qaytarmağa heç bir etirazı olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin, üçüncü şəxsin izahatlarına və məhkəmə tərəfindən tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə ölmüşdür; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 250D minik markalı avtomobil X7 adına qeydiyyata alınmışdır; - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, X18 03BJ603 dövlət qeydiyyat nişanlı, Mercedes Benz 250D minik markalı avtomobili idarə etməsi üçün X3 hüququ haqqında etibarnamə vermişdir; - Nəqliyyat vasitəsinin alq-satqı müqaviləsindən görünür ki, X5 Muxtər İntiqam oğluna məxsus **- BJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 250D minik markalı avtomobili 7000 manata X2; - Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş 2 nömrəli əlavədən görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 250D minik markalı avtomobil alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış və həmin avtomobilə **-BK-*** dövlət qeydiyyat nişanı verilmişdir; - 22 may 2024-cü il tarixli etibarnamədən görünür ki, X4 Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bütün səlahiyyətləri 1 il müdətinə, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh1 vermişdir; - xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alq-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 X8 məxsus Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata Cavabdeh2 satmışdır; - xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alq-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 6000 manata Cavabdeh3 satmışdır; - Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş 2 nömrəli əlavədən görünür ki, Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmış və avtomobilə **-BK-*** dövlət qeydiyyat nişanı verilmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən surətindən görünür ki, Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, X13 mülkiyyətində olan Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bütün səlahiyyətləri 1 il müdətinə, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh1 vermişdir. X13 xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında ölmüş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun ölməsini bildikləri halda Cavabdeh1 ona verilmiş səlahiyyətdən istifadə edərək həmin X13 mülkiyyətində olan Mercedes Benz 250D minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh2, Cavabdeh2 isə xx.xx.2024-cü il tarixdə həmin avtomobili 6200 manata Cavabdeh3 satmaqla avtomobilin sonuncunun mülkiyyətinə keçməsi ilə nəticələnən etibarsız əqdlər bağlamışlar. Göründüyü kimi xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı - satqı müqaviləsi X1 verilmiş etibarnamə əsasında ölümündən sonra bağlanılmış, mübahisə predmeti olan həmin nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Mülki qanunvericiliyə əsasən səxsin sağlığında əqd bağlamaqla ifadə edilmiş iradəsi onun ölümündən sonra heç də bütün hallarda etibarlı deyil. Şəxsin ölümünün etibarlılığına təsir etdiyi əqdlərdən biri etibarnamədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.2-ci və 366.4-cü maddələrinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Hazırki işdə mübahisə predmeti olan həmin nəqliyyat vasitəsi X6 ölümündən sonra, onun öldüyünü bilən qohumları tərəfindən özgəninkiləşdirilmişdir. Bu isə onu deməyə əsas veri ki, cavabdehlərin etibarnamənin qüvvəsinə xitam verildiyini bildikləri (və ya bilməli olduqları) halda və etibarnamənin ümumi etibarlılıq şərtlərinin pozulmasına baxmayaraq həmin etibarnamə əsasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə və həmin müqavilədən qaynaqlanaraq bağlanan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə heç bir hüquqi nəticə yaratmadığından bağlandığı andan etibarsızdır. Beləliklə də, qanunvericiliyin tələblərinə zidd olaraq, mübahisə predmeti olan avtomobilə dair alqı-satqı müqavilələri bağladığından, iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, daşınmaz və onlara bərabər tutulan daşınar əşyaların özgəninkiləşdirilməsi barədə əvvəlki əqd etibarsız hesab edildiyi halda sonrakı əqdlərin hamısı Azərbaycan Respublikasının Mülki Məcəllənin 337-ci maddəsinin tələbinə əsasən etibarsız sayılır. Çünki sonrakı əqdlər əvvəlki əqdlərin nəticəsidir. Əvvəlki əqd etibarsız olduğuna görə onun nəticəsi olan sonrakı əqd də etibarsız sayılır. Hazırki iş üzrə üçüncü şəxs Cavabdeh3 təqsirinin olmaması qanunvericiliyin tələblərinin pozulmasına əsas ola bilməz. Ona görə də o, hazırki vəziyyətin yaranmasına səbəb olan cavabdeh şəxslərə qarşı ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır... - 365.1.7-ci maddəsinə əsasən etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; - 366.1- ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur; - 366.2- ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir; - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdlərlə bağlı yuxarıda qeyd edilən müvafiq müddəalardan göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyrimümkündür. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, mövcud ola bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil-bağlanmayıb. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir:əqdin subyektiv tərkibinə aid edilən şərt;əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqlarının pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsi “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2024-cü il tarixli və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 11 iyun 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməli, “Mercedes Benz 250D” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2024-cü il tarixli və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 11 iyun 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqavilələri etibarsız hesab edilsin. “Mercedes Benz 250D” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar