Məhkəmə qərarları › İş №2(111)-69/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-69/2024

16.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-69/2024 16.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 03 iyul 2023-cü il tarixdə X3 Kəngərli bölməsində onunla Maraqlı şəxs arasında bağlanmış aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icra olunması üçün təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 iyul 2023-cü il tarixdə X4 Kəngərli bölməsində Maraqlı şəxs ilə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi bağlamışlar. Barışıq sazişinin müddətinin keçməsinə baxmayaraq borclu alimenti ödəməkdən yayınır. Onunla əlaqə saxladıqda qəti şəkildə aliment ödəməyəcəyini bildirir. Ona görə də barışıq sazişinin məcburi icra olunması üçün məhkəmə tərəfindən təsdiq olunmasını istəyir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, 03 iyul 2023-cü il tarixdə X4 Kəngərli şöbəsində onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlandığını, barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay ona bir uşağın saxlanması üçün 170 manat məbləğində aliment ödəməli olduğunu, Maraqlı şəxs alimenti vaxtında ödəmədiyini, sentyabr ayı 100 manat əldə verdiyini qalan 70 manatı isə vermədiyini, son 2 ayda alimenti ödəmədiyini, yanvar ayı əvvəlki ayın borcunu ödədiyini bildirərək məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Maraqlı şəxs izahatında barışıq sazişi ilə müəyyən olunmuş alimenti hər ay ödədiyini, maaşını hər ayın 5-i və 10-u arası aldığına görə bəzən gecikdirdiyini, sentyabr ayı 100 manat verdiyini, lakin son 2 ayı da ödədiyini və bu barədə ödəniş ödəniş qəbzlərini təqdim edərək ərizənin rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan AZ-İİ 513090 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X10 arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 788450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflərin xx.xx.2023-cü ildə X8 adında uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli 19093 nömrəli, 13 yanvar 2024-cü il tarixli 19156 nömrəli və 09 fevral 2024-cü il tarixli 7255 nömrəli ödəniş qəbzlərindən görünür ki, Naxçıvanbank ASC terminallarından 4301********2395 nömrəli kart hesabına 170 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli A-840 saylı barışıq sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəlmişlər: “1-ci tərəfin şərtləri. Mən, Ərizəçi həyat yoldaşım Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixində nikaha daxil olmuşuq və xx.xx.2023-cü ildə həmin nikahdan X8 anadan olmuşdur. Belə razılaşdıq ki, oğlumuz X8 üçün 170 (yüz yetmiş) manat məbləğində alimenti hər ayın 5-də Maraqlı şəxs verəcəyim kart hesabına vursun. 2-ci tərəfin şərtləri. Mən, Maraqlı şəxs həyat yoldaşım Ərizəçi ilə xx.xx.2022-ci il tarixində nikaha daxil olmuşuq və xx.xx.2023-cü ildə həmin nikahdan X8 anadan olmuşdur. Hər ikimiz oğlumuz X8 üçün 170 (yüz yetmiş) manat məbləğində alimentlə razılaşdıq və hər ayın 5-də həyat yoldaşım Ərizəçi mənə vərəcəyi kart hesabına vuracağam.” Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan belə məlum olur ki, Cəfərov Maraqlı şəxs Nisə Ramik qızı ilə birgə nikahdan olan bir yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ayın 5-də 170 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişində alimentlə bağlı göstərilən öhdəliyi yerinə yetirməyərək vaxtı-vaxtında aliment pulunu ödəməmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs xx.xx.2023cü il tarixli barışıq sazişi üzrə ödədiyi 3 aylıq ödəniş qəbzini məhkəməyə təqdim etsə də, mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı vaxtdan könüllü şəkildə vaxtıvaxtında barışıq sazişində qeyd edilən tarixdə tam icra etməyərək barışıq sazişinin şərtlərini pozmuşdur. Eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur və ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ayın 5-də ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulduğundan və 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 234, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli A-840 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 03 iyul 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ayın 5-də sabit pul məbləğində 170 manat aliment tutularaq 29 may 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi ödənilsin.

2. Ödəniş Ərizəçi bank kartına ödənilsin. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar