Azərbaycan Respublikası adından Qətnamə Şərur şəhəri İş № 2(110)-975/2025 06.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSI Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İsmayılov Azər İsmayıl oğlunun cavabdehlər İsmayılov Asif İsmayıl oğluna, İsmayılov Mübariz İsmayıl oğluna, cavabdeh3 İsmayıl qızına, İsmayılova Esmira İsmayıl qızına və İsmayılova Kəmalə İsmayıl qızına qarşı “miras qalmış əmlakın qəbulu və payların müəyyən olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılov Azər İsmayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2005-ci ildə vəfat etmiş atası İsmayılov İsmayıl Tağı oğlundan miras qalmış (Şərur rayonu Xanlıqlar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-233A seriyalı şəhadətnaməyə əsasən 0.16 ha və torpağa mülkiyyət hüquqna dair JN-390 seriyalı dövlət aktına əsasən 1.15 ha torpaq sahələri) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayılov Azər İsmayıl oğlu iddia ərizəsində bildirmişdir ki, mərhum atası İsmayılov İsmayıl Tağı oğlu ilə mərhum anası İsmayılova Bülübül Məşəditağı qızı 1958-ci ildə nikaha girərək ailə qurmuş, onların birgə nikahından -1959-cu il tarixdə İsmayılov Asif İsmayıl oğlu;1961-ci il tarixdə İsmayılov Mübariz İsmayıl oğlu;1963-cü il tarixdə İsmayılova Elmira İsmayıl qızı;1968-ci il tarixdə İsmayılova Esmira İsmayıl qızı;1970-ci il tarixdə İsmayılov Azər İsmayıl oğlu;1978-ci il tarixdə İsmayılova Kəmalə İsmayıl qızı adında altı övladı doğulmuşdur. Evli olduqları dövrdə onlar mehriban yaşamaqla birgə təsərrüfat aparmış və ailəmiz böyük olduğu üçün bizə Şərur rayonu Xanlıqlar kəndində sahəsi 1.15 ha kənd təsərrüfatı təyinatlı və sahəsi 0.16 ha olmaqla həyətyanı torpaq sahələri ayrılmışdır. Hansı ki, anası B.İsmayılova 1996-cı ildə vəfat etmiş və aparılan islahatlar zamanı qeyd edilən torpaq sahələri mərhum atası İ.İsmayılov, o və qızları Leyla və Nərgizin adına qeydə alınmaqla bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair JN-233A seriyalı şəhadətnamə və torpağa mülkiyyət hüquqna dair JN-390 seriyalı dövlət aktı verilmişdir. JN-233A seriyalı şəhadətnamə əsasən verilmiş 0.16 ha torpaq sahəsi üzərində 1 mərtəbəli 4 otaq və digər yardımçı tikililərdən ibarət yaşayış binası inşa etmiş və biz həmin evdə yaşamışlar. Lakin qeyd etdiyi ev daşınmaz əmlakın Dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmamışdır ki, zaman keçdikcə bacı və qardaşları ailə qurmaqla təsərrüfatdan ayrılmış, həmin evdə isə son vaxtlara kimi o və ailə üzvləri yaşamışlar. B.İsmayılova 1996-cı ildə vəfat etmiş, islahat zamanı isə yaşadıqları və istifadələrində olan torpaq sahəsi mərhum atası İ.İsmayılov, o, qızları Leyla və Nərgizin adına qeydə alınmışdır. Mərhum atası İ.İsmayılov isə 2004-cü ildə vəfat etmiş və ondan da qeyd etdiyim topaq sahələrindəki payı miras qalmışdır. Atası vəfat edərkən də onunla birlikdə iddiaçı ailəsiylə birgə yaşamış, onun vəfatı ilə əlaqədar dəfn və mərasim xərcləri onun tərəfindən ödənilmişdir. Lakin atası vəfat etdikdən təqribən bir il sonra bacısı Kəmalə nikahı pozulduğundan ata evinə qayıtmış və nəticədə aralarında yaranmış mübahisə zamanı iddiaçı ailəsiylələ birgə yaşadıqları evi tərk etmək məcburiyyətində qalmışlar. Sonrakı mərhələlərdə dolanışıq səbəbindən gah Türkiyə Respublikasında, gah da Şərur rayonunda yaşasa da hazırda cavabdehlər xüsusən də K.İsmayılova tərəfindən törədilən maneələr səbəbindən onun həmin evdə yaşamağı mümkünsüz olmuşdur. Belə ki, cavabdeh K.İsmayılova ailə qurub Şərur rayonu Danyeri kəndində yaşamasına baxmayaraq atası vəfat etdikdən bir il sonra Xanlıqlar kəndinə qayıdaraq ailəsi ilə evə yerləşmiş və bundan sonra iddiaçının orada yaşamağına manelərə yaranmışdır. Baxmayaraq ki, atasının yaşlı zamanı ona qulluq iddiaçı tərəfindən edilmiş, o vəfat etdikdən sonra ondan qalmış miras faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməklə, atasının yas mərasimi və onun məzarının götürülməsi xərcləri də demək olar ki, onun tərəfindən çəkilməklə miras əmlaka baxım və qulluq iddiaçı tərəfindən aparılmışdır. Ötən müddət ərzində mərhum atasından qalmış miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdir. Cavabdehlər tərəfindən onun mülkiyyətinə və qəbul etdiyi miras əmlaka maneələr törədildikdən sonra 2025-cü ilin avqust ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 1 Saylı Notariat Ofisinə müraciət etdiyim zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət edir. Ərizəsində göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz ifadələri ilə təsdiq edə bilərlər. Hesab edir ki, məhkəmə ərizəsində göstərilənləri nəzərə alıb, mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qərar qəbul edəcəkdir. İş üzrə tərəflərə ## #### 2026-cı il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı məhkəmə iclasında nümayəndə-vəkil ilə təmsil olunmuş, cavabdehin nümayəndəsi-vəkili vəkil1 məhkəməyə ##.##.2026-cı il tarixli məlumat ünvanlayaraq, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini, sadəcə yazılmış iddia ərizəsinə əsaslandığını, məhkəməyə onlar tərəfindən təqdim olunmuş şahidlər dinlənilən zaman iddiaçı Azər İsmayılov təxminən 1994-cü il tarixdə həmin evdən çıxmaqla Naxçıvan şəhərində yaşadığını və bir gündə olsun Şərur rayon Xanlıqlar kəndində yaşamadığını, həmin evdə 1994-cü il tarixdən cavabdeh İsmayılova Kəmalə İsmayıl qızının ailə münasibətləri pozulduqdan sonra azyaşlı övladı ilə birlikdə atası evində yaşadığını, mərhum İsmayılov İsmayıl Tağı oğlunun ölümündən sonra cavabdeh Kəmalə İsmayılovanın həmin əmlakda yenidən qurma işləri apardığını, evi tam təmir etdiyini şahidlərin bildirdiyini, iddiaçı İsmayılov Azər İsmayıl oğlu tərəfindən qaldırılmış iddianı qəbul etmədiklərini, mirasın yalnız İsmayılova Kəmalə İsmayıl qızı tərəfindən qalıb yaşamaqla faktiki qəbul edildiyini, İsmayılov Azər İsmayıl oğlu tərəfindən mirasın qəbul edilməsi faktının tanınması və payların müəyyən olunması tələbi barədə qaldırdığı iddia əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəkil2 iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında cavabdeh qismində iştirak edən İsmayılova Kəmalə İsmayıl qızı məhkəməyə izahat verərək, iddianı qəbul etmədiyini, 1995-ci ildə nikahı pozulduqdan sonra atası ilə yaşadığını, atasının Naxçıvan şəhərində Azərə ev tikdirdiyini, 1993-cü ildən Azərin evdən getdiyini, atasının 2004-cü il tarixində rəhmətə getdiyini, evin bütün kommunal xərclərini özünün ödədiyini məhkəməyə bildirmişdir. ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 məhkəməyə izahat verərək, cavabdehlə qonşu olduqlarını, lakin 2000-ci ildə oradan köçdüklərini, həmin kənddə yaşadığı müddətdə evdə ancaq Kəmalənin atası İsmayıl müəllimlə yaşadığını, Kəmalənin həmin evə xərc çəkib təmir etdirdiyini, Azərin bu xərclərin çəkilməsində iştirak etmədiyini, həmçinin həmin evə belə təsadüfi hallarda gəldiyini məhkəməyə bildirmişdir. ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X20 məhkəməyə izahat verərək, bəhs olunan vaxtda kənd sovetinin sədri olduğunu, 1995-ci ildə İsmayıl müəllimin onu evlərinə çağırdığını, evə gəldikdə İsmayılın xəstə olduğunu gördüyünü, qızı Kəmalənin ona qulluq etdiyini, notarius çağırıb evini qızı Kəmalənin adına keçirtdiyini, onun da kənd sovetinin sədri kimi iştirak etməsini istədiyini, evin yararsız halda olduğunu, həmin evi Kəmalə tibb bacısı, oğlu isə hərbiçi işləyərək qazandıqları məvaciblə təmir etdirdikilərini məhkəməyə bildirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə prosesi zamanı təqdiq edilmiş: - Naxçıvan “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli № **** nömrəli arayışdan görünür ki, İsmayılov İsmayıl Tağı oğlu ##.##.2004-cü il tarixində Şərur rayon Xanlıqlar kəndində ürək dayanması səbəbindən ölmüşdür; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli çıxarışdan görünür ki, İsmayılova Bülbül Məmmdtağı qızı ##.##.1996-cı il tarixində Şərur rayon Xanlıqlar kəndində ürək-damar çatışmamazlığı səbəbindən ölmüşdür; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İsmayılov İsmayıl Tağı oğlu və İsmayılova Bülbül Məmmdtağı qızı ##.##.1970-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlunun valideynləridir. - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *** nömrəli arayışından görünür ki, İsmayılov İsmayıl Tağı oğlunun vərəsələri aşağıdakı kimidir:
1. Həyat yoldaşı- İsmayılova Bülbül Məşəditağı qızı
2. Oğlu İsmayılov Asif İsmayıl oğlu-##.##.1959
3. Oğlu İsmayılov Mübariz İsmayıl oğlu-##.##.1961
4. Oğlu İsmayılov Azər İsmayıl oğlu-##.##.1970
5. Qızı İsmayılova Elmira İsmayıl qızı-1963
6. Qızı İsmayılova Esmira İsmayıl qızı-##.##.1968
7. Qızı İsmayılova Kəmalə İsmayıl qızı-##.##.1978 - JN-233A KOD ******** nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə İsmayılov İsmayıl Tağı oğluna, İsmayılov Azər İsmayıl oğluna, İsmayılova Nərgiz Azər qızına və İsmayılova Lalə Azər qızına mülkiyyət hüququ əsasında Şərur rayon Xanlıqlar kəndində 0.16 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmişdir. - JN-390 KOD ******** nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı ilə İsmayılov İsmayıl Tağı oğluna, İsmayılov Azər İsmayıl oğluna, İsmayılova Nərgiz Azər qızına və İsmayılova Lalə Azər qızına mülkiyyət hüququ əsasında Şərur rayon Xanlıqlar kəndində 1.15 hektar fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmişdir. - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli çıxarışdan görünür ki, İsmayılov İsmayıl Tağı oğlu və İsmayılova Bülbül Məmmədtağı qızı arasında ## ### 1965-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında ** nömrəli akt ilə qeyd edilmişdir; Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin, şahidlərin, cavabdehin və cavabdehin müayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tərəflərin iştirakı ilə tədqiq edilmiş sübutları nəzərdən keçirib, iş üzrə toplanmış sübutları tam, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İsmayılov İsmayıl Tağı oğlu ##.##.2004–cü il tarixdə öldüyündən ondan miras qalmış əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə tədqiqatı zamanı tərəflərin izahatı və digər sübutlarla ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçının həmin əmlaka faktiki sahiblik etməyə və əmlakı faktiki idarə etməyə başlamaması, həmin evdə yaşamaması, eləcə də miras əmlakın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində notariat ofisinə yazılı ərizə ilə müraciət etməməsi işin mübahisəsiz halıdır. Beləliklə baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun mirasdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair ## ##### 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Konstitusiyanın 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qərarın məzmununa görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il ## #### tarixli Qərarında qeyd edilir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktik cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Formalaşmış məhkəmə təcrübəsi fəlsəfəsinə görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin Ruiz Torija İspaniyaya qarşı iş üzrə 1994-cü il # ###### və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il ## ### tarixli Qərarları). Məhkəmə sübutları tam, hərtərəfli, obyektiv və qərəzsiz tədqiq edərək, bu sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun müvafiq hüquqi qiymət verərək, qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəyə görə İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddənin tələbinə görə Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2- ci maddənin tələbinə görə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddiaçı İsmayılov Azər İsmayıl oğlunun cavabdehlər İsmayılov Asif İsmayıl oğluna, İsmayılov Mübariz İsmayıl oğluna, cavabdeh3 İsmayıl qızına, İsmayılova Esmira İsmayıl qızına və İsmayılova Kəmalə İsmayıl qızına qarşı “miras qalmış əmlakın qəbulu və payların müəyyən olunması tələbinə dair” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov