Məhkəmə qərarları › İş №2(125)-1034/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1034/2022

04.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1034/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 7.200 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 4.680 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 7.200 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən 50,8 kvadrat metr sahəsi olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli, 13 dekabr 2018-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzil ona anası X3 tərəfindən 03 dekabr 2018-ci il tarixdə bağışlanmışdır. Onun ögey qardaşı Cavabdeh əvvəllər həmin evdə qeydiyyatda olsa da, mərhum anası Z.Q.Hacıyeva məhkəmədə Cavabdeh qeydiyyatdan çıxarılmasına dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh həmin evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamış və 2019-cu ildə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra Cavabdeh passport və sənəd işləri ilə əlaqədar qeydiyyata düşmənin zəruri olduğunu bildirərək, ondan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən evinə qeydiyyata düşməsinə icazə verməsini xahiş etmişdir. O, qardaşının sənəd məsələləri ilə əlaqədar qeydiyyata düşməli olduğunu və çətin vəziyyətini nəzərə alaraq, təxminən 2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən evə qeydiyyata alınmasına razılıq vermişdir. Lakin bu razılıq və Cavabdeh həmin mənzilə qeydiyyata düşməsi formal xarakter daşımışdır. Həmçinin cavabdeh bu razılıqdan sonra onun mülkiyyətində olan mənzilə qeydiyyata alınaraq, 2020-ci ilin fevral ayında özünə passport da almışdır. Həmçinin Cavabdeh Azərbaycan Respublikasına qayıtdıqdan sonra başqa yaşayış yerinin olmadığını bildirdiyindən, o, Cavabdeh həmin ünvanda müvəqqəti yaşamasına icazə vermişdir. Lakin Cavabdeh artıq 2 ildir ki, onun mülkiyyətində olan evdə yaşayır və həmin mənzildən çıxmaq istəmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, məhkəmədə iddia qaldırarkən, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi və ona qonşu mərkəzi ərazilərdə bir otaqlı təmirli evin kirayə qiymətinin 180-200 manat, şəraiti zəif olan bir otaqlı evin kirayə qiymətinin 110- 130 manat arasında dəyişdiyini öyrənmişdir. Qeyd olunan səbəbdən də o, 200 manat məbləğindən hesablamaqla, 3 il müddətinə kirayə mənzildə yaşamaq üçün 7.200 manat məbləğində kompensasiya təklif etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi, cavabdehin onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 7.200 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən mənzil əvvəllər onun anasının mülkiyyətində olmuş, o həmin mənzildə uşaq yaşlarından yaşamış və orada da böyümüşdür. Buna görə də həmin mənzil onun üçün daha çox mənəvi dəyər kəsb edir. Qeyd olunan səbəbdən də o, nəinki kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsinə, ümumiyyətlə istifadə hüququna xitam verilməsinə razı deyildir. Lakin iddiaçı ona yaxşı şəraiti olan bir otaqlı mənzil alarsa və ya həmin evin yerləşdiyi həyətyanı sahəsində onun üçün xüsusi bir otaq inşa edərsə, o, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən mənzildə istifadə hüququna xitam verilməsinə razı olar və könüllü olaraq həmin mənzili tərk edər. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 23 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evi X4 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, 1-ci döngə, 10 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X2 məxsus ünvan 4 ünvana olan istifadə hüququ itirilmiş hesab edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, 1-ci döngə, 10 ünvanında qeydiyyatdadır. İşdə olan müstəqil ekspert X5 tərəfindən verilmiş 10 may 2022-ci il tarixli rəydən görünür ki, Gəncə şəhərində bir otaqlı təmirli mənzilin bir aylıq kirayə qiyməti 180-200 manat, bir otaqlı təmirsiz mənzilin bir aylıq kirayə qiyməti 110-130 manatdır. İş materiallarında olan «Legal Prime» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, döngə 1, ev 10 ünvanında yerləşən 50,8 kvadrat metr yaşayış sahəsindən ibarət evin hazırki bazar qiyməti 39.000 manat, likvid dəyəri 35.800 manat, orta aylıq kirayə qiyməti 130-150 manatdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evi 23 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən İddiaçı bağışlanmış və İddiaçı həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnaməsi ilə Cavabdeh X2 məxsus ünvan 4 ünvana olan istifadə hüququ itirilmiş hesab edilmişdir. Sonradan İddiaçı razılığı əsasında X1 şəhəri, Nizami rayonu, 1-ci döngə, 10 ünvanında qeydiyyata alınmış və müvəqqəti olaraq həmin mənzildə yaşamışdır. Məhkəmə mövcud olmayan hüququn itirilməsinin mümkün olmamasını və hüququn itirilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin, yəni Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən evə istifadə hüququnun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(044)- 3521/2018 saylı qətnaməsi ilə itirildiyini və 2019-cu ildən sonra İddiaçı razılığı əsasında müvəqqəti olaraq həmin evdə yaşadığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci maddəsinə görə yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış qardaş və bacı əmək qabiliyyəti olmadıqda və yardıma ehtiyacı olduqda, ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə digər qardaş və bacıdan özünün saxlanmasını tələb etmək hüququna malikdir. Həmin hallar olmadıqda qeyd olunan hüquqla yanaşı, mülkiyyətçi olan qardaşın (bacının) digər qardaşa (bacıya) məxsus mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə nəzərdə tutulan istifadə hüququ da yaranmır. Mülki işin məhkəmə iclasında tədqiqi zamanı isə Cavabdeh Xaliq oğlu əmək qabiliyyəti olmamasını, yardıma ehtiyacı olmasını, arvadından və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməməsini, yəni İddiaçı onu saxlamaq vəzifəsinin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehi saxlamaq vəzifəsi olmadığından cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh Xaliq oğlunun iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, mövcud olmayan istifadə hüququna xitam verilməsi isə qanunun tələbinə uyğun deyildir və iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxarılması tələbinə dair hissədə iddia təmin edilməməli, iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə ilkin olaraq Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Bundan başqa, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda iddiaçı Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən evin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən 7.200 manat məbləğində kompensasiya verilməklə Cavabdeh əşyaları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitinin digər hissəsinin əvəzi qismində 300 məbləğində pul vəsaiti «Legal Prime» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən 7.200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh əşyaları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində isə 300 (üç yüz) manat məbləğində pul vəsaiti «Legal Prime» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar