Məhkəmə qərarları › İş №2(111)-3/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-3/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-3/2021 26.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc tələbi”nə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra-İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-00545 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2015-ci il tarixə 642.21 manat əsas, 590.26 manat mükafat və həmin günə hesablanmış 612.06 manat dəbbə pulu, 5694 manat dəymiş zərər, ümumilikdə 7538.53 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-00545 saylı “daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA524428 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh istifadəsinə verilmişdir. xx xxxxxx 2014-cü il tarixli AL-00545 saylı “X5” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Bağlanmış ödəniş qrafikinə əsasən illik 17% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 310.00 manat, ümumilikdə isə 18540.00 manat məbləğində pulu Cavabdeh İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə əlaqədar İddiaçı MMC-yə və Cavabdeh qarşı sığorta şirkəti iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. xx xxxxxx 2017-ci il tarixli, 2(103)-96/2017 saylı məhkəmə qətnaməsi ilə Cavabdeh qarşı sığorta şirkətinin iddiası təmin olunmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, avtomobil xx xxxxxxxx 2015-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5694 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 200 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-00545 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2015-ci il tarixə 642.21 manat əsas, 590.26 manat mükafat və həmin günə hesablanmış 612.06 manat dəbbə pulu, cəmi 1844.53 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş üzrə İddiaçı MMC-nin direktoru X1 məhkəməyə göndərdiyi məktubda iş üzrə xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2014-cü il tarixli AL-00545 saylı X5nə əsasən həqiqətən İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh oğlu (lizinq alan) arasında qeyd olunan X5 bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. xx.xx.2014-cü il tarixli AL-00545 saylı X5nə 3 saylı əlavəyə görə müqavilə 60 ay müddətinə illik 17% olmaq şərti ilə bağlanmış, cavabdeh xx.xx.2014-cü il tarixdən ehtibarən hər ay 310 manat, son ödəmə tarixi olan xx.xx.2019-cu ildə isə 250 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehin cəmi ödəyəcəyi məbləğ 18540 manat təşkil edir. xx xxxxx 2014-cü il tarixli təhvil təslim aktının surətinə (Müqaviləyə 2 saylı əlavə) əsasən “Daewoo Gentra” markalı, ban nömrəsi 524428, olan Ağ rəngli, qiyməti 12450 manat olan avtonəqliyyat vasitəsi lizinq alan Cavabdeh oğlunun müvəqqəti sahibliyinə verilmişdir. AC 226334 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"-nin surətinə əsasən 2013-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA524428 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. xx.xx.2021-ci il tarixli, 129 nömrəli maliyyə arayışına əsasən Cavabdeh oğlunun xx.xx.2014-cü il tarixli AL-00545 saylı X5 üzrə xx.xx.2015-ci il tarixə əsas borcu 642.21 manat, mükafat borcu 590.26 manat, cərimə borcu 612.06 manat, ümumilikdə isə cəmi borcu 1844.53 manat təşkil edir. İddiaçı MMC tərəfindən verilmiş hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh xx xxx 2014-cü il və xx xxxxxx 2019-cu il tarixləri arasında müqavilə üzrə 4190 manat ödəniş etmiş, həmin ödənişin 1727.03 manatı əsas borcdan, 1977.46 manatı mükafat borcundan, 485.51 manatı isə cərimə borcundan silinmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca verilməsi barədə xx xxxxxxxx 2015-ci il tarixli aktdan məlum olur ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də xx.xx.2015-ci il tarixdə təhvil-təslim aparılaraq saxlanca verilmişdir. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2538 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4811.0 manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tərəflər arasında bağlanmış X5nin: 4.1-ci bəndinə əsasən Lizinq Obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə Lizinq Alan bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. 4.2-ci bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə N3) müəyyən edilir. 4.3-cü bəndinə əsasən lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq Verənin mükafatı, tərəflər arasında razılaşmış əlavə məsrəflər və s.) daxildir. 6.4.3-cü bəndinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalıdır. 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq Obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan Lizinq Obyektinin təsadüfən məhv olması və zədələnməsi riski Lizinq Alana keçir. 11.2-ci bəndinə uyğun olaraq bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı yaranmış 3-cü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq Alan daşıyır. 13.10-cu bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0.3% hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır . 748.11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Göründüyü kimi, Cavabdeh oğlu lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə, yuxarıda qeyd edilənləri, iş üzrə araşdırılan halları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli AL-00545 saylı X5nin şərtlərini, eləcədə Cavabdeh müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx xxxxxxxx 2015-ci il tarixə ödəməli olduğu məbləğin 5228.6 manat olmasını, cavabdehin müqavilə üzrə cəmi 4190 manat ödəniş etməsini, həmin ödənişdən 485.51 manat məbləğin cərimə (dəbbə) borcuna silinməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin həmin tarixə iddiaçıya 1523.11 manat (əsas və mükafatla birlikdə) məbləğində borcu vardır. Lakin, iddiaçı cavabdehdən xx xxxxxxxx 2015-ci il tarixə 642.21 manat əsas, 590.26 manat mükafat, cəmi 1232.47 manat tələb edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının cavabdehdən əsas və mukafat borcu ilə birlikdə cəmi 1232.47 manat tələb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən və müqavilə üzrə cavabdehin iddiaçıya 485.51 manat məbləğində cərimə ödəməsi nəzərə alıb məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli AL-00545 saylı X5 üzrə 612.06 manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 3 manata endirilməlidir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borcun, yəni əsas, mükafat, cərimə və eləcədə dəymiş zərər məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2538nömrəli rəyini və iş materiallarına əlavə edilmiş sənədləri əsas götürüb hesab edir ki, iddia tələbi 642.21 manat əsas və 590.26 manat mükafat borcun cavabdehdən tutulması hissəsində təmin edilməli, 5694 manat dəymiş zərərlə və 612.06 manat cərimə borcu ilə bağlı hissədə isə qismən təmin edilməli, dəymiş zərər - 4811 manat, dəbbə pulu (cərimə) - 3 manat məbləğində olmaqla cavabdehdən cəmi 6046.47 manat tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmalı, 24.06 manat dövlət rüsumu iddiaçının xeyrinə və iş üzrə 100 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-00545 saylı X5 üzrə 642.21 (altı yüz qırx iki, iyirmi bir) manat əsas borc, 590.26 (beş yüz doxsan, iyirmi altı) manat mükafat borcu, 3 (üç) manat cərimə borcu, 4811.0 (dörd min səkkiz yüz on bir) manat məbləğində dəymiş zərər, ümumilikdə 6046.47 (altı min qırx altı, qırx yeddi) manat borc və iddianın təmin olunmuş hissəsinə münasib olan 24.06 (iyirmi dörd, sıfır altı) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar