Məhkəmə qərarları › İş №2(125)-127/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-127/2024

04.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-127/2024 04.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında onun evi ilə olan ara məsafədə tikinti normalarını pozmaqla inşa edilmiş və onun mülkiyyət hüquqlarını pozan tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4nvanında yerləşən fərdi yaşayış evi 2016-cı ildən ona məxsusdur, cavabdeh isə onun qonşusudur. Cavabdehin evi ünvan 1 ünvanında yerləşir. Əvvəllər cavabdehin evi ilə onun evinin arasında təxminən 3 metrə yaxın ara məsafəsi olmuş, 2023-cü ilin əvvəllərindən etibarən cavabdeh təmir-tikinti işləri aparmağa başlamışdır. Cavabdeh evinin quruluşunu dəyişib, evlərin arasında olan ara məsafə sahəsini ləğv etmiş və ara məsafədə divar inşa edərək evini tam olaraq onun evinə birləşdirmişdir. Həmçinin cavabdeh evinin damını onun evinin damından təxminən 40-50 sm yuxarı qaldırmışdır. Beləliklə də, cavabdehin damının novu onun damının novunun üzərini bağlamışdır. Buna görə də yağış yağan zaman yağış suları evinin divarlarından axıb evin içərisinə dolur. Həmçinin novun təmizlənməsi qeyri-mümkün edildiyindən bu da gələcəkdə novun çirklənərək tutulması və novdan suyun axmaması nəticəsində yağış sularının tamamilə evə dolması və ona xeyli ziyan vurulması ilə nəticələnəcək. Bundan başqa, cavabdeh həyət tərəfdən də bina tikir, həmin tikinti onun evinin qarşısında olan çardağın bir hissəsini də tutmaqla oradan havanın və günəş şüalarının evə düşməsinin qarşısını alır. Bu da evində rütubətin yaranmasına səbəb olacaqdır. O, dəfələrlə cavabdehə müraciət edərək həmin əlverişsiz tikililərin sökülərək tikinti normalarına uyğun tikilməsi barədə xəbərdarlıq etmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymur, öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur. İddia tələbinə görə cavabdehin inşa etdiyi tikililər tamamilə qanunsuzdur, həmin tikililəri inşa etmək üçün cavabehin müvafiq orqanlardan hər hansı icazəsi, planı və layihəsi yoxdur. Buna görə də, 2023-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhər İcra Hakimiyyəti başçısına şikayət məktubu ünvanlayaraq cavabdeh barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdeh elektron qaydada məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia tələbi tam əsassızdır, sözügedən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir, öz torpaq sahəsində təmir-abadlaşdırma işləri görmüşdür, gördürdüyü işlərin heç biri iddiaçının mülkiyyət hüquqlarına zidd deyildir. İddiaçı ərizəsində göstərir ki, əvvəllər onun evi ilə iddiaçının evi arasında 3 metr məsafə olmuş, o isə evinin quruluşunu dəyişdirib ara məsafəsini ləğv etmişdir, ara məsafədə divar inşa edərək evini iddiaçının evinə birləşdirmişdir. İddiaçının yazdığından da məlum olur ki, onun evi tərəflərin ara barısına bitişik olmuş, cavabdehin evi ara barısından 3 metr aralıda, öz həyətində olmuşdur və cavabdeh öz torpağında olan 3 metr aralıqda iş gördürmüşdür. Etirazda qeyd edilir ki, cavabdehin öz torpağının hər hansı bir hissəsində öz istəyinə uyğun iş gördürmək hüququ var, iddiaçının isə buna etiraz etmək hüququ yoxdur. Əgər iddiaçının evi ara barısına bitişikdirsə, cavabdehin də öz tərəfindən ara barısına bitişmək hüququ vardır. Bundan başqa, guya cavabdehin evinin yağış suyu iddiaçının divarlarına axıb evinin içərisinə zərər vurması ilə bağlı etirazda qeyd edilir ki, cavabdehin novdanı öz tərəfindədir, onun novdanından iddiaçının evinə su axması mümkün deyildir. Cavabdehin tikintisinin iddiaçının evi qarşısında olan çardağın bir hissəsini tutmaqla guya hava axını və günəş şüalarının qarşını alması ilə bağlı qeyd edilir ki, cavabdehin tikilisi iddiaçının evinin hava axını və günəş şüalarının qarşısını ala bilməz, çünki tikililərin hündürlüyü eyni səviyyədədir. Tikintilərin icazəsiz tikilməsi ilə bağlı isə qeyd edilir ki, cavabdehin tikilini özbaşına aparmağı, plan və layihəsinin olub-olmamağı mübahisələndirməyə iddiaçının subyektiv hüququ yoxdur. Onun həyətində apardığı təmir, abadlıq işlərinin iddiaçıya heç bir aidiyyəti yoxdur, cavabdeh tərəfindən iddiaçının hüquqlarını kobud pozan qanunsuzluğa yol verilməmişdir. İddiaçının məhkəməyə müraciət etməkdə məqsədi hər hansı hüquqlarının pozulması ilə bağlı deyildir, mülki hüquqlardan sui-istifadə etməklə cavabdehə zərər vurmaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək ekspertiza rəyi ilə tanış olduqlarını, 1-ci sual üzrə razı olduqlarını, 2-ci sual üzrə cavabın natamam olduğunu bildirdi, eyni zamanda, əlavə etdi ki, iddiaçı və cavabdehin evləri qonşudur, iddiaçının evi ilə cavabdehin evi arasında əvvəllər mövcud olan 4-5 metr ara məsafəsi cavabdeh tərəfindən birləşdirilib, cavabdehin evinin damı iddiaçının evinin damını üstələyib, iddiaçıya məxsus nov bağlanıb, həm təmizlik, həm də yanğın təhlükəsizliyi baxımından qanun normalarına uyğun deyil, həmçinin cavabdeh evinə artırma edibdir. Eyvanda hava axınının və günəş işığının qarşısı kəsilmişdir. Həmçinin iddiaçının damı pis vəziyyətə düşmüş, damın iddiaçı tərəfindən təmir olunması zərurəti yaranmışdır. Nəticədə novdan axan suyun evə dolması təhlükəsi yaranmışdır. Belə ki, cavabdehin evinin mövcud olan ölçüləri ilə evə məxsus texniki pasportdakı texniki göstəricilər üst-üstə düşmür. Həmçinin cavabdeh sözügedən qanunsuz tikili üçün müvafiq icra hakimiyyəti orqanından icazə almamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh həmin tikilini öz mülkiyyətində olan torpaq sahəsində tikib, bütün barılar bir-birinə bitişikdir, tikinti-inşaat normaları və yanğın təhlükəsizliyi baxımından bitişik evlər çoxdur, onda gərək həmin evlər də sökülsün, hər bir evin öz küçəsi var. İddia ərizəsində göstərilən əsaslar fərdi yaşayış evinin sökülməsi üçün kifayət etmir və ancaq ehtimallara əsaslanır. Sözügedən tikilinin inşa edilməsi üçün icazə alınmasına ehtiyac yoxdur, bu cavabdehin hüququdur. Mübahisəli tikili iddiaçıya məxsus fərdi yaşayış evində nə hava axınının, nə də günəş işığının qarşısını almır, həmçinin bəhs olunan nov cavabdehə məxsus hissədə olmaqla, iddiaçının barısından keçmir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkilinin izahatını təsdiqlədi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarına görə, ünvan 4nvanda yerləşən 0,048 ha torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6901/2023 nömrəli, vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-218 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən Cavabdeh satılmış, xx.xx.2015-ci il tarixli, **********45-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2015-ci il tarixli, **********45-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adına olan ünvan 3 ünvanında yerişən fərdi yaşayış evi ümumi sahəsi 86.6 kv.m, yaşayış sahəsi 43.6 kv.m, köməkçi sahəsi 43.6 kv.m olan iki yaşayış otağından ibarət olub, yerləşdiyi torpaq sahəsi 0.0240 ha-dır. Fərdi yaşayışın evinin tərkibinə (həyət tikili və qurğuları) 22.6 kv.m olan tövlə daxildir. İddiaçı iddia edir ki, cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini söküb yenidən inşa edərkən qonşu sahəni nəzərə almamış, ara məsafəsini gözləməmiş, onun mülkiyyətində olan fərdi yaşayış evinin işıqlandırılmasına və havalandırılmasına maneçilik törədərək tikinti normalarını və onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı onun mülkiyyətində olan yaşayış evinin yerləşdiyi mülkiyyətində olan torpaq sahəsinin hasarına cavabdeh tərəfindən bitişik tikilmiş tikililərin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Tələbinin əsası kimi iddiaçının istinad etdiyi halların mövcud olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb olunan bir sıra suallara cavab verilməsi zərurəti yarandığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmətikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsində, iddiaçıya məxsus ünvan 4nvanda yerləşən fərdi yaşayış evinin qonşuluğunda yeni (sonradan) tikili (və ya tikililər) inşa edilmişdirmi, edilmişdirsə nə vaxt inşa edilmişdir və həmin tikililər tikinti norma və qaydalarına, eləcə də fərdi yaşayış evinin texniki pasportuna uyğun inşa edilmişdirmi, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsində yeni tikili (və ya tikililər) inşa edilmişdirsə, həmin tikililər qonşuluqda, iddiaçının mülkiyyətində olan ünvan 4nvanda yerləşən fərdi yaşayış evinin istismarına hər hansı maneə yaradırmı kimi suallar qoyulmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/7697 nömrəli rəyi ilə cavabdehə məxsus həmsərhəddə inşa edilmiş əlavə tikililərin iddiaçı ilə onun arasında olan sərhəd hasarına bitişik, eləcə də sözgedən əlavə tikililərin bir hissəsinin isə həmin sərhəd hasarının üzərində qismən onun içərisinə doğru inşa edildiyini və eyni zamanda həmin tikilinin inşa edilməsi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsində (Yanaşı divarlar) qeyd olunan iki qonşu arasında notariat qaydasında təsdiq olunmuş razılığın hazırda qərardada əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı nəzərə alınaraq, aparılmış tikinti işlərinin qanunvericiliyin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmişdir. Rəyə görə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsində yeni tikili (və ya tikililər) inşa edilmişdirsə, həmin tikililər qonşuluqda, iddiaçının mülkiyyətində olan ünvan 4nvanda yerləşən fərdi yaşayış evinin istismarına hər hansı maneə törədib-törətməməsinin müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş foto şəkillərlə, eləcə də məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus torpaq sahələri qonşu sahələr olmaqla, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə giriş Gəncə şəhəri, Sürəyya Qacar küçəsindən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə giriş isə Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəndir. Hər iki fərdi yaşayış evi tərəflərin özlərinə aid torpaq sahəsində yerləşir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin yerində yeni birmərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evində də yeni tikililər inşa edilmiş, hər hansı nəmişlik halı müəyyən olunmamışdır. Həmçinin, cavabdehə məxsus həmsərhəddə inşa edilmiş əlavə tikililərin iddiaçı ilə onun arasında olan sərhəd hasarına bitişik, eləcə də sözügedən əlavə tikililərin bir hissəsinin isə həmin sərhəd hasarının üzərində qismən onun içərisinə doğru inşa edildiyi müəyyən edilmişdir. Tərəflərin fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri arasında sərhəd hasarının mövcudluğunu adi gözlə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, işin mübahisəsiz halına görə tərəflərə məxsus fərdi yaşayış evləri onların hər birinin xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin sərhəddində yerləşir, cavabdeh özünə məxsus torpaq sahəsində əvvəlki 86,6 kv metrdən ibarət fərdi yaşayış evini söküb özünün mülkiyyətində olan torpaq sahəsində yeni birmərtəbəli ev inşa etdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndində göstərilir ki, (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi barədə texniki rəy verməlidir. Qaydaların 4.2-ci bəndində isə göstərilir ki, şəhər (rayon) icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz çizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd edir ki, ekspertizanın rəyinə əsasən cavabdeh tərəfindən aparılmış tikinti işlərinin qanunvericiliyin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilsə də, bu tikililər iddiaçının iddiası əsasında sökülə bilməz. Əvvəla ona görə ki, cavabdeh həmin tikililəri özünün mülkiyyətində olan torpaq sahəsində inşa etdirmişdir. Digər tərəfdən isə cavabdehin inşa etdirdiyi tikililərin iddiaçının mülkiyyətində olan ünvan 4nvanda yerləşən fərdi yaşayış evinin istismarına hər hansı maneə törətməsi barədə iş materiallarında mötəbər sübut yoxdur. Başqa sözlə, həmin tikililərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı formada zərər vurması iş materialları ilə müəyyən edilmir. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı həmin tikilinin sökülməsi tələbini irəli sürməkdə subyektiv hüquqa malik olsa da, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatlarının iddia olunan yerdə üst-üstə düşməsi (işin bu halını tərəflər özləri təsdiq edirlər), yəni hər bir tikilinin mülkiyyətdə olan torpaq sahəsində yerləşməsi iddianın uğurluluq ehtimalını aradan qaldırır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni cavabdeh tərəfindən torpaq sahələrinin kəsişməsində, bitişik şəkildə inşa edilmiş tikililərin onun evinin havalandırılmasının və işıqlandırılmasının qarşısını alması, hər hansı qaydada ziyan vurması, istismara maneə yaratması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.). Həmin Məcəllənin 172-ci maddəsinin tələbinə görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Məcəllənin 173-cü maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məcəllənin 70.1-ci maddəsində göstərilir ki, tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Həmin Məcəllənin 71-ci maddəsində qeyd olunur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Məcəllənin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəf mülkiyyətlərində olan torpaq sahələrində tikili inşa edərkən aralarında razılığa gələ bilərdilər. Lakin belə razılığın olmaması eyni hüquqi statusa malik olan bir mülkiyyətçinin digər mülkiyyətçidən sonradan inşa edildiyinə əsaslanıb, özünün torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evini sökməsini tələb etməyə əsas vermir. Məhkəmə bir daha vurğulayır ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 152.5, 170.2, 171.1 və 171.2-ci maddələrinin mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası təmin olunmamalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar