Məhkəmə qərarları › İş №2(110)-789/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-789/2023

23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-789/2023 23.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh xüsusi notariusu X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “notarius hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi notariusu X12 hərəkətlərinin qanunsuz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində atası X9 ilə anası X1 1951-ci ildə nikaha daxil olmadan evlənərək bir yerdə yaşadıqlarını, 1953-cü ildə qardaşı X6, 1955-ci ildə bacısı X7 doğulduğunu, anası ilə atasının xx.xx.1957-ci ildə nikaha daxil olduqdan sonra 1958-ci ildə qardaşı X2, 1961-ci ildə özünün, 1964-cü ildə qardaşı X13 doğulduğunu, atasının xx.xx.2017-ci il tarixdə anasının isə xx.xx.2022ci il tarixdə vəfat etdiklərini, onların ölümündən sonra Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evlərinin miras qaldığını, atasının ölümündən sonra həmin miras əmlaklarını anasının qəbul etdiyini, anasının vəfatından 2022-ci ilin iyun ayında onun Cavabdehnə müraciət edərək şəhadətnamə verilməsini xahiş etdiyini, notarius tərəfindən qanunsuz olaraq ondan əlavə sənədlər tələb edildiyini, onun isə notariusun tələb etdiyi həmin sənədlərin əldə edilməsinə çalışdığını, hər dəfəsində notariusun ondan yeni sənədlər tələb etdiyini, sonuncu dəfə isə onun Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarış və Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ –İ № 871595 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışlar notariusa təqdim etdiyini, lakin notariusun qanunsuz olaraq onun guya ki, vərəsəliyin qəbulu üçün 3 aylıq müddəti buraxaraq müraciət etdiyini əsas gətirib xx.xx.2022-ci il tarixli qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyini, notariusun qanunun tələblərini icra etmək əvəzinə süründürməçiliyə yol verərək ondan əsassız sənədlər toplamağı tələb etdiyini, bununla da onun 3 aylıq müddəti buraxmağına səbəb olacağına çalışdığını, qanunvericilikdə göstərilən həmin 3 aylıq müddətin vərəsənin vərəsəliyə çağırılması barədə müddəti özündə ehtiva etdiyini, həmin çağırışın isə notarius tərəfindən olunmalı olduğunu, notariusun onu vərəsəliyə çağırılması barədə hər hansı sübutunun olmadığını, əksinə onun özünün şəxsən notariusa müraciət etdiyini və onun tərəfindən qanunvericiliyin müddəaları kobud şəkildə pozulmaqla onun vərəsəlik hüququndan məhrum olduğunu, yuxarıda qeyd etdiyi kimi onun ən geci 28 iyun 2022-ci il tarixdə bütün sənədləri notariusa təqdim etdiyini, notariusun qanunsuz şəkildə göstərdiyi kimi xx.xx.2022-ci il tarixində müraciət etsəydi belə Konstitusiya Məhkəməinin qərarında göstərdiyi kimi onun vərəsəliyin notarial qəbulu üçün tələb olunan 6 aylıq müddəti ötürmədiyini, bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh xüsusi notariusu X18 izahatında İddiaçı Cavabdehnə bir neçə dəfə müraciət etdiyini, anasından qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirdiyini, ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsini, miras əmlakın nədən ibarət olmasına dair həmin əmlakın sənədlərini, vərəsələr haqqında arayış tələb etdiyini, hər dəfə notariat kontoruna gələndə tələb etdiyi zəruri sənədləri təqdim etmədiyini, sonuncu dəfə 01 avqust 2022-ci ildə müraciət etdiyini, şəhadətnamə istədiyini, yenə sənədləri təqdim etmədiyini, qardaşları ilə arasında mübahisə olduğunu bildirdiyini, həmin sənədləri təqdim edə bilmədiyini görüb ona müddəti buraxmamaq üçün ərizə verməsini, sənədləri təqdim etdikdən sonra vərəsəlik açılmasını təklif etdiyini, 01 avqust 2022-ci ildə yazılı müraciətini qeydiyyata aldığını, noyabr ayında şəhadətnamə verilməsi üçün zəruri sənədləri yenə də təqdim etmədiyindən, həmçinin qardaşları ilə aralarında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, həmçinin elektron notariat sistemində torpağa dair köhnə sənədlər, doğum aktları barədə məlumat olmadığına görə, notariat kontoru tərəfindən sorğu verilərək həmin sənədlərin əldə edilməsinin mümkün olmadığını, yalnız dövlət reyestrindən çıxarışı olan əmlaklarla bağı məlumatın əldə etməyin mümkün olduğunu, vətəndaşların sənədləri köhnə olduğu halda həmin sənədlərin əldə edilməsinin mümkün olmadığını, iddiaçını və onun qardaşlarını tanımadığını, iddiaçıya qarşı şəxsi qərəzinin olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarına, iş materialında olan sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı xx.xx.2022-ci il tarixli **********980 saylı ərizəsində xx.xx.2022-ci il tarixində vəfat etmiş X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - Şərur rayon bir saylı Notariat Ofisinin Notariusunun notariat hərəkətlərini aparmaqdan mtina edilməsi haqqında 11.2022-ci il tarixli 21 nömrəli qərarından görünür ki, vərəsələr arasında mübahisə olduğundan və notariat hərəkətlərini aparmaq üçün zəruri olan sənədləri təqdim etmədiyindən, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15, X16, X10 və X17 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddiası rədd edilmişdir; - Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(108)-71/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15, X16, X10 və X17 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-148/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 596282 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Şərur rayon Məmmədsabir kəndində beyninə qansızma nəticəsində vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 871595 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Şərur rayon Məmmədsabir kəndində beyindaxili qansızma nəticəsində vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X9 və X11 arasında 01 aprel 1957-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, arayışından görünür ki, Şərur rayonu, Məmmədsabir kəndində iki nəfər ailə üzvü ilə birlikdə 1945 m² həyətyanı torpaq sahəsi, 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. - Qarxun kənd sovetliyi tərəfindən verilmiş 13 fevral 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə X9 və X14 xx xxxxxx 1961-ci il təvəllüdlü X5 valideynləridir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, vərəsələr arasında mübahisə olduğundan və iddiaçı notariat hərəkətlərini aparmaq üçün zəruri olan sənədləri təqdim etmədiyindən Şərur rayon bir saylı Notariat Ofisinin Notariusu notariat hərəkətlərini aparmaqdan mtina etmişdir. Belə ki, iş materialında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 saylı qətnaməsindən görünür ki, vərəsələr arasında mübahisə olduğundan iddiaçı bacı və qardaşlarına qarşı məhkəmədə iddia qaldıraraq anasından miras qalmış əmlakları faktiki qəbul etməsini xahiş etsədə, anasından miras qalmış əmlakları faktiki qəbul etməsi ilə bağlı hər hansı hərəkət etmədiyindən, eyni zamanda mirası qəbul etməsi üçün müəyyən olunmuş 3 aylıq müddəti buraxdığından iddiası rədd edilmişdir. Eyni zamanda iddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 saylı qətnaməsindən apellyasiya şikayəti versədə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(108)-71/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə iddiaçının iddia tələbi üzrə notariusun notariat hərəkətlərini aparmaq üçün zəruri olan sənədləri tələb etməsinin qanunsuz olması ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 98-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Həmin Təlimatın 102-ci bəndində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcədə akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Həmin Təlimatın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Göründüyü kimi, Şərur rayon bir saylı Notariat Ofisinin Notariusunun notariat hərəkətlərini aparması üçün iddiaçıdan zəruri olan sənədləri tələb etməsi qanunauyğun olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində notariusun qanunsuz olaraq onun vərəsəliyin qəbulu üçün 3 aylıq müddəti buraxaraq müraciət etdiyini əsas gətirib xx.xx.2022-ci il tarixli qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyini qed etsədə, iş materialında olan Şərur rayon bir saylı Notariat Ofisinin Notariusunun notariat hərəkətlərini aparmaqdan mtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli 21 nömrəli qərarında notarius tərəfindən bu hala istinad olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 305.1.8-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli, 143-İVQD nömrəli Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur; - 40-cı maddəsinə əsasən, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə də, məhkəmə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Şərur rayon bir saylı Notariat Ofisinin Notariusu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından qanunvericiliyin tələblərinə uyğun olaraq imtina edildiyindən, İddiaçı Cavabdehnə qarşı “notarius hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “notarius hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar