Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1109/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «cərimənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «cərimənin ləğv edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında ünvan 1 ünvanında yerləşən evə dair yazılmış 550,16 (beş yüz əlli manat on altı qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev atası X1 məxsusdur. Atası vəfat etmişdir. O, təbii qaz abonentidir və ünvan 2 ünvanda yerləşən evə dair **********00580 saylı abonent saldosu mövcuddur. Hazırda Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən evə dair qarşı qanunsuz hesablanmış 4320 m3, yəni 550,16 manat dəymiş ziyana görə qaz pulu hesablanmışdır. 13 oktyabr 2023-cü il tarixdə G-4 markalı, **********8 saylı təbii qaz sayğacı Cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və ona qanunsuz olaraq dəymiş ziyan hesablanmış və cərimə yazılmışdır. Cavabdeh təşkilat tərəfindən dəymiş ziyanlıq üçün tərtib edilmiş sənədləşmə arasında bir-birinə uyğun olmayan sənədləşmə aparılaraq onun hüquqları birbaşa pozulmuşdur. Belə ki, qaz sayğaclarına Cavabdeh tərəfindən bir ayda iki dəfədən artıq baxış keçirilir. Bundan başqa qaz sayğacına dəymiş ziyanın hesablanması qaydası haqqında heç bir əsas olmadan ünvan 3 ünvanda yerləşən evə dair qanunsuz və qaz sayğacına müdaxilə edilməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktda sayğaca müdaxilə edilməsi barədə heç bir sübut olmadan əsassız 550,16 manat cərimə yazılmışdır. Həmin cərimənin söykənəcəyi heç bir qanuna istinad edilməmişdir və elə bir qanun da yoxdur. Qaza dair aylıq ödənişlər vaxtında ödənilir. Mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və məişət qaz qurğuları ilə təchiz edilməsini, quraşdırılmasını və dəyişməsini qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməsini müəyyən etmişdir. Belə ki, Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı barəsində hansısa məsuliyyət tədbirinin və qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə pul sanksiyasının tətbiq edilməsi, həmçinin həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan ödənilməsinin tələb edilməsi "Qazdan istifadə qaydalarında, tərəflər arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərində və digər normativ hüquqi aktların tələblərinə birbaşa ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcbur etmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimləyən metodlar tətbiq edir. Bu gün ünvan 3 ünvanda yerləşən evin qaz sayğacının yoxlanılması ilə əlaqədar əsassız olaraq 30 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq 550,16 manat məbləğində cərimə hesablanmışdır. Sözü gedən akt onun iştirakı və xəbəri olmadan tərtib edilmiş, həmin aktdan onun xəbəri olmadığı halda onun əvəzinə imza hissəsində “imtina” kimi qeyd edilmişdir. Qaz sayğacına heç bir müdaxilə olmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozulması tamamilə qanunsuz və əsassızdır. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndəsi tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özü tərəfindən açılmışdır. Yəni tərəfindən ümumiyyətlə sayğaca müdaxilə edilməmişdir. Lakin, Cavabdeh əməkdaşları tərəfindən 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktda guya qaz sayğacına müdaxilə olunduğu göstərilmişdir. Həmin akt tamamilə əsassız və qanunsuzdur. Tərəflərindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməlidir. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən evə hesablanmış cərimənin silinməsi qanunidir. Onu da qeyd etmək istəyir ki, qanunsuz olaraq hesablanmış cərimə nəticəsində bu gündə qazdan istifadədə əlavə tutulmalar həyata keçirilir. Özü, Azərbaycan Respublikasının Müharibə veteranıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanı mərhum atası X1 məxsusdur. X8 26 mart 2004-cü il tarixdə vəfat etmişdir. Mərhum atasından qalmış **********00580 abonent kodlu sözügedən evdə o, yaşayır və istehlakçıda odur. Həmçinin, həmin evdə də qeydiyyatdadır. Cavabdeh Azəriqaz İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 oktyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, sayğac sərfiyyatı silmədiyi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sayğac əvəz edildikdən sonra keçirilmiş yoxlama zamanı sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 oktyabr 2023cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda guya onun aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və aktı imzalamaqdan imtina etməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 550,16 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 082586 nömrəli, Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş, 27 mart 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 mart 2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2004-cü il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin insultu qeyd edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirovabad şəhəri, ünvan 4 ünvanı X1 məxsusdur. İ-ИЕ seriyalı, 758431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə doğulmuşdur. Atası - X2, anası – X4r. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəis müavini Turqay Oktay, mühəndis Nəcəfov Kamil, çilingər Məmmədov Feyruz iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Cavabdeh İB-nin 14-2-2/3-5-10747 nömrəli rəyə əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Turqay Oktay, Nəcəfov Kamil və Məmmədov Feyruz tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Kərimov Əjdər tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********00580 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanına təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 550,16 manat borc yazılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 oktyabr 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli sayğac sərfiyyatı silmədiyi üçün çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli sayğacı quraşdırılmışdır. 20 iyun 1997-ci il tarixli, 001508 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvan 2 ünvanında quraşdırılan qaz sayğacından qaz keçməsi, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 13 oktyabr 2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac sərfiyyatı silmədiyi üçün çıxarılmışdır. Sayğac çıxarıldıqdan sonra aparılmış yoxlama nəticəsində sayğacdan qaz keçməsi, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş və ******* nömrəli, 30 oktyabr 2023cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanında qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən İddiaçı 550,16 (beş yüz əlli manat on altı qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 550,16 (beş yüz əlli manat on altı qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli akt əsasında hesablanmış 550,16 (beş yüz əlli manat on altı qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli akt əsasında İddiaçı Cavabdeh tərəfindən hesablanmış 550,16 (beş yüz əlli manat on altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1109/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1109/2024
26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver