Məhkəmə qərarları › İş №2(110)-910/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-910/2024

01.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-910/2024 01.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər İsayeva (Sadiqova) Səadət Abbas qızına, İsayeva (Cəfərova) Gülşən Abbas qızına, Cavabdeh3, Cavabdeh4 və İsayeva (Bağırova) Zümrüd Abbas qızına qarşı “mirasın qəbulu edilməsi və payın müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum əri X8 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam pay hüququnu tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mən İddiaçı mərhum X14 ilə 1973-cü ilin noyabr ayında rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdum. Birgə nikahımızdan bizim - İsayeva (Sadiqova) Səadət Abbas qızı, İsayeva (Cəfərova) Gülşən Abbas qızı, Cavabdeh3, Cavabdeh4, İsayeva (Bağırova) Zümrüd Abbas qızı adında beş övladımız doğulmuşdur. Ailə qurduqdan sonra Biz Şərur rayonu Çərçiboğan kəndində yaşamış və ölkəmizdə aparılan islahat zamanı Şərur rayon Aqrar İslahahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə bizim ailəyə ümumi sahəsi 0.38 ha olan torpaq sahəsi ayrılmış və bununla bağlı JN 790A və JN 790B seriyalı 10205038 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd edim ki, JN 790A seriyalı 10205038 kod nömrəli torpaq sahəsi üzərində 1 mərtəbəli 4 otaq və bir mətbəxdən ibarət ev tikməklə ailəliklə orada yaşamışıq ki, sonradan uşaqlarımız yetkinlik yaşına çatmaqla ailə qurmuş və təsərrüfatdan ayrılmışlar.X7 isə xx.xx.2022-ci ildə vəfat etmişdir ki, ondan yuxarıda qeyd etdiyim torpaq sahələrindəki payı miras qalmışdır. O vəfat edərkən uşaqlarımız bizimlə birgə yaşamadığından miras əmlak faktiki olaraq mənim tərəfimdən qəbul edilmişdir. Belə ki, hazırda da birgə mülkiyyətdə olan və ərimdən miras qalan torpaq sahəsində mən yaşayır, həyətbacaya zəruri qulluq mənim tərəfimdən aparılmaqla, müvafiq kommunal ödənişlər mənim tərəfimdən həyata keçirilir.Bu faktı iş üzrə cavabdeh şəxslər və məhkəməyə dəvət edəcəyim şahidlər də öz ifadələri ilə də təsdiq edə bilərlər. Lakin müxtəlif səbəblərdən həmin əmlaklara dair müvafiq rəsmiləşdirmə işlərini aparıb miras qalmış əmlakı adıma sənədləşdirə bilməmişəm. Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamənin alınması məqsədilə tərəfimdən Şərur rayon bir saylı Notariat Ofisinə müraciət edilmiş, həmin Notariat Ofisinin 18 avqust 2024-cü il tarixli qərarında vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Vərəsəlik hüququmun başqa yolla tanınmasının mümkünsüz olması səbəbindən mən hazırki tələblə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, məhkəmə iddia ərizəmdə göstərilənləri nəzərə alıb, mərhum ərimdən qalmış mirasın mənim tərəfimdən qəbul edilməsi faktını müəyyən etməli və bu miras əmlaka dair tam pay hüququnun tanınması barədə qərar qəbul edəcəkdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər İsayeva (Sadiqova) Səadət Abbas qızına, İsayeva (Cəfərova) Gülşən Abbas qızına, Cavabdeh3, Cavabdeh4 və İsayeva (Bağırova) Zümrüd Abbas qızına məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X1 izahatında İddiaçı xala ilə yaxın qonşu olduqlarını, Kubra xalanın əri Abbas əminin 03 oktyabr 2022-ci il tarixdə vəfat etdiyini, Abbas əmi vəfat etdikdən sonra Kubra xalanın evdə tək yaşadığını, 4 övladının Bakı şəhərində, 1 övladının Naxçıvan şəhərində yaşadığını, Kubra xalanın təsərrüfatı tək idarə etdiyini, həyətdəki ağaclara baxdığını, meyvələrini yığdığını, hal-hazırda da Kubra xalanın evdə tək yaşadığını, kommunal ödənişləri özünün ödədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X9 izahatında İddiaçı ilə yaxın qonşu olduqlarını, Kubra xalanın əri Abbas əminin 2022-ci ilin oktyabr ayında vəfat etdiyini, o vəfat etdikdən sonra Kubra xalanın evdə tək yaşadığını, onların 4 övladının Bakı şəhərində, 1 övladının isə Naxçıvan şəhərində yaşadığını, yas mərasimindən sonra övladlarının getdiyini, Kubra xalanın evdə tək yaşadığını, övladlarının həmin evdə görmədiyini, hal-hazırda da Kubra xalanın evdə tək yaşadığını, yaxın münasibətləri olduğu üçün ailəliklə birlikdə Kubra xala ilə maraqlandıqlarını, evin bütün kommunal ödənişlərini özünün ödədiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının izahatına, şahidlərin ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə Şərur rayon Çərçiboğan kəndində sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X13, İddiaçı, X2, X3, Cavabdeh3, Cavabdeh4 və X4 mülkiyyətlərinə verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X14 xx.xx.2022-ci il Şərur rayon Çərçiboğan kəndində miokart infakt səbəbindən ölmüşdür; - Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X13 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır:

1. Arvadı: İddiaçı

2. Qızı: X10

3. Qızı: X11

4. Oğlu: Cavabdeh3

5. Oğlu: Cavabdeh4

6. Qızı: X12 - İddiaçı Şərur rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində xx.xx.2022-ci ildə vəfat etmiş X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - Şərur rayon bir saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 75 nömrəli qərarından görünür ki, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin açılmasında imtina edilmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, Şərur rayon Çərçiboğan kəndində Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X13, İddiaçı, X2, X3, Cavabdeh3, Cavabdeh4 və X4 mülkiyyətlərinə verilmişdir. X14 xx.xx.2022-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində miokard infakt səbəbindən vəfat etmişdir. İş materialarında olan Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun 6 nəfər vərəsəsi vardır. İddiaçı Şərur rayon bir saylı notariat ofisinə ərizə verməklə mərhum X8 qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, mirasın qəbulu müddətini buraxdığı üçün notariat kontoru tərəfindən şəhadətnamə verilməsindən imtina olunmuşdur. Həmçinin digər vərəsələr iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına razılıq verməmişlər. Məhkəmə tədqiqatı zamanı isə xx.xx.2022-ci il tarixdə ölmüş X8 miras əmlakları İddiaçı faktiki qəbul etməsi və onu idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirməsi iddiaçının izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı miras əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, digər vərəsələrin, yəni iş üzrə cavabdehlərin mirası əmlakları nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən qəbul etməri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18“ iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdir. Yəni iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bunlarda əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci“ maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; - 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, miras əmlaklarda onun tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, miras əmlaklarda onun tam payı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar