Məhkəmə qərarları › İş №2(125)-117/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-117/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-117/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı1 və digər İddiaçı2 nümayəndəsi, hər iki iddiaçıların vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzildən istifadə hüququna 3000 (üç min) manat kompensasiya verməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11 ünvanında yerləşən 5 saylı mənzil Dəmir Yol İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli 99 nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3299 nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli 3295 nömrəli Forma 2 arayışı (qeydiyyatda olanlar X4, X5, İddiaçı1 (1992-ci il təvəllüdlü), İddiaçı2 (1998-ci il təvəllüdlü), Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 7E-9-9330 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizəsinə, Gəncə şəhəri Dövlət Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli 42 nömrəli qərardadından çıxarışına əsasən atası X1 adına qeydiyyata alınmışdır və ona xx.xx.2004cü il tarixli, 21632 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-2586 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil atası tərəfindən hər birinə 1/2 hissə olmaqla onlara bağışlanmışdır. Onlara xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Hazırda da mənzil onlara məxsusdur. Cavabdeh nənələridir. Nənələri əvvəllər onlarla yaşamamışdır. O, Dəmir Yol İdarəsi tərəfindən həyat yoldaşına, yəni babaları X2 verilmiş Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5a saylı mənzildə (əvvəllər Gəncə şəhəri, Atatürk prospekti, ev 65, mənzil 7) yaşamış, 2003-cü ildə isə həmin mənzili öz adına özəlləşdirmişdir. Xüsusi mülkiyyətində mənzili olmasına baxmayaraq, Cavabdeh özünə məxsus mənzildən pasport qeydiyyatından çıxaraq, xx.xx.2004-cü il tarixdə həmin vaxt atasına, 2019-cu ildən etibarən isə onlara məxsus mənzilə pasport qeydiyyatına düşmüşdür. Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-1Ə187 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 a saylı mənzili X8 adlı şəxsə satmışdır. Qeyd etdikləri kimi cavabdeh mənzilə pasport qeydiyyatına düşməsinə baxmayaraq, onların mənzilində yaşamamışdır. 2006-cı ilədək cavabdeh öz mənzilində, 2006-cı ildən, yəni mənzilini satdıqdan sonra isə qızının yanında yaşamışdır. Lakin, cavabdeh mənzilini satdıqdan sonra bəzi əşyalarını aparmağa yer olmadığı üçün onların mənzillərinə yığmışdır. 2023-cü ilin noyabr ayında cavabdeh gəlib onların evinə yerləşərək, mənzilin ona məxsus olduğunu, onların evdən çıxıb getmələrini tələb etmişdir. Onlar evdən çıxmadıqda isə 2006-cı ilədək özünə məxsus olmuş Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5a saylı mənzilin (əvvəllər Gəncə şəhəri, Atatürk prospekti, ev 65, mənzil 7) ilkin sənədlərini onlara məxsus mənzilin sənədləri kimi qələmə verərək, mənzillərinin özəlləşdirilməsinə dair inzibati aktın, daşınmaz əmlakın dövlət reyestrində özəlləşdirmə əsasında aparılmış qeydin ləğv edilməsi və mənzilin onun adına qeydiyyata alınmasına dair iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin onlara məxsus mənzilə heç bir aidiyyətinin olmaması ortaya çıxmış, buna görə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-736/2024 saylı qərardadı ilə cavabdehin həmin iddiası mümkünsüz sayılmışdır. Bundan sonra cavabdeh evdə həyatlarını əsl cəhənnəmə çevirmişdir. Belə ki, cavabdeh efirə ictimai verilişlərə çıxaraq, aparıcıya və orada olan digər şəxslərə barələrində yalan məlumatlar verərək, onların əsassız tənqidlərə və məzəmmətlərə məruz qalmaqlarına nail olmuşdur. Bundan başqa tez-tez onların və ailə üzvlərinin barəsində polisə əsassız şikayətlər edir. Demək olar ki, həftədə bir qapılarına polis gəlir. Analarını, 36 ilin müəlliməsini hər gün ağır sözlərlə söyüb təhqir edir, ağladır. Günü-gündən cavabdehlə aralarında olan münasibətlər daha da gərginləşir və daha ağır nəticələrə gətirib çıxara bilər. Onlar bu vəziyyətdən artıq təngə gəlmişlər. Evlərində rahat yaşaya bilmirlər. Onlar artıq özlərinin və ailə üzvlərinin həyat və sağlamlığı üçün narahatdırlar. Buna görə çıxış yolunu cavabdehə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsində görmüşlər. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Qeyd etmək istəyirlər ki, mənzil 1930-cu ildə tikilmiş mənzildir, cəmi 2 yataq otağından ibarətdir və cavabdehlə birgə evdə 6 nəfər yaşayırlar. Mənzil Dəmir Yol vağzalının yaxınlığında yerləşir. "xxxx" MMC-nin 05 iyun 2024-cü il tarixli “Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabatından da göründüyü kimi mənzillərinin aylıq kirayə haqqı 100 manat təşkil edir. Məhkəmədə İddiaçı1 iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermis, cavabdehin onlara və analarına qarşı dözülməz hərəkətlər etdiyini xüsusilə vurğulayaraq, onunla bir yerdə yaşamalarının mümkünsüz olduğunu bildirmiş, iddiaçılara məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzildən Cavabdeh istifadə hüququna 4000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı2 nümayəndəsi, hər iki iddiaçıların vəkili Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermis, tərərflərini bir yerdə yaşamalarının mümkünsüz olduğunu bildirmiş, iddiaçılara məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzildə iddiaçılara məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzildən Cavabdeh istifadə hüququna 4000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, mənzilin ona məxsus olduğunu iddia etmiş, heç bir kompensasiya məbləği ilə razı olmadığını bildirmiş, sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 saylı mənzilin 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanda X6, X5, İddiaçı1, İddiaçı2, Cavabdeh, X3 qeydiyyatdadır. İş materiallarında olan Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 70.4 kv.m ümumi sahədən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin 19 mart 2025-ci il tarixinə bazar dəyəri 35850 (otuz beş min səkkiz yüz əlli) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2019cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 saylı mənzilin 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı1 yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 4000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan mənzilə köçməzdən əvvəl cavabdeh öz mülkiyyətində olan mənzilini başqa şəxsə satmışdır. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə hesab edir ki, iddiaçı tərəfin təklif etdiyi 4000 manat kompensasiya məbləği iddianın təmin edilməsi üçün yetərli məbləğdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 4000 manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 65/11 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar