Məhkəmə qərarları › İş №2(125)-1211/2022

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1211/2022

21.11.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1211/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Qənı̇ yev Teymur Elşad oğlunun cavabdeh Qasımov Eşqı̇ n İ̇lqar oğluna qarşı "podrat müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv olunması və ilkin ödəniş olaraq ödədiyi 8776 manat, əlavə söküntü üçün ödədiyi 1000 manat və kredit ödənişi olaraq ödədiyi 650 manat və əlavə olaraq dizayna olunmuş dəyişikliyə görə ödədiyi 2400 manat, ümumilikdə 12826 manat məbləğində pulun və 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə aralarında bağlanmış 21 noyabr 2021-ci il tarixli podrat müqaviləsinin ləğv olunması və ilkin olaraq ödədiyi 8776 manat, əlavə söküntü üçün ödədiyi 1000 manat, kredit ödənişi olaraq ödədiyi 650 manat və gecikdirilmiş hər gün üçün 10 manat olmaqla cəmi 2400 manat, ümumilikdə 12826 manat məbləğində pul və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən icraçı şəxsin öhdəlikləri kimi müqavilə bağlandığı gündən 10 iş günü ərzində təmir və ya tikintiyə başlamaq, göstərilmiş qiymətlərə və cədvələ uyğun olaraq yüksək səviyyədə və keyfiyyətdə təmir və ya tikintini başlamaq və təhvil vermək, materialların keyfiyyətinə və təmirin standartlarına uyğun olmasına cavabdeh olmaq, təmir bitdiyi gündən etibarən təmirin keyfiyyətinə 5 il zəmanət vermək, təmiri 3 ay müddətində tam təhvil vermək, 7 iş günü xaric olaraq təmirdə gecikmə baş verərsə, cavabdeh mənzil sahibinə hər gecikən gün üçün 10 manat cərimə ödəmək kimi öhdəliklər qeyd olunmuşdur. İcraçı şəxs Cavabdeh olmuşdur. Cavabdeh müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 81 m2 sahəsi olan mənzilini 3 ay müddətinə təmir etməyi, o isə ilkin ödəniş kimi 8776 manat, əlavə söküntü üçün 1000 manat, 18 ay müddətinə 648 manat olmaqla müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. O, ilkin ödəniş kimi 8776 manat, əlavə söküntü üçün 1000 manat, əlavə olaraq dizayna olunmuş dəyişikliyə görə 2400 manat və 1 aylıq ödəniş olan 650 manat pul məbləğini cavabdehə ödəmişdir. Cavabdeh müqavilə üzrə sifariş edilmiş mənzili müqavilə bağlandığı gündən 3 ay müddətinə hazır edərək ona təhvil verməyi öz üzərinə öhdəlik kimi götürsə də, mənzildə 15 günlük söküntü işləri aparmış, lakin daha sonra həmin işləri də yarımçıq qoymuşdur. O, dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, cavabdeh tərəfindən heç bir iş görülməmişdir. O, öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh ona müqavilədə göstərilən müddətdə mənzili təmir edərək təhvil verməmişdir. Cavabdeh tərəfindən demək olar ki, ümumiyyətlə heç bir təmir işi görülməmişdir. O, 23 may 2022-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək müqavilənin şərtlərini pozduğu üçün aralarındakı müqavilənin ləğv olunmasını və ilkin ödəniş olaraq ödədiyim 8776 manat, əlavə söküntü üçün 1000 manat, kredit ödəniş olaraq ödədiyi 650 manatı və əlavə olaraq dizayn olunmuş dəyişikliyə görə ödədiyi 2400 manat məbləğində pulun ona qaytarılmasını xahiş etsə də, cavabdeh tərəfindən bu məktubuna da 1 aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Daha sonra 17 iyun 2022-ci il tarixdə ikinci dəfə cavabdehin ünvanına pretenziya məktubu göndərsə də, həmin pretenziya məktubu da 10 gün müddətində cavablandırılmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarına gəlmədiyini bildirərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, o, sosial şəbəkədə cavabdehin yerləşdirdiyi elan əsasında cavabdehlə tanış olmuş və mənzilinin təmir-tikintisini cavabdehə həvalə etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofislərdən birində cavabdehlə görüşüb müqaviləni bilavasitə cavabdehlə bağlamış, cavabdehdən başqa hər hansı şəxsi tanımamışdır. O, müqavilə üzrə götürdüyü öhdəliyi müqavilələrdə nəzərdə tutulan qaydada icra etmiş, lakin cavabdeh tərəf müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. O, mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi istiqamətinə zəruri tədbirlər aparmışdır, lakin danışıqlar pretenziya qaydasında həll olunma heç bir nəticə verməmişdir və o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Bağladıqları müqaviləyə əsasən icraçı təmir-tikinti işlərini 3 ay müddətində yerinə yetirməli, gecikmə baş verərsə hər gecikən gün üçün 10 manat cərimə ödəməli idi. Müqaviləyə görə təmir işləri 21 fevral 2022-ci il tarixdə başa çatmalı idi. Lakin cavabdeh heç bir iş görmədən müqavilənin icrasından boyun qaçırmış və ona mesaj yazaraq çoxlu borclarının olduğunu, həbs olunmaq təhlükəsinin olduğunu bildirmiş və bundan sonra onunla əlaqə saxlamamışdır. Cavabdehə əlavə olaraq dizayn dəyişikliyi üçün 2400 manat pul ödəsə də həmin pulu nağd şəkildə, hər hansı qəbz almadan ödədiyi üçün hazırda həmin məbləği cavabdehdən tələb etmir. Hazırda müqavilənin icra müddətinin bitməsindən 270 gündən artıq vaxt keçmişdir. Buna görə də ödədiyi ödənişlərdən başqa cavabdehdən gecikdirilən hər gün üçün 10 manat olmaqla 2400 manat dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 21 noyabr 2021-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, sifarişçi İddiaçı ünvan 1 ünvanında yerləşən 81 kvm sahəsi olan mənzilin əsaslı təmirini Cavabdeh sifariş edir. İcraçı şəxs mənzili 3 ay müddətinə təmir etməyi, sifarişçi isə ilkin ödəniş kimi 8776 manat, əlavə söküntü üçün 1000 manat, 18 ay müddətinə 648 manat olmaqla müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə icraçının üzərinə təmirin gecikdirilməsinə görə 7 iş günü xaric olmaqla hər gecikdirilən gün üçün sifarişçiyə 10 manat cərimə ödənilməsi öhdəliyi qoyulmuşdur. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən sifarişçi icraçıya xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 648 manat ödəməyi öhdəsinə götürmüşdür. Cədvəldə tərəflərin imzası ilə iddiaçının xx.xx.2021-ci il tarixdə 650 manat ödəməsi təsdiq olunmuşdur. İddiaçı Cavabdeh ünvanlandığı pretenziya məktubundan görünür ki, Cavabdeh 21 noyabr 2021-ci il tarixli podrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyi üçün müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması və əks təqdirdə yaranan mübahisənin həlli üçün barəsində məhkəmədə iddia qaldırılması barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 27 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 114, mənzil 136 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə təmir işlərinin aparılması barədə razılaşmışlar. Muzdun məbləği 21440 manat müəyyən edilmiş, bundan 8776 manat ilkin ödənişin və əlavə söküntü üçün 1000 manat pulun qabaqcadan ödənilməsi, qalan məbləğin isə 18 ay ərzində hər ay 648 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş kimi 8776 manat pulun və əlavə söküntü üçün 1000 manat pulun ödənilməsi müqavilədə göstərilmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının müqavilə üzrə 650 manat ödəniş etməsi barədə qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuş və sifariş icra edilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulsa da həmin müqavilə "xxxx" MMC ilə bağlanmış hesab edilə bilməz. Belə ki, podrat müqaviləsinin tərəfləri sifarişçi və podratçı (icraçı) adlanırlar. Müqavilədə icraçı qismində məhz Cavabdeh göstərilmiş, onun "xxxx" MMC-ni təmsil etməsi müqavilədə göstərilməmişdir. Eyni zamanda müqaviləni Cavabdeh məhz öz adından, hüquqi şəxsdə tutduğu hər hansı vəzifə və ya hüquqi şəxsi təmsil etmə səlahiyyəti göstərilmədən imzalamışdır. Bu da müqavilənin məhz Cavabdeh ilə iddiaçı arasında bağlanılması nəticəsinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada mənzilin təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı ümumilikdə cavabdehə təmir işlərinin aparılması üçün muzd qismində qabaqcadan 10426 manat pul ödəmişdir. Cavabdeh müqaviləni pozduğu və bu pozuntu nəticəsində iddiaçının müqavilənin icrasına marağı qalmadığı üçün iddiaçı podrat müqaviləsinin ləğv edilməsini tələb etməyə haqlıdır. Eyni zamanda iddiaçının muzd qismində cavabdehə ödədiyi məbləğin geri qaytarılmasını da tələb etməsi əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi ləğv edilməli, yerinə yetirilməyən sifarişə görə ödənilmiş 10426 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə təmirdə gecikmə baş verəcəyi təqdirdə sifarişçiyə hər gecikdirilən gün üçün 10 manat dəbbə pulu ödənilməsi icraçının üzərinə öhdəlik qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqaviləyə görə cavabdeh təmir işlərini 3 ay ərzində, yəni 21 fevral 2022-ci il tarixədək yekunlaşdırmalı olduğu halda təmir işlərini həyata keçirməmiş, bununla da icranı 273 gün gecikdirmişdir. Məhkəmə iddia tələbinin həcmindən kənara çıxmadan gecikdirilmiş hər gün üçün 10 manat olmaqla, cəmi 2400 manat dəbbə pulunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 130 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 130 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Qənı̇ yev Teymur Elşad oğlu ilə cavabdeh Qasımov Eşqı̇ n İ̇lqar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh podrat müqaviləsi üzrə muzd kimi ödənilmiş 10426 (on min dörd yüz iyirmi altı) manat pul, 2400 (iki min dörd yüz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar