Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-123/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngə, 6 saylı fərdi yaşayış evinə dair cavabdehlər arasında ünvan 3ində bağlanmış 25 oktyabr 2021-ci il tarixli, 4Ə-416 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək ona məxsus Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngə, 6 saylı fərdi yaşayış evinə dair cavabdehlər arasında ünvan 3ində bağlanmış 25 oktyabr 2021-ci il tarixli, 4Ə-416 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 miras qalmış, ünvan 1 ünvanda 600 kvm torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Gəncə şəhəri 1 saylı Notariat Kontorunda 06 sentyabr 2012-ci il tarixli 2V-3-1884 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə əsasında əldə etmişdir. Mülkə dair hüquqları dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, ********** saylı çıxarış verilmişdir. Bacısı oğlu X7 Cavabdeh1 ilə ailə qurduqdan sonra bir müddət burada yaşamışlar. Belə ki, bacısı oğlu X7 ona müraciət edərək müvəqqəti olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən əl damına köçməyi xahiş etmiş, o da əl damına öz vəsaiti hesabına əl gəzdirərək onları həmin “C” literli ikiliyə köçürməklə ev alana kimi müvəqqəti olaraq onlara sığınacaq vermişdir. X1 və Cavabdeh1 ailəsi ilə birlikdə evdə qeydiyyatda olmaya-olmaya yaşamaları mülkiyyətçi olaraq onun mülkə dair hüuqlarını məhdudlaşdırır. O, əlavə olaraq ailə üzvülərinin sayına görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. X7 və Cavabdeh1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 600 kvm. torpaq sahəsində yerləşən fərdi yaşayış evində qanunsuz yaşamaları ona məxsus mülk üzərində qanunvericiliyin tələblərinə uyğun sərancam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırdıqları üçün onların ona məxsus mülkdən çıxarılmalarına dair məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-255/2021 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(104)-3241/2021 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-255/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-255/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və Gəncə şəhər İcra İdarəsinin icra məmurları tərəfindən icra olunaraq bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmişir. Həmin akt Cavabdeh1 tərəfindən də imzalamışdır. 10 iyun 2022-ci il tarixdə ünvanına gələn Gəncə şəhər Nizami rayon Bələdiyəsinin nümayəndəsi Cavabdeh2 adına torpaq vergisinə dair bildirişi təqdim edəndə bu mülkün ona məxsus olduğunu bildirmişdir. Bələdiyyə məmuru ona hazırda Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ünvan 3ində bağlanmış 25 10.2021-ci il tarixli 4Ə-416 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı Çıxarış verildiyini izah etmişdir. Ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 ünvanda 0.06 torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh2 adına necə keçməsindən xəbəri olmamışdır. Ona görə hesab edir ki, ünvan 1 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhər 3 sayl Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-416 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın verilməsi tam qanunsuzdur. Onun aidiyyəti üzrə müraciətinə baxılmasından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Türkiyə Respublikası Bursa 27-ci notariusunda onun adından Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 ünvandakı evini satmağı və s. səlahiyyətləri etibar etməyinə dair 08 oktyabr 2021-ci il tarixdə verilmiş 008925 nömrəli etibarnamədəki imza və yazılar ona məxsus deyil. O, Cavabdeh1 evini satması üçün etibarnamə verməmişdir. O, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmir, heç vaxt ölkədən xaricə, o cümlədən Türkiyə Respublikasına getməmişdir. 08 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində Təcili-X5 stansiyasında işdə olmuşdur. Əvvəllər evini satmaq fikri olmuş, lakin sonradan satmaq fikrindən daşınmışdır. Lakin nə Günel adlı şəxsi tanımır, nə də Pərvanəyə heç bir etibarnamə verməmişdir. Hazırda da fasiləsiz olaraq həmin evdə yaşayır. Günel adlı şəxsi heç vaxt görməmişdir. Onun öz övladı olmadığı üçün və yazığı gəldiyi üçün bacısı oğlu Dunaya və ailəsinə sığınacaq vermişdir. Sonradan isə məhkəməyə müraciət edərək onları evdən çıxarmışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Cavabdeh1 tapşırıq vermiş, həmin etibarnaməni isə iddiaçının bacısı oğlu və Cavabdeh1 keçmiş əri Dunay vasitəsilə Cavabdeh1 göndərmişdir. Türkiyə Respublikasında hər-hansı sənədin saxtalaşdırılması qeyri-mümkündür. İddiaçı həmin vaxt Türkiyə Respublikasından özü notarial qaydada təsdiq edilmiş etibarnamə göndərmişdir. Digər Cavabdeh2 isə sözügedən fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən notariusun depozit hesabına 25 000 manat pul ödəməklə almışdır. Belə olan halda iddiaçı ya evi, ya da pulu Cavabdeh2 verməlidir. Buna görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmənin 19 sentyabr 2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, sözügedən mənzilə dair çıxarış alğı-satqı müqaviləsinə əsasən verilmişdir. Hesab edir ki, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. 08 oktyabr 2021-ci il tarixli 008925 nömrəli etibarnamənin surətindən görünür ki, Türkiyə Respublikası Bursa 27-ci notariusunda X10 tərəfindən Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, 6 nömrəli evini satması və s. səlahiyyətləri etibar etmişdir. 25 oktyabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı əvəzinə onun adından Türkiyə Respublikası Bursa 27ci notariusunda 08 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 verilmiş 27 reyestr nömrəli etibarnamə əsasında Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 ünvandakı evi alıcı Cavabdeh2 25000 manata satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(044)- 255/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X7 və Cavabdeh1 uşaqları X4 və X9 uşaqları ilə onlara məxsus ev əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən torpaq sahəsindən və həmin torpaq səhəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(104)-3241/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(044)-255/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən X7, Cavabdeh1 uşaqları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, 6 nömrəli evdən çıxarılmışlar. Gəncə şəhər Təcili və X5 Stansiyasının 26 avqust 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Gəncə şəhər Təcili X5 Şöbəsində xadimə vəzifəsində işləmiş, 19 iyul 2022-ci ildə 65 yaşı tamam olduğundan işdən azad edilmişdir. 2021-ci ilin oktyabr ayının 8-də gündüz növbəsində saat 8:00-dan 20:00-dək növbədə olmuşdur. xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 09 avqust 2003-cü il tarixdən Gəncə şəhəri, Bayan küçəsi 3-cü döngə 6 saylı evdə qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2021-ci il ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Gəncə şəhər TTTYS-nin işçilərinin 2022-ci ilin may və iyun ayları üçün tabelin surətindən görünür ki, İddiaçı Təcili və X5 stansiyasında (kiçik tibb işçisi) 8 oktyabr 2021-ci il tarixdə saat 8:00-dan 20:00-dək işdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-c il tarixli 4/1886 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından Cavabdeh1 adına olan 08 oktyabr 2021-ci il tarixli 008925 nömrəli (Türkiyə Respublikası Bursa 27-ci notarius) etibarnamədəki “Zohde memmedova okudun” əlyazlamaları və qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 3-cü döngə, ev 6 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh1 həmin evin alğı-satqısına dair Türkiyə Respublikası Bursa 27-ci notariusunda təsdiq edilmiş 08 oktyabr 2021-ci il tarixli 008925 nömrəli etibarnamə əsasında 25 oktyabr 2021-ci il tarixdə İddiaçı adından Cavabdeh2 ilə müqavilə bağlamış, həmin müqavilə əsasında ev üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Türkiyə Respublikası Bursa 27-ci notariusunda təsdiq edilmiş 08 oktyabr 2021-ci il tarixli 008925 nömrəli etibarnamə İddiaçı tərəfindən imzalanmamış, İddiaçı həmin vaxt ümumiyyətlə Türkiyə Respublikasında olmamış, belə bir etibranamə verməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq opnu evdən çıxarmağı tələb etməklə yanaşı həmin evin satılması üçün sonuncuya etibarnamə verməsinin də heç bir məntiqi izahı yoxdur. Nəzərə almaq lazımdır ki, etibarnamənin və alğı-satqı müqaviləsinin tarixi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən sonra, həmin qətnamədən şikayətə əsasən qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(104)-3241/2021 nömrəli qətnaməsindən isə qısa müddət öncəyə təsadüf edir. Gəncə Apellyasiya Məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh1 isə İddiaçı onun çıxarılmasını tələb etdiyi evin satılması üçün ona etibarnamə verməsi, həmin evi Cavabdeh2 satması, İddiaçı həmin evin mülkiyyətçisi olmaması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə icra edilərkən də Cavabdeh1 qeyd edilən əsaslarla icraya etiraz etməmişdir. Cavabdeh2 isə alğı-satqı müqaviləsinin üzərindən uzun müddət keçməsinə baxmayaraq hazırkı iddia qaldırılanadək heç vaxt “aldığı” evə gəlməmiş, İddiaçı evi boşaldıb ona təhvil verməsini tələb etməmişdir. Bu da hər iki cavabdehin də alğı-satqı müqaviləsinin qeyri-qanuni yolla bağlanmış olmasından məlumatlı olduğunu göstərir. Məhkəmə qeyd edir ki, 25 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız müqavilədir və həmin müqavilə əsasında Cavabdeh2 Gəncə şəhəri, Bayan küçəsi 3-cü döngə 6 saylı evə mülkiyyət hüququnun qeydə alınması əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337-ci maddəsində etibarsız əqdlər əhəmiyyətsiz və mübahisə edilən əqdlər olmaqla iki növə bölünür. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı adından daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi bağlamağa səlahiyyətli olmamış, onun tərəfindən notariusa təqdim edilmiş etibarnamə İddiaçı tərəfindən verilməmişdir. Buna görə də Cavabdeh1 ilə Cavabdeh2 arasında İddiaçı məxsus olan evin alğı-satqısına dair müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Etibarsız əqd heç bir hüquqi nəticə yarada bilmədiyindən Gəncə şəhəri, Bayan küçəsi 3-cü döngə 6 saylı evə mülkiyyət hüququ Cavabdeh2 keçməmişdir. Odur ki, həmin ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan və 138 manat ekspertiza xərcindən ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 138 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Gəncə şəhəri 3 saylı Notariat Ofisində bağlanmış Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngə, 6 nömrəli fərdi yaşayış evinin satılmasına dair 25 oktyabr 2021-ci il tarixli, 4Ə-416 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngə, 6 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul cavabdehlər X8 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-123/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-123/2023
14.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver