Məhkəmə qərarları › İş №2(110)-899/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-899/2025

03.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-899/2025 03.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X20 Elmar oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Qarxun kənd sakini xx.xx.1976-cı il təvəllüdlü əri - X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Şərur rayon Qarxun kənd sakini X15 ilə 1998-ci ilin dekabr ayında el adətinə uyğun ailə qurmuş, bu nikahları da Şərur rayon Qarxun kənd İcra Nümayəndəliyində 20 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Onların birgə nikahdan üç qız övladı doğulmuş, onlar da artıq yetkinlik yaşlarına çatmışlar ki, artıq onlardan ikisi ailə qurmaqla təsərrüfatından ayrılmışlar. Əri Q.Mahmudov anadangəlmə beyin travması ilə doğulmuş və zəruri müalicələr almışdır. Lakin, zamanla onun aldığı travma ciddi xəstəliyə çevrilmiş və narahatçılıqlar onun sağlamlığına ciddi təsir etmişdir ki, nəticədə ona "Meninqoensefalitin qalığı, qıcolma tutmaları, şəxsiyyətin dəyişkənliyi" diaqnozu ilə əlillik təyin edilmişdir. Hazırda o, Şərur rayon Əhalinin Sosial Müdafiəsi Məkəzində müddətsiz İİ dərəcəli əlil kimi qeydiyyatda durmaqla pensiya alır. Həmçinin o, öz hərəkətlərinə rəhbərlik edə bilmir, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkir ki, onun öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olur. Buna görə də ər Q.Mahmudovun fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı vardır. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan əri - xx.xx.1976-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini, ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 1998-ci ildə evləndiklərini, birgə nikahdan 3 uşağı doğulduğunu, yoldaşının anadan gəlmə xəstə olduğunu, lakin əvəllər vəziyyətinin ağır olmadığını, 2014-cü ildən daha da ağırlaşdığını, onun ikinci qrup əlil olduğunu və özünü idarə edə bilmədiyini, vaxtlı-vaxtında yemək yemədiyini, bu da onun daha da ağırlaşmasına səbəb olduğunu, hər dəfə onun sənədləşmə işlərində problem olduğunu, müalicələrin heç bir nəticəsinin olmadğını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Mahmudov Qalib İsaril oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları olmadığını, ərizəçinin ərizəsinin təmin edilməsinə heç bir etirazlarının olmadığın bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MSSR İliç rayonunun Qarxun kənd Soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1976-cı il tarixdə Şərur rayonunun Qarxun kəndində doğulmuşdur. X5, anası X3r. İş materiallarında olan Şərur Rayon Qarxun Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Qalib İsaril oğlu ilə X7 arasında xx.xx.1998-ci il tarixdə 20 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Qarxun kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 108 №-li arayışdan görünür ki, Mahmudov X19 rayonunun Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Qarxun kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 107 №-li arayışdan görünür ki, X2 rayonunun Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 220535 nömrəli vəsiqənin surətindən görünür ki, Mahmudov Qalib İsaril oğlu 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK-da sonuncu müayinəyə dair xx.xx.2025-ci il çap tarixli çıxarışından görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş Mahmudov Qalib İsaril oğlu "Meninqoensefalitin qalığı, qıcolma tutmaları, şəxsiyyətin dəyişkənliyi" diaqnozu ilə 2-ci dərəcə əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X6 xx.xx.2025-ci il tarixli, 525 saylı ekspert rəyindən görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş Mahmudov Qalib İsaril oğlu “şizofreniya. Paranoid forma. Psixi qüsur vəziyyəti” psixi xəstəliyindən əziyyət çəkir. Mahmudov Qalib İsaril oğlu öz hərəkətlərini dərk etmək və idarə edə bilmək qabiliyyətində deyil. Mahmudov Qalib İsaril oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə, rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - Mahmudov Qalib İsaril oğlunun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Mahmudov Qalib İsaril oğlunun xx.xx.1976-cı il tarixdə Şərur rayonunun Qarxun kəndində doğulması, onun hazırda Şərur rayonunun Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, ərizəçi X4 onun arvadı olması, Mahmudov Qalib İsaril oğlunun ikinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, X4 ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 Mahmudov Qalib İsaril oğlunun arvadı, yəni yaxın qohumu olduğundan o, Mahmudov Qalib İsaril oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, Mahmudov Qalib İsaril oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Mahmudov Qalib İsaril oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - X4 ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.1976-cı il tarixdə Şərur rayonu Qarxun kəndində doğulan və Şərur rayonu Qarxun kəndində yaşayan Mahmudov Qalib İsaril oğlu (FİN: 2LN9WF3) fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Məhkəməyə müraciət etməsi ilə bağlı X8 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi X4 ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.1976-cı il tarixdə Şərur rayonu Qarxun kəndində doğulan və Şərur rayonu Qarxun kəndində yaşayan Mahmudov Qalib İsaril oğlu (FİN: 2LN9WF3) fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı X8 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar