Məhkəmə qərarları › İş №2(111)-286/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-286/2023

20.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-286/2023 20.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 sentyabr 2023-cü il tarixdə X2 Kəngərli şöbəsində onunla Maraqlı şəxs arasında bağlanmış aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icra olunması üçün təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, 14 sentyabr 2023-cü il tarixdə X2 Kəngərli şöbəsində Maraqlı şəxs ilə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi bağlamışlar. Barışıq sazişinin müddətini keçməsinə baxmayaraq borclu Maraqlı şəxs alimenti ödəməkdən yayınır. Onunla əlaqə saxladıqda qəti şəkildə aliment ödəməyəcəyini bildirir. Ona görə də barışıq sazişinin məcburi icra olunması üçün məhkəmə tərəfindən təsdiq olunmasını istəyir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, 14 sentyabr 2023-cü il tarixdə X2 Kəngərli şöbəsində onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlandığını, barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay ona iki uşağın saxlanması üçün 350 manat məbləğində aliment ödəməli olduğunu, barışıq sazişinin imzalandığı gündən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən heç bir manat da aliment ödənilmədiyini, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, barışıq sazişində qeyd edilən digər şərtlərlə bağlı heç bir problemin olmadığını, Hüseynin istədiyi vaxt uşaqlarla görüşüb ünsiyyət yaratdığını, bunu özünün də istədiyini, barışıq sazişinin yalnız aliment ödənilməsinə dair hissəsinin təsdiq edilməsini istədiyini bildirərək, məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİ № 275353 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X13 arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1160 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2018-ci il tarixli AZ-İV № 212266 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2018-ci il təvəllüdlü X5 valideyinləridir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli AZ-İV № 536880 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2020-ci il təvəllüdlü X4 valideyinləridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli T 1380 saylı barışıq sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəlmişlər: “1-ci tərəfin şərtləri. Mən, Maraqlı şəxs həyat yoldaşım, Ərizəçi ilə xx.xx.2018-ci il tarixində nikaha daxil olmuşuq və xx.xx.2018-ci ildə həmin nikahdan X12 və xx-xx-2020 X11 anadan olmuşdur. Qarşılıqlı olaraq belə razılaşdıq ki, hər bir uşağa- X9 və X6 175 (yüz yetmiş beş) manat olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində aliment pulunun ödənilməsi ilə razılaşdıq. Həmin məbləği (350 man) hər ayın 25-dən 25-nə həyat yoldaşım Ərizəçi mənə verdiyi bu kart hesabına-**********232749 vuracağam. Lazım gəldikdə Naxçıvan şəhərində video çəkilişlə həmin miqdarda aliment pulunu əlbəəl ödənilməsinə də razılaşdıq. Uşaqla ünsiyyət tələbi üzrə belə razılaşdıq ki, istədiyim vaxt X10 və X7 gəlib görməklə 5 (beş) gün aparıb yanımda saxlayacağam. 2-ci tərəfin şərtləri. Mən Ərizəçi həyat yoldaşım Maraqlı şəxs ilə xx-xx-2018-ci il tarixində nikaha daxil olmuşuq və həmin nikahdan X12 və xx-xx-2020-ci il tarixində isə X11 anadan olmuşdur. Aliment tələbi üzrə belə razılaşdıq ki, hər bir uşağa- X9 və X6 175 (yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində aliment pulunun ödənilməsi ilə razılaşdıq. Həmin məbləği (350 man) hər ayın 25-dən 25-nə həyat yoldaşım Maraqlı şəxs verdiyim bu kart hesabına - **********232749 vurmaqla, lazım olduqda həmin məbləğdə aliment pulunu Naxçıvan şəhərində video çəkilişlə əlbəəl ödənilməsinə razılaşdıq. Uşaqla ünsiyyət tələbi üzrə belə razılaşdıq ki, hər iki uşağımızı - X10 və X7 atası Maraqlı şəxs istədiyi vaxt gəlib görə bilməklə 5 (beş) gün aparıb yanında saxlasın.” Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan belə məlum olur ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan iki yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ayın 25-dək 1 uşaq üçün 175 manat olmaqla, 2 uşaq üçün cəmi 350 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişində alimentlə bağlı göstərilən öhdəliyi yerinə yetirməyərək, aliment pulunu ödəməmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur və ərizəçi barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsini xahiş edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 14 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ayın 25-dək ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulduğundan və 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Əriz X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli T 1380 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 14 sentyabr 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ayın 25-dək sabit pul məbləğində bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutularaq 03 oktyabr 2018-ci il təvəllüdlü X5 və 01 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi ödənilsin.

2. Ödəniş Ərizəçi bank kartına ödənilsin. Maraqlı şəxs 100 ( yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrli edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar