Məhkəmə qərarları › İş №2(125)-1118/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1118/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1118/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qaz sayğacının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «qaz sayğacının dəyişdirilməsi» tələbinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, “X11 İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız olan qaz sayğacının ünvandan götürülərək 2009-cu il tarixdən 05 may 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını, qanunsuz və əsassız formada ünvanından götürülən, istifadəyə tam yararlı smartkart tipli qaz sayğacının bərpa edilməsinə və yaxud istifadəyə tam yararlı digər smartkart tipli qaz sayğacının ünvanına quraşdırılmasına” dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə işin faktiki halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2009-cu il tarixdən istifadəsində olan qaz sayğacı smartkart tipli qaz sayğacı idi. 2020-ci il tarixədək heç bir problem olmadan 11 il limiti heç vaxt keçməmişlər. 2020-ci ilin may ayının 5-də Gəncə şəhər qaz istismar idarəsinin işçiləri tərəfindən normal, problemsiz işləyən smartkart tipli qaz sayğaclarını ünvanlarından qanunsuz və əsassız şəkildə götürərək, mexaniki qaz sayğacı ilə əvəzlədilər. Sayğacı dəyişərkən qaz idarəsinin işçiləri “bütün küçəni dəyişəcəyik, birinci Sizin ünvandan başlayırıq”-demişlər. Ancaq yenə də küçələrində həmin smartkart tipli qaz sayğacdan bir çox qonşularda var. Smartkart tipli qaz sayğacını götürüb əvəzinə mexaniki qaz sayğacı quraşdırdılar. Əvəzlədikləri mexaniki qaz sayğacı da əvvəlki smartkart tipli sayğacla eyni qaydada işləyirdi. Bundan sonra qaz idarəsinin işçiləri hər dəfə onun yaşadığı ünvana gəlib bildiriş təqdim edərkən “Nə az qazdan istifadə edirsiniz, sərfiyyatınız niyə bu qədər azdır.”-demişlər. O, hər ay vaxtı vaxtında ödənişi etmişdir. İllər boyu eyni qurğu, eyni avadanlıqdan istifadə edirlər. Əlavə qurğu quraşdırmamışlar. 5 il tamam olmadan 28 sentyabr 2023-cü il tarixdə qaz idarəsinin işçiləri ünvanına gələrək, normal qaydada işləyən mexaniki qaz sayğacını 3-cü dəfə başqa mexaniki qaz sayğacı da dəyişdirdilər. Bundan əvvəlki mexaniki qaz sayğacına 26 manat 30 qəpik pul əlavə yazmışlar. Həmin pulu gedib “Asan Xidmət”də ödəyərək sayğacı atasının adından öz adına keçirmişdir. 2023-cü ilin sentyabr ayının 28-də ünvanına quraşdırdıqları qaz sayğacı sərfiyyatına uyğun deyil, sayğac 3 dəfə çox yazır. Ailə tərkibi 2 nəfər - anası və özündən ibarətdir. O, qazla əlaqədar ödənişi tam dayandırmış, 2023-cü ilin sentyabr ayının 28-də ünvanına quraşdırılan qaz sayğacının sərfiyyatından razı deyil. Sayğac çox yazdığı üçün qazla əlaqədar sərfiyyatı tam azaltmış və qazdan az istifadə edirlər. xx.xx.2024-cü il tarixdə bu barədə bildirişi götürüb Gəncə şəhər qaz idarəsinin müdiri Samir Hacıyevə məlumat vermiş və istifadəyə yararsız qaz sayğacının smartkart tipli sayğacla dəyişməsini bildirmişdir. Samir Hacıyev ona yaxın günlərdə smartkart tipli qaz sayğacı ilə dəyişəcəklərini bildirmişdir. 03 mart 2024-cü il tarixdə Gəncə qaz idarəsinə yaxınlaşmış, sayğacların müdiri Rəşad Məmmədova 28 sentyabr 2023-cü il tarixdə ünvanlarına quraşdırılan mexaniki qaz sayğacının istifadəyə yararsız olduğunu, sayğac sərfiyyata uyğun işlədiyini və çox yazdığını bildirmişdir. Gəncə şəhər qaz idarəsinin əməkdaşları 15 yanvar 2024-cü il tarixdə onun yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş, məlum olmuşdur ki, sayğac atır, tutur, sayğac istifadəyə yararsızdır. Rəşad Məmmədovdan xahiş etmişdir ki, sayğacı smartkart tipli qaz sayğacla əvəzləsin. X8 buna səlahiyyəti çatmadığını, ona X1 deyəcəkləri halda sayğacı dəyişə biləcəyini bildirmişdir. 28 sentyabr 2023-cü il tarixdə ünvanına quraşdırılmış istifadəyə yararsız qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar bir çox yazılı məlumat vermiş, lakin heç bir nəticəsi olmamışdır. 23 may 2024cü il tarixdə yenidən X11 İdarəsinə yaxınlaşaraq Rəşad Məmmədovdan 2009-2020-ci illərdə istifadə etdiyi smartkart tipli sayğacın geri qaytarılmasını tələb etsə də o, bundan imtina etmişdir. Bundan sonra X11 İdarəsinin rəisi Hüseyn Şirinova da məlumat verərək 28 sentyabr 2023-cü il tarixdə ünvanlarında quraşdırılan sayğacın yararsız olması, çox yazması barədə məlumat verərək 11 il işlətdiyi smartkart tipli sayğacını geri istəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında qeyd etdi ki, onun yaşadığı ünvan 3 ünvanında 2009-2020-ci illərdə smartkart tipli qaz sayğacından istifadə etmişdir. 2020-ci ildə həmin sayğac işlək vəziyyətdə olduğu halda mexaniki qaz sayğacı ilə əvəz olunmuşdur. Bundan sonra həmin sayğacdan istifadə etmiş, 3 il keçməmiş yenidən onun istifadə etdiyi sayğac 28 sentyabr 2023-cü il tarixdə dəyişdirilmişdir. Bundan sonra yeni istifadəyə verilmiş sayğacın düzgün işləmədiyini, çox yazdığını, əvvəlki illərə münasibətdə sərfiyyatın artdığını görmüşdür. Bundan sonra həmin sayğacın yenisi ilə dəyişdirilməsini, yaxud əvvəlki smartkart tipli sayğacla əvəz olunmasını xahiş etmişdir. Lakin qaz idarəsinin işçiləri sayğaca baxsalar da onu dəyişdirməkdən imtina etmişlər. Bundan sonra dəfələrlə müraciətlər etsə də nəticəsi olmamışdır. Hazırda onun istəyi odur ki, ya əvvəlki smartkart tipli istifadə etdiyi sayğac, ya da yeni smartkart tipli sayğac ona məxsus mənzildə quraşdırılsın. Əks halda hazırda yaşadığı evdə quraşdırılmış sayğacdan imtina edir. Həmçinin X2 əməkdaşları tərəfindən ona sayğacın işlək vəziyyətdə olub-olmamasının müəyyən etmək məqsədilə sayğacın laborator şəraitdə yoxlanılması ilə bağlı ödəniş etməsi təklif olunsa da o bundan qəti şəkildə imtina edir. Belə ki, hesab edir ki, hazırki sayğac yararsız olduğu üçün bunu X2 özü öz vəsaiti hesabına etməlidir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evdə əvvəllər smartkart tipli sayğacdan istifadə olunsa da onun yararlılıq müddəti keçdiyi üçün mexaniki tipli sayğacla əvəz olunmuşdur. Sonradan həmin sayğacda qüsur aşkar olunduğundan sayğac idarənin hesabına 2023-cü ildə yeni sayğacla əvəzlənmişdir. İddiaçı isə həmin sayğacın düzgün işləmədiyini iddia edir. Belə olan halda, yəni istehlakçının arzusu ilə sayğacın yoxlanması tələb olunursa bu halda istehlakçı müvafiq ödəniş etməli və bundan sonra sayğac laborator yoxlamadan keçirilə bilər. Yəni, sayğacın sərfiyyatı düzgün qeyd edib-etməməsi barədə növbədən kənar yoxlamaya istehlakçının öz istəyi ilə göndərilir və onun vəsaiti əsasında yoxlama aparılır. İddiaçı isə həmin ödənişi etməkdən imtina edir. Həmçinin qeyd edir ki, İddiaçı yaşadığı evdə hazırda istifadə olunan qaz sayğacı, idarənin əməkdaşları tərəfindən yoxlanılmış və sayğacın işləmə mexanizmində hər hansı qüsur aşkar edilməmişdir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Abonent nömrəsi **********00000 olan İddiaçı adına açılmış abonent saldosundan görünür ki, 2020-2024-cü illər üzrə qaz sərfinin məbləği aşağıdakı kimidir: 06/2020-ci ilə 5.80 manat, 07/2020-ci ilə 6.20 manat, 08,2020-ci ilə 5 manat, 09/2020-ci ilə 6.50 manat, 10/2020-ci ilə 9.50 manat, 11/2020-ci ilə 31 manat, 12/2020-ci ilə 25.80 manat – 89.88 manat; 01/2021-ci ilə 25.20 manat, 02/2021-ci ilə 21 manat, 03/2021-ci ilə 15 manat, 04/2021-ci ilə 1.50 manat, 05/2021-ci ilə 03 manat, 06/2021-ci ilə 2.20 manat, 07/2021-ci ilə 2.20 manat, 08/2021-ci ilə 3 manat, 09/2021-ci ilə 5.20 manat, 10/2021-ci ilə 4,90 manat, 11/2021-ci ilə 4.20 manat, 12/2021-ci ilə 9.36 manat – cəmi 96.76 manat; 01/2022-ci ilə 6.12 manat, 02/2022-ci ilə 5.76 manat, 03/2022-ci ilə 2.76 manat, 04/2022-ci ilə 2.52 manat, 05/2022-ci ilə 2.52 manat, 06/2022-ci ilə 2.28 manat, 07/2022-ci ilə 2.88 manat, 08/2022-ci ilə 3 manat, 09/2022-ci ilə 4.92 manat, 10/2022-ci ilə 3,36 manat, 11/2022-ci ilə 4.08 manat, 12/2022-ci ilə 15.96 manat - cəmi 56.16 manat; 01/2023-cü ilə 20,04 manat, 02/2023-cü ilə 14.76 manat, 03/2023-cü ilə 5.28 manat, 04/2023-cü ilə 6.36 manat, 05/2023-cü ilə 5.88 manat, 06/2023-cü ilə 2.76 manat, 07/2023-cü ilə 0 manat, 08/2023-cü ilə 0 manat, 09/2023-cü ilə 12.76 manat, 10/2023-cü ilə 26.28 manat, 11/2023-cü ilə 27.36 manat, 12/2023-cü ilə 49.20 manat – cəmi 170.64 manat; 01/2023-cü ilə 47.76 manat, 02/2023-cü ilə 33.24 manat, 03/2023-cü ilə 29.40 manat, 04/2023-cü ilə 15.60 manat, 05/2023-cü ilə 10.68 manat, 06/2023-cü ilə 6.72 manat, 07/2023-cü ilə 7.80 manat, 08/2023-cü ilə 11 manat, 09/2023-cü ilə 10.80 manat, 10/2023-cü ilə 24.40 manat – cəmi 197.40 manat təşkil etmişdir. X12 İstismarı İdarəsinin rəisi X7 Şəhər Məhkəməsinə ünvanlandığı 22 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə RQİİ-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı iştirakı ilə mənzildə quraşdırılmış qaz sayğacına xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Sayğaca baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Zenner tipli G-4 markalı **********6 zavod nömrəli qaz sayğacı normal, səssiz işləyir və digər qüsur aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, qaz sayğacının sərfiyyatının düzgün qeyd edibetməməsi üçün növbədən kənar dövlət yoxlamasına göndərilə bilər. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə İstehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin məktuba əlavə olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə RQİİ X6 İstismarı və Metroloji şöbəsinin rəisi Rəşad Məmmədov, şikayətlərin araşdırılması bölməsinin böyük mühəndisi Vasif Qurbanov, Gəncə XS-nın sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi Fizuli Məmmədov, Gəncə XS-nın TQQ və SX-nın çilingəri Vüqar Sərxanov, ünvan 6 ünvanında yaşayan İddiaçı iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvanın qaz xəttinə quraşdırılmış Zenner tipli G-4 markalı **********6 zavod nömrəli, göstəricisi 06741 olan qaz sayğacına və mənzilin qaz cihazlarına baxış keçirilmişdir. Baxış zamanı sayğacın normal, səssiz işlədiyini və digər qüsur olmadığı aşkarlanmışdır. Sayğacın sərfiyyatı düzgün qeyd edib-etməməsi barədə növbədən kənar yoxlamaya istehlakçının öz istəyi ilə göndərilməsi izah olunmuş və İddiaçı öz vəsaiti hesabına göndərilməkdən imtina etmişdir. Həmçinin akta İddiaçı imza etməkdən də imtina etmişdir. X12 İstismarı İdarəsinin rəisi X7 Şəhər Məhkəməsinə ünvanlandığı 23 aprel 2025-ci il tarixli məktubundan görünür ki, hal-hazırda Gəncə şəhərində istehlakçılar tərəfindən öncədən ödənişli smartkart tipli qaz sayğaclarından istifadə olunur. Məişət qaz sayğacları üçün dövrü istismar (növbəti yoxlama) müddəti 5 (beş) il olaraq müəyyən edilmişdir. “Azəriqaz” İB-nin maddi-texniki təminat planlarında artıq öncədən ödənişli smartkart tipli qaz sayğaclarının satın alınması nəzərdə tutulmur. Hal-hazırda qazlaşdırılan bütün yeni fərdi evlərdə (mənzillərdə), eləcə də dövrü yoxlama müddəti tamam olmuş sayğacların əvəzlənməsi zamanı yalnız mexaniki tipli (sonradan ödənişli) qaz sayğacları quraşdırılır. Gələcəkdə yalnız Gəncə şəhərində deyil, ümumilikdə respublika ərazisində smartkart tipli sayğacların əvəzinə məsafədən idarə olunan smart qurğuların quraşdırılması planlaşdırılır. Hazırda bu sistem Bakı şəhərində pilot layihə çərçivəsində sınaq mərhələsindədir. İddiaçı yaşadığı mənzildəki qaz sayğacının dövrü yoxlama müddəti hələ başa çatmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən, yalnız istehlakçının öz vəsaiti hesabına yoxlamadan keçirilməsi mümkündür. Bu halda da müvəqqəti olaraq sonradan ödənişli mexaniki tipli qaz sayğacı quraşdırılacaqdır. X12 İstismarı İdarəsinin rəisi X7 Şəhər Məhkəməsinə ünvanlandığı 02 may 2025-ci il tarixli, 14-2-2-14/2-490/2025 məktubundan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 8 ünvanında quraşdırılmış mexaniki qaz sayğacının sərfiyyatın düzgün qeyd edibetməməsi üçün növbədən kənar dövlət yoxlamasına göndərilə bilər. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə İstehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Əlavə olaraq bildiririk ki, ünvan 8 ünvanında quraşdırılmış mexaniki qaz sayğacına Gəncə RQİİ-nin işçiləri tərəfindən baxış keçirilmiş və Zenner tipli G-4 markalı №**********6 zavod nömrəli qaz sayğacı normal, səssiz işlədiyi və digər qüsurların aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: İddiaçı yaşadığı ünvanda istifadə etdiyi Zenner tipli G-4 markalı №**********6 zavod nömrəli qaz sayğacı normal işləmədiyini, sərfiyyatın artıq olduğunu və sayğacın istifadəyə tam yararsız olduğunu bildirir. Bunun üçün əvvəlcə iddiaçı “Azəriqaz” X4 Qaz İstismar İdarəsinə müraciət etsə də qaz sayğacının dəyişdirilməsinə nail ola bilməmişdir. Bundan sonra İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacının dəyişdirilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmuş, iddia tələbini qəbul etməmişdir. Belə ki, cavabdeh qeyd olunan sayğacda hər hansı qüsur olmadığını bildirmiş, həmçinin sayğacın sərfiyyatı düzgün qeyd edibetməməsi barədə növbədən kənar yoxlamaya istehlakçının öz istəyi ilə göndərilməsi onun hesabına aparılmalı olduğunu, lakin istehlakçı İddiaçı ödəmənin onun hesabına aparılmasında imtina etmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq normaları: Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna işçin faktiki halları ilə birlikdə qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi qaz sayğacının əvvəlki sayğaca münasibətdə artıq sərfiyyata səbəb olduğunu göstərsə də buna dair əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə abonent saldosuna nəzər saldıqda 2020-2024-cü illər üzrə qazın bir kubmetrinin qiymətinin sonradan artması da nəzərə alınmaqla iddiaçının yaşadığı evdə qazdan istifadə ilə aylar üzrə sərfiyyatda əhəmiyyətli fərq olmadığı müşahidə edilir. Digər tərəfdən iddiaçının dəyişdirilməsini iddia etdiyi qaz sayğacına işə məhkəmədə baxılan zaman cavabdehin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə baxış keçirmiş və sayğacın işləmə mexanizmində hər hansı qüsur olmadığı müəyyən olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə İstehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin iddiaçıya işə məhkəmədə baxılan zaman öz hesabına dəyişdirilməsini istədiyi qaz sayğacının dövlət yoxlamasından keçirilməsi təklif olunmuş, lakin iddiaçı bundan qəti şəkildə imtina etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “X11 İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız olan qaz sayğacının ünvandan götürülərək 2009-cu il tarixdən 05 may 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını, qanunsuz və əsasız formada ünvanından götürülən, istifadəyə tam yararlı smartkart tipli qaz sayğacının bərpa edilməsi və yaxud istifadəyə tam yararlı digər smartkart tipli qaz sayğacının ünvanına quraşdırılması” tələbinə dair iddiası rədd edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “X11 İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız olan qaz sayğacının ünvandan götürülərək 2009-cu il tarixdən 05 may 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını, qanunsuz və əsassız formada ünvanından götürülən, istifadəyə tam yararlı smartkart tipli qaz sayğacının bərpa edilməsi və yaxud istifadəyə tam yararlı digər smartkart tipli qaz sayğacının ünvanına quraşdırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar