Məhkəmə qərarları › İş №2(111)-141/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-141/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-141/2025 05.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin hesabına alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə Cavabdeh ilə imzalanmış 24 noyabr 2021-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, texnikanın istifadəsi üçün müqaviləyə əsasən ödənilməli olan 1156.00 (bir min yüz əlli altı) manat lizinq haqqı və müqavilənin 4.1.2-ci maddəsinə əsasən 26.60 (iyirmi altı manat altmış qəpik) manat komisyon haqqı daxil olmaqla, ümumilikdə 1182.60 (bir min yüz səksən iki manat altmış qəpik) manatın Cavabdeh tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan Filialında bu məqsəd üçün açılmış bank hesabına ödənilməsini və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilən 41.83 (qırx bir manat səksən üç qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" ASC-ə tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə öz əsasnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC (cari adı "xxxx" ASC) Baş direktoru X1 və öz əsasnaməsi əsasında fəaliyyət göstərən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının müdiri X2 arasında müqavilə azadlığı prinsipinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən 24 noyabr 2021-ci il tarixdə Naxçıvan şəhərində "xxxx" ASC-nin hesabına alınan “Kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə” müqavilə imzalanmış, müqavilə əsasında kənd təsərrüfatı məhsulu istehsalını artırmaq məqsədilə təyinatı üzrə istifadə üçün 15700.00 (bir min on beş min yeddi yüz) manat olan 1 (bir) ədəd “4LZ-3(3588)” markalı taxılbiçən kombayn üçün 6908.00 (altı min doqquz yüz səkkiz) manat ödənilmiş, 6280.00 (altı min iki yüz səksən) manat güzəşt olunmuş və güzəştdən sonra cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında hər il 1256.00 (bir min iki yüz əlli altı) manat ödəməsi şərtilə Cavabdeh 2 (iki) il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci maddəsinə əsasən lizinq alan, yəni Cavabdeh texnikanı icarəyə götürdüyü ildən 2 (iki) il müddətinə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialında bu məqsəd üçün açılmış xüsusi bank hesabına nəğd və köçürmə yolu ilə müqavilənin tərkib hissəsi olan və ona əlavə olunmuş ödəniş qrafikində göstərilən məbləğdə və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.2-ci maddəsinə əsasən lizinqə götürüləcək texnikaların dəyəri ödənilərkən agent bank xidmətinə görə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialına əlavə olaraq Nazirlər Kabinetinin 22 aprel 2003-cü il tarixli 53 nömrəli qərarına uyğun olaraq hər bir ödənişə görə 2.3 % komisyon haqqı ödəməlidir. Cavabdeh tərəfindən müqavilə qüvvəyə mindiyi 24 noyabr 2021-ci il tarixdən bu günədək 1356.00 (bir min üç yüz əlli altı) manat ödəniş edilmişdir və ödəniş qrafikinə əsasən 1156.00 (bir min yüz əlli altı) manat qalıq borcu yaranıbdır. Ödəniş qəbzlərindən də göründüyü kimi Cavabdeh müqavilənin şərtlərini pozmuş və müqavilədən irəli gələn öhdəliklərin icrasından qərəzli olaraq yayınmışdır. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən lizinq verən “lizinq alan” tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən qrafik üzrə icarə haqqı ödənilmədikdə, ona yazılı surətdə xəbərdarlıq etməklə müqavilənin ləğv edilməsi texnikanın lizinq alandan geri alınması, lizinq alan tərəfindən texnikadan istifadə edilən müddət üçün ödənilməli olan lizinq haqqının və texnikaya dəyən zərərin ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanlarına müraciət edə bilər. Müqavilənin 2.2.8-ci maddəsinə əsasən texnikanın icarə haqqı ödəniş qrafikinə uyğun ödənilmədikdə, istifadə etdiyi müddət üçün icarə haqqı üzrə borclar ödənilənədək texnikanın istismarını lizinqə verənin tələbi ilə müvəqqəti dayandırır. Müqavilənin 7.2-ci maddəsinə əsasən mübahisələr qarşılıqlı razılaşma ilə həll olunmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Cavabdehlə mübahisənin razılaşma əsasında həllinə nail olunmamışdır və tərəfimizdən ona bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədənkənar həllinə nail olunmamışdır. "xxxx" ASC-nin hesabına alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 24 noyabr 2021ci il tarixli Naxçıvan şəhərində bağlanmış müqavilənin 2.1.8-ci maddəsinə əsasən texnikadan istifadə edilən müddət üçün ödənilməli olan 1156.00 (bir min yüz əlli altı) manat lizinq haqqı və müqavilənin 4.1.2-ci maddəsinə əsasən 26.60 manat (iyirmi altı manat altmış qəpik) komisyon haqqı daxil olmaqla ümumilikdə 1182.60 (bir min yüz səksən iki manat altmış qəpik) manatın Cavabdeh tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan Filialında bu məqsəd üçün açılmış xüsusi bank hesabına ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 24 noyabr 2021-ci il tarixli "xxxx" ASC-nin hesabına alınan kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləyə əsasən həqiqətən iddiaçı "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında qeyd olunan lizinq müqaviləsi bağlanaraq, dəyəri tam ödənildikdən sonra icarəyə alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 15700 manat olan 1 ədəd 4LZ-3(3588) 6908 manat ödənilmiş, 6280 manat güzəşt olunmuş və qalıq dəyəri 2512 manat olan taxılbiçən kombayn Kəngərli rayon Xok kənd sakini Cavabdeh adına yenidən 2 il müddətinə icarəyə verilmiş və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. xx.xx.2021-ci il tarixli təhvil təslim aktının surətinə əsasən 24 noyabr 2021-ci il tarixə qalıq dəyəri 2512 manat olan 1 ədəd 4LZ-3(3588) markalı taxılbiçən kombayn Kəngərli rayon Xok kənd sakini Cavabdeh 2 il müddətinə icarəyə verilərək təhvil verilmişdir. 24 noyabr 2021-cü il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh 2022-ci il üzrə 1256 manat və 2023-cü il üzrə 1256 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. “Aqrarkredit”SKT Naxçıvan Filialının 149 nömrəli 19 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 24 noyabr 2021-ci il tarixdə lizinq yolu ilə götürdüyü kombayna 2022-ci ilin sentyabr ayından 19 fevral 2025-ci il tarixədək 1356 manat ödəniş edilmişdir. 25 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 1183.60 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 11 mart 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-i iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 41.83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin: 3.1.1-ci bəndinə əsasən lizinq alan aldığı texnikanın zəmanət müddətində zəmanətə düşməyən hissələrin və zəmanət müddətindən sonra təmirini, texniki xidməti ilə əlaqədar cari xərcləri, onun qorunub saxlanmasını və sair məsuliyyəti öz üzərinə götürür. 4.1.1-ci bəndinə əsasən lizinq alan təqdim etdiyi və lizinqə verənlə razılaşdırılmış “Biznes Plan”a uyğun icarə haqqını texnikanı icarəyə götürdüyü ildən 2(iki) il müddətində Aqrarkredit”SKT Naxçıvan Filialında bu məqsəd üçün açılmış xüsusi hesaba nəğd və köçürmə yolu ilə müqavilənin tərkib hissəsi olan əlavə olunmuş ödəniş qrafikinə uyğun ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır . 748.11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 1182,60 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Beləliklə, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə Cavabdeh "xxxx" ASC-yə ödənilməli olan əsas borc 1156 manat və komission haqqın 26,60 manat olmaqla 1182,60 manat borcu yaranmışdır. Ona görə də iddiaçının lizinq müqaviləsi üzrə tələbi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41,83 manat dövlət rüsumu cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 24 noyabr 2021-ci il tarixli Lizinq müqaviləsi üzrə 1156 manat əsas borc, 26,60 manat komission haqqı olmaqla cəmi 1182,60 manat və 41,83 manat dövlət rüsumu olmaqla ümumilikdə 1224,43 (bir min iki yüz iyirmi dörd manat, qırx üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar