Məhkəmə qərarları › İş №2(110)-842/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-842/2021

12.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-842/2021 12.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “notariat ofisin qərarının ləğv edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsində Şərur rayon bir saylı Notariat ofisinin 28 sentyabr 2021-ci il tarixli 10 nömrəli və Şərur rayon iki saylı Notariat ofisin 19 nömrəli qərarlarının ləğv edilməsi, mərhum X1 miras qalmış Şərur rayon Çərçiboğan kəndində yerləşən 1431.00 m2 torpaq sahəsi üzərində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin faktiki olaraq tərəflərindən, İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində iddia tələbinin birinci hissəsində Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon bir saylı Notariat ofisinin 28 sentyabr 2021-ci il tarixli 10 nömrəli və Şərur rayon iki saylı Notariat ofisinin 19 nömrəli qərarlarının ləğv edilməsini xahiş etdiklərindən həmin iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarının 2.1 və 2.1.2-ci bəndi ilə müəyyən olunur ki, dövlət notariat ofisləri inzibati orqan sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçılara izah olunmalıdır ki, iddia ərizəsində göstərilən tələb aidiyyəti üzrə inzibati məhkəməyə aid olduğundan, həmin tələblə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsindən baxılmaq üçün icraata qəbul etməkdən imtina edildiyindən, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 05.11.2021-ci il tarixdə 18778 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər ruraraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “notariat ofisin qərarının ləğv edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah olunsun ki, iddia ərizəsində göstərilən tələb aidiyyəti üzrə inzibati məhkəməyə aid olduğundan, həmin tələblə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edə bilərlər. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 05.11.2021-ci il tarixdə 18778 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar