Məhkəmə qərarları › İş №2(110)-843/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-843/2021

12.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-843/2021 12.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2017-ci ildə Şərur rayonunun Düdəngə kəndində vəfat etmiş X1 Şərur rayonunun Düdəngə kəndində yerləşən miras qalmış əmlakın qəbul edilməsinə qarşı Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarilmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində 07 yanvar 2017-ci ildə Şərur rayonunun Düdəngə kəndində vəfat etmiş X1 Şərur rayonunun Düdəngə kəndində yerləşən miras qalmış əmlakın qəbul edilməsinə qarşı Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb etsədə, iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə etməmişdir. Belə ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Bununlada iddiaçı mirası həm qeyri-rəsmi üsulla qəbul etməsinə cavabdeh tərəfindən maneələr yaratması barədə, həm də rəsmi üsulla qəbul etməsinə dair sübutlar siyahısını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 04.11.2021-ci il tarixdə 20508 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 04.11.2021-ci il tarixdə 20508 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar