Məhkəmə qərarları › İş №2(110)-890/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-890/2024

29.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-890/2024 29.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-ci il tarixdə vəfat etmiş anaları X1 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş ataları X2 ölümündən sonra qalmış əmlakların tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının tanınması və ümumi miras kütləsinə münasibətdə hər birinə 1/3 hissə olmaqla miras əmlaklara payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mirasın qəbulu və payın müəyyən olunması tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-602/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayət verildiyindən və apellyasiya şikayətinə baxılıb nəticə verilməyənədək işə baxmaq mümkün olmadığından Şərur Rayon Məhkəməsinin 2(110)-890/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Haliyədə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizədə məhkəmədə Cavabdeh qarşı "payların müəyyən olunması tələbi barədə" iddia qaldırdıqlarını, Şərur Rayon Məhkəməsinin 2(110)-602/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayət verildiyini, həmin iş Naxçıvan MR Ali Məhkəməsin icraatında olduğu üçün 2(110)-890/2024 saylı iş üzrə icraat dayandırıldığını, cavabdehlə öz aralarında razılığa gəldikləri üçün iş Naxçıvan MR Ali Məhkəməsin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldığını, buna görə də, 2(110)-890/2024 saylı iş üzrə icraatın təzələnməsini xahiş etdiklərini, eyni zamanda cavabdehlə öz aralarında razılığa gəldikləri üçün iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların iddiadan imtina etmələri barədə ərizəsini iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur, buna görə də hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 6677 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların müəyyən olunması tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 6677 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar