Məhkəmə qərarları › İş №2(125)-106/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-106/2024

22.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-106/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X2 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən əmlakdan istifadə hüququnu məhdudlaşdıran, əmlaka giriş-çıxışa maneə yaradan inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 75,2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış verilərək onun tam xüsusi mülkiyyətinə verilmişdir. Qeyri-yaşayış sahəsinə 74252 inventar nömrəli, **********47-06301-083001 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasport verilərək tikinti barədə tam məlumat qeydə alınmışdır. Ona məxsus qeyri-yaşayış sahəsi 2 hissədən ibarətdir, hər bir hissəsinin ayrı pəncərəsi və giriş-çıxış qapısı vardır ki, hər iki hissə ayrıayrılıqda tam müstəqil şəkildə fəaliyyət göstərə bilsin. Birinci hissədə hədiyyələr-suvenirlər, ətirlər satışı aparılır və hal-hazırda işləyir, ikinci hissədə isə kafe olmuşdur və həmin kafeni cavabdeh icarəyə götürüb işlətmişdir. İşlətdiyi kafenin pəncərəsinin və qapısının önündə obyektə bitişik qanunsuz tikili aparmışdır. Onun xəbəri, məlumatı olmadan cavabdeh özbaşına qeyd olunan obyektə bitişik və işlək vəziyyətdə olan kafenin önündə tikili apararaq xüsusi mülkiyyətdə olan mülkdən sərbəst istifadə hüququnu məhdudlaşdırmışdır. Ona bu barədə xəbərdarlıq edilsə də, heç bir məhəl qoymamış, dəfələrlə polis orqanına müraciət edilsə də, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Obyektin və qanunsuz tiklinin hazırki vəziyyəti fotoşəkillərdə və videoçəkilişdə öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən inşa edilmiş tikili əmlakdan istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı, qanunsuz tikilidir. Tikinti haqqında qanunun 71.72-ci maddələrinə zidd olmaqla, gələcəkdə təhlükəsizlik üçün nəzərdə tutulmuş yerdə tikilmişdir. Ekspert rəyində də qanunsuz olduğu göstərilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2022-ci ilin sentyabr ayında aylıq icarə haqqı 400 manat olmaqla, obyekti icarəyə götürmüşdür. İddiaçı 1 illik icarə haqqını əvvəlcədən istəmiş, 4800 manat icarə üçün vermiş, 2800 manat da öz cibindən obyektə avadanlıqlar almışdır. 1 ay keçəndən sonra iddiaçı gəlib, kirayəni azaldaraq 300 manat etdiyini, başqa adama da icarəyə verəcəyini demişdir. Qeyri-qanuni kəsib digər hissəni icarəyə vermişdir. Kafeni işlətdiyi hissənin giriş qapısı ayrıdır, gediş-gəlişə heç bir maneçiliyi yoxdur. İddia qərəzli şəkildədir. O, öz yerini aralamışdır. Bağladığı divarı da yanvar ayının 17-dən sonra sökmüşdür. Ekspert rəyi ilə razı deyildir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5136 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən kafenin pəncərəsinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin ayrı- ayrılıqda pəncərəsi və giriş-çıxış qapısı olmaqla, D.Qorqud küçəsi tərəfindən giriş-çıxış hissəsində suvenirlərin və ətirlərin satışı aparılır, Gəncə Dövlət Universitetinin yataqxanasına tərəf olan giriş-çıxış olan hissəsində əvvəllər kafe kimi fəaliyyət göstərilsə də, hazırda hər hansı fəaliyyət göstərilmir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin Gəncə Dövlət Universitetinin yataqxanasına tərəf olan giriş-çıxış qapısının və pəncərənin qarşısında tikinti inşa edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir.İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan qeyri yaşayış sahəsinin qarşısında özbaşına tikinti işləri apararaq xüsusi mülkiyyətdən sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla, giriş-çıxışa maneə yaratmışdır. Təyin olunmuş tikinti-texniki ekspertizası rəyindən də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia təmin edilməli, ünvan 1 ünvanda iddiaçıya məxsus qeyri yaşayış sahəsinin giriş-çıxışının və pəncərəsinin qarşısında inşa edilmiş tikili cavabdehin öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda İddiaçı mülkiyyətində olan qeyri yaşayış sahəsinin giriş-çıxışının və pəncərəsinin qarşısında cavabdeh X4 tərəfindən inşa edilmiş tikili cavabdehin öz hesabına sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X1 alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar